96 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Elizabetin 1986-cı ildə Avstraliyanın Sidney şəhərində yazdığı məktub ölümündən sonra gündəm olub.
Teleqraf.com xəbər verir ki, kraliçanın Sidneydəki Kraliça Viktoriya Sarayının bərpası ilə bağlı yazdığı məktubun 2085-ci ilə qədər açılmayacağı bildirilib.
II Elizabet məktubu Sidney merinə göndərib. Məktubda mer üçün göstərişlərin olduğu da qeyd olunub.
Məktub “Avstraliyanın Sidney şəhərinin dürüst və hörmətli lord merinə” müraciəti ilə başlayır.
Kraliça məktubun üzərində Sidney merinə xitabən qeyd edib: “2085-ci ildə seçdiyiniz münasib gündə bu zərfi açıb Sidney vətəndaşlarına mesajımı çatdırardınızmı?”
Kraliçanın xahişi qəbul edilsə də, onun məktubda nə yazdığı hələ də sirr olaraq qalacaq.
Britaniya mətbuatı yazır ki, kraliça çox güman məktubda tarixi binanı xilas etdikləri üçün Sidney sakinlərinə təşəkkür edir.