30 Noyabr 2022 20:58
3 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir aydan çoxdur ki, bu barədə araşdırma aparıram. Fransa Müqavimət Hərəkatında Almanlara qarşı partizan hərəkatında iştirak edən Əhmədiyyə Cəbrayılovla birgə döyüşlərdə iştirak etmiş Ceyran xanım haqqında məlumat əldə etmək üçün yazmadığım yer qalmadı.

Rusiya arxivlərinə, Fransa arxivlərinə yazdığım məktublar cavabsız qalırdı. Amma inadım inad idi, axırda qısa da olsa bu xanım haqqında bilgi əldə edə bildim.

Öncə sizə iki şəkil təqdim edirəm.

1) Ehtimala görə bu xanım Ceyran xanımın özüdür.

2) 1975-ci ildə Əhmədiyyənin Fransaya səfəri zamanı Ceyran xanımın məzarı üstündə.

Əhmədiyyə Cəbrayılov haqqında miflər çoxdur, düzü əksərinə inanmıram. Amma Ceyran xanımın varlığı haqqında kimə müraciət elədim, hər kəs eşitməmişəm dedi. Necə ola bilər ki, Fransanın azad olunması uğrunda canından keçmiş bu xanım barədə məlumat olmasın?

Soyadı barədə tam məlumat əldə etmək mümkün deyil, çünki sovetlər dövründə Avropa müqavimət hərakatında xidmət keçənlərə qarşı represiyyalar edilirdi və çoxlarının sənədləri sadəcə yandırılırdı.
Əldə etdiyim ilkin məlumata görə Ceyran xanım 1908-ci ildə Bakı şəhərində anadan olub, peşə təhsili alıb və eyni zamanda tikinti mütəxəssisi olmaq üçün Moskvaya köçür. Təhsil ala ala Moskva metropoliteninin tikintisində çalışıb. İkinci dünya müharibəsi başlayandan sonra Orduya könüllü yazılıb və Ukrayna cəhbəsində xidmət edib.

Döyüşlərin birində əsir düşür, Fransada Rodez yaxınlığında hərbi düşərgədə saxlanılır. İlk olaraq ona Azərbaycan Legionunda xidmət etmək təklifi edilir. 1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar fransız kommunistləri ilə əlaqə yaratdılar və Averyon vilayəti müqavimət hərəkatının rəhbəri, kommunist polkovnik Rişard azərbaycanlı əsirlərin qaçıb partizanlara qoşulması üçün "Azrodez" - Rodezdəki azərbaycanlılar parolunu müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən qaçan hərbi əsirlər fransız vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında yerləşən "Sovet vətənpərvərlərinin hərbi komitəsi" adlanan təşkilatla birləşirdilər. Bunlar içində Ceyran xanım da var idi.

Almanların əlindən xilas olan xanım barədə Əhmədiyyə Cəbrayılov eşidir və onu öz yanına aparır. Ceyran xanım qısa zamana bütün partizanların sevimlisinə çevrilir və onun dəmlədiyi çay bütün partizanlar arasında məhşur olur. Partizanlar öz aralarında "Ceyran çayxanası" adı verdikləri yerə gəlir və onun dəmlədiyi çayı içirdilər. Ceyran xanım eyni zamanda döyüşlərdə də fəal iştirak edib və Larzak, Kursaq, Mand, Nim və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşmuşdur. Döyüşlərin birində isə alman snayperin hədəfinə tuş gəlib qəhrəmanlıqla ölmüşdür. Ceyran xanım haqqında əldə etdiyim məlumatlar budur amma araşdırma davam edir.

Hətta "Uzaq sahillərdə" filimindən sonra "Ceyran"adlı film çəkilməsi planı olub, ədəbiyyatımızı ideya-bədii cəhətdən öz əsərləri ilə zənginləşdirən yazıçılarımızdan biri də İmran Qasımov Fransaya səfər edərək Ceyran xanım haqqında məlumatlar toplamağa çalışsa da heç nə əldə edə bilməmişdir deyə film çəkilməsi planı pozulmuş idi, nəticədə isə 1975-ci ildə İmran Qasımov bədii təxəyyül əsasında "Ceyran" povestini yazıb.

Zaur Əliyev, dosent


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər