Yay aylarında temperaturun yüksəlməsi insan orqanizmində bir çox pozulmalara səbəb olur. Yüksək qan təzyiqi və ürək xəstəliyi riskləri artır, bədənin maye balansında pozulmalar baş verir. Sağlamlığımızı qorumaq üçün qidalanma vərdişlərimizi nizama salmaq qaçılmazdır. Yayda necə qidalanmaq lazımdır?
Mövzu ilə bağlı dietoloq Əfsanə Əliyeva Teleqraf.com-a danışıb.
“Yaya aylarında məhsulların bolluğu sağlam olmayan qidalanmaya səbəb ola bilir. Bədənin maye və mineral itirdiyi bu dönəmdə qidalanmaya xüsusi diqqət etmək, qidaları qarışdırmamaq lazımdır. Yay mövsümündə bədənin suya olan ehtiyacı çoxalır. Daha çox su içmək lazımdır. Su qəbizliyin qarşısının alır, onun orqan və toxumaların qorunması, bədəndən toksinlərin təmizlənməsi kimi bir çox funksiyaları var.
Bədənimizin susuz qaldığını göstərən ilk əlamətlərdən biri qan təzyiqinin azalmasıdır. İsti havalarda həddindən artıq tərləmə yolu ilə natrium və kalium kimi minerallar su ilə birlikdə bədəndən çıxarıldığı üçün bu, halsızlıq, nəbz zəifliyi, yorğunluq və qan dövranının pozulmasına səbəb ola bilər. Maye itkisinin qarşısını almaq üçün gündə ən az 2-2,5 litr su içməyə diqqət yetirilməlidir.
Çay, qəhvə, meyvə şirəsi və digər içkilər suyu əvəz etmir. Yayda lifli qidalara üstünlü vermək lazımdır. Ən çox lif ehtiva edən qida qrupuna paxlalılar daxildir. Bu cür qidalar az yağlı və kalorili olmaqla yanaşı, həm də xolesterolu salan təsirə malikdir. Vitamin və lif istehlakınızı artırsanız özünüzü daha tez tox hiss edəcəksiniz.
Yemək saatlarına da diqqət etmək lazımdır. Tez-tez yemək maddələr mübadiləsini sürətləndirməyə kömək edəcək. Qidaların yağ kimi saxlanmasının qarşısını alacaq. Uzun müddət, 4-5 saat ac qalmaq olmaz”.
Dietoloq deyir ki, yağlı qidalardan, qızartma xəmir, kolbasa kimi məhsullardan uzaq durun:
“Bunun əvəzinə az yağlı və yə qaynadılmış qidalar seçin. Fiziki fəaliyyətinizi artırın. Nə qədər çox hərəkət etsəniz, bir o qədər çox kalori yandırırsınız.
Səhər yeməyi günün ən vacib yeməyidir. Yay aylarında səhər yeməyində az yağlı pendirlər, zeytun və təzə tərəvəzlər olmalıdir. Tərkibində kofein olan içkilər yerinə yarı yağsız süd, meyvə şirəsi, cökə, qızılgül kimi bitki çaylarına üstünlük verilməlidir. Nahar çox gec olmamalıdır.
Dondurma, meyvəli desertlər yay üçün ən yaxşı seçimdir. Ancaq şəkər miqdarına da çox diqqət etmək lazımdır. Yay aylarında qaymaqlı və mayonezli qidalardan uzaq durmaq lazımdır. Bu qidalar tez xarab olur və həzm baxımından orqanizmə gərginlik yaradır. Sağlam qidalanma qaydalarını həyata keçirin. Az və tez-tez yeməyə, uzun müddət ac qalmamağa diqqət edin.
Hər qida qrupunun orqanizm üçün fərqli faydaları var. Adekvat və balanslı qidalanma dörd qida qrupundan kifayət miqdarda qida qəbul etməklə əldə edilir. Bu qidalar süd qrupunda süd və qatıq, ət qrupunda ət, toyuq, yumurta, pendir və paxlalılar, tərəvəz və meyvə qrupunda olan məhsullardır".