15 İyun 00:35
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan gələn günlərdə müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu bayram günlərində niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyacı olan insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcəklər.

Qurban bayramı İbrahim peyğəmbərin oğlunu Allah yolunda qurban verməyə hazır olması ibadətlə xatırlanır. Həmin gün İbrahim peyğəmbər yuxuda Allaha qurban kəsməli olduğunu görür və bunu öz oğlu İsmayıla danışır. O da Allah yolunda qurban olmağı qəbul edir.

Bəs digər dinlər bu ibadəti necə həyata keçirirlər? Hinduizm, Yəhudilik və Xristianlıqda qurban kəsilirmi?


Yəhudilik

İslam tarixinin yəhudilik və xristianlıq dini ilə oxşar cəhətləri var. İngiltərədə yaşayan ravvin Qari Somers bildirir ki, yəhudi mətnlərində hər biri müəyyən vaxt və məkanda edilən qurbanlar təsvir edilir: “Biz artıq qurban kəsmirik, çünki bu mərasimlərin keçirildiyi məbəd artıq mövcud deyil”.

Amerika Yəhudi Universitetinin vitse-prezidenti, ravvin Bredliy Artson da Romalılar tərəfindən İkinci Məbədin dağıdılmasından sonra yəhudilikdə heyvan qurbanına icazə verilmədiyini deyir: “Bir çox yəhudi onun həmişəlik qadağan olunduğuna inansa da, bəziləri Məsihin gəlişi ilə yenidən qurban kəsiləcəyinə inanır”.

Yəhudilərin Məbəd olaraq göstərdikləri yer, bu gün Əl-Əqsa məscidinin yerləşdiyi Qüdsdəki Məbəd dağına aiddir. Yəhudilər heyvanların qurban kəsilməsinə qayıda biləcəklərinə inanaraq, bu məbədin yenidən qurulması üçün dua edirlər.

Ancaq Yerusəlimdəki Samariyalılar kimi bəzi qruplar hələ də yəhudi dini təqvimində ən mühüm bayramlardan biri olan Pasxa bayramında qurban kəsirlər. Bəzi qruplar qurbanlıq heyvanın dəyərinə bərabər ianə verirlər.

Yəhudilikdə qurban kəsiləcək heyvan, istər qoyun, istər camış, istər inək, istərsə də keçi, kəsim və ya “koşer” üçün dini baxımdan uyğun olmalıdır.

Dr. Artson yəhudilikdə qurban ibadətinin tarixini belə izah edir: "Yalnız koşer heyvanlarının kəsilməsinə icazə verilirdi; onlardan bəziləri qurbangahda yandırılır, bəziləri ruhanilərin ailələrinə verilir. Bəziləri isə bayram edənlərin özləri və ailələri tərəfindən yeyilirdi".

Qurbana ibadət yəhudiliyin üç mühüm bayramında: Pasxa, Şavuot və Sukkotda diqqəti cəlb edir.

Ravvin Gary Somers izah edir ki, heyvan qurbanları Roş-Haşana (yəhudilərin Yeni ili) və Yom Kippur (Kəffarə günü) bayramlarında da kəsilirdi.

Yəhudilərin müqəddəs kitablarında İbrahim peyğəmbərin qurban kəsilməsi əhvalatı da qeyd olunur.


Xristianlıq

Xristianlığın kökləri yəhudiliyə əsaslanır və İncilin ibrani dilində yazılmış birinci hissəsi Əhdi-Ətiq adlanır.

Dəkkədəki Kafrul Katolik Kilsəsinin keşişi Proşanto T Rebeiro Əhdi-Ətiqdəki rəvayətlərə əsasən qurbanın müxtəlif dini bayramlarda səhər və axşam saatlarında kəsildiyini deyir. O dövrdə tövbə və bağışlanma ümidi ilə heyvan qurbanlığı edilirdi.

Lakin Xristianlıqda bu dini ənənə artıq tətbiq edilmir, çünki İsa Məsihin ölümü son qurban kimi qəbul edilir.

Hinduizm

Hinduizmdə heyvanların qurban verilməsi ilə bağlı fikir ayrılıqları olsa da, hinduların bir hissəsi bunu edir. Hindistanın və ya Banqladeşin bir çox yerlərində Durqa Puja və Kali Puja kimi festivallar zamanı dini ayinlərdə heyvanlar qurban verilir.

Eramızdan əvvəl 1500 illərdə Veda dövründə heyvanların qurban verilməsinin lazım olduğuna inanılırdı.Bununla belə, müasir Hindistanda heyvanların qurban kəsilməsi praktikası ilə bağlı ekspertlər arasında müxtəlif fikirlər mövcuddur.

Hindistanda bir çox qruplar könüllü olaraq müxtəlif məbədlərdə heyvan qurbanlarının kəsilməsini dayandırıb və dini məqsədlər üçün heyvanların kəsilməsinin qadağan edilməsini müdafiə ediblər.

Şri-Lanka və Nepalda yaşayan hindular heyvanların qurban verilməsini qadağa sayır. Lakin bu qadağa heç də həmişə müşahidə edilmir.


Müəllif: Arzu

Oxşar xəbərlər