8 Avqust 22:20
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Sent-Luisdə (ABŞ) yerləşən dünyanın ən böyük qədim şəhərlərindən biri, əvvəllər hesab edildiyi kimi, XIII əsrin sonlarında iqlim dəyişikliyi səbəbindən birdən-birə yox olmayıb.

Teleqraf.com xəbər verir ki, 50 mindən çox insanın yaşadığı, mürəkkəb yolları, meydanları və astronomik rəsədxanası olan Kaxokiya adlı şəhərin sakinləri daha yaxşı həyat axtarışı ilə köçdükcə tədricən boşalıb.

İndiyə qədər elm adamları hesab edirdilər ki, Kaxokiya sakinləri iqlim dəyişikliyi uzun sürən quraqlıq və məhsul itkilərinə səbəb olduqdan sonra şəhəri tərk ediblər. Bununla belə, Vaşinqton Universitetinin tədqiqatçıları Kaxokiya sakinlərinin iqlim dəyişikliyinə uyğunlaşa biləcək qədər ağıllı olduqlarını, buna görə də şəhəri tərk etmək üçün başqa səbəblərin olduğunu üzə çıxarıblar.

Kaxokiya arxeoloji sahəsindən əldə edilən məlumatları təhlil edən elm adamları quraqlıq hesab edilən dövrdə ərazidə bitən bitki növlərində köklü dəyişiklik olmadığını aşkarlayıblar.

Tədqiqatın həmmüəllifi Natali Müller deyir ki, ciddi məhsul çatışmazlığının baş verdiyi bir ssenaridə çöl otlarının yayıldığına dair heç bir sübuta rast gəlinməyib.

Tədqiqatın digər müəllifi Keytlin Renkin də hesab edir ki, quraqlıq olsa belə, bu, insanları şəhərdən qaçıracaq formada olmayıb: “Bəlkə də onlar quraqlığın təsirini hiss etməmişdilər”.

Tədqiqatçılar ehtimal edirlər ki, o zamanın inkişaf etmiş cəmiyyətində quraqlıq dövründə onları saxlaya biləcək taxıl və digər məhsullar üçün saxlama sistemləri olub.

Elm adamlarına görə, o zamanın cəmiyyəti balıq, quş, maral, yabanı meyvələr və qoz-fındıqların daxil olduğu müxtəlif qidalara uyğunlaşıb. Yəni bəzi qida mənbələri yoxa çıxsaydı belə, bütün dövr ərzində qidalanmağa davam edəcək məhsullar ola bilərdi.

Alimlər söyləyirlər ki, qədim şəhərin tərk edilməsi mərhələli proses olub.

“Minlərlə insanın qəfil şəhərdən qaçdığı bir ssenarini təsəvvür edə bilmirəm. Yəqin ki, insanlar qohumlarına daha yaxın olmaq və ya başqa imkanlar tapmaq üçün yayılıblar”, - Müller vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər