28 Sentyabr 19:28
3 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerusəlim (İsrail) yaxınlığındakı səhra mağarasında tapılan qədim toxumdan yetişən ağacın qatranı Müqəddəs Kitabda (Bibliya) bəhs edilən müalicəvi balzamın mənbəyi ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Independent”nin araşdırmasında deyilir.

Nəşr 1980-ci illərin sonlarında Yəhudi səhrasındakı mağarada qəribə toxumun tapıldığını xatırladıb. Bu, 993-1202-ci illər arasında olan dövrə aiddir. Uzun illərdir toxumu cücərtməyə çalışan tədqiqatçılar artıq yetişən fidana “Şəba” adını veriblər. Alimlər DNT analizi sayəsində ağacın Afrika, Madaqaskar və Ərəbistan yarımadasında yayılmış unikal Commiphora ailəsinə aid olduğunu müəyyən ediblər.

“Tədqiqatçılar Şəba ağacının Bibliya dövründə yalnız Cənubi Levantın səhra bölgəsində yetişdirilən “Yəhudi balzamı” və ya “Yəhudeya balzamı”na namizəd ola biləcəyindən şübhələnirlər. Yəhudi balzamı e.ə. VIII-IV əsrlərdə Ellin, Roma-Bizans və post-klassik dövrlərin ədəbiyyatlarında geniş şəkildə təsvir edilib”, - materialda bildirilir.

O da məlumdur ki, Bibliya mətnlərində “Tsori” adlandırılan ağacın qatranı qədim dünyada yüksək qiymətləndirilib və Roma İmperiyasına ixrac edilib. Əvvəlki araşdırmalara görə, qatran ətir, buxur, katarakta dərmanı, balzam və zəhərə qarşı antidot kimi istifadə edilib. Amma Yəhudi balzamı IX əsrdə Levantda yoxa çıxıb.

Yeni bir araşdırmada elm adamları fidanın yarpaqlarının antiinflamatuar xüsusiyyətlərə malik bioloji aktiv birləşmələrə malik olduğunu aşkar ediblər.

Tədqiqatçılara görə, unikal genetik izi olan Commiphora ailəsinin naməlum növü olan Şəba Bibliya mətnlərində qeyd olunan və vaxtilə bölgədə bitmiş, amma nəsli kəsilmiş bir bitkini təmsil edə bilər. Ancaq fidan hələ çiçək və meyvə verməyib. Alimlərin fikrincə, hazırda ağacın böyüdüyü mühit onun çiçəklənməsi və çoxalması üçün əlverişsiz ola bilər.

“Bu məhdudiyyətlərə baxmayaraq, qədim Commiphora toxumunun Yəhudi səhrasında cücərməsi onun təxminən 1000 il əvvəl bölgədə mövcudluğunun ilk sübutunu və adı Bibliyada keçən, qiymətli dərman “Tsori” qatranında istifadə edilən yerli ağac və ya bitkilərlə eyniliyi göstərir”, - nəşr vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər