Teleqraf.com hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:
- Novella xanım, son günlər bir sıra görüşlər və müzakirələr aparmısınız. Bu haqda məlumat verə bilərsinizmi?
- Əsasən, Avropa İttifaqı və Avropa Şurasının, habelə Bakıda fəaliyyət göstərən bir sıra diplomatik korpusların nümayəndələri ilə görüşürük. İnsan haqları, ümumi durum, QHT-lərin vəziyyəti və digər məsələləri müzakirə edirik. Əlbəttə, bizi QHT-lərin durumu narahat edir.
- Hökumət nümayəndələri ilə müzakirələriniz varmı?
- Biz İnsan Hüquqlarına dair Birgə İşçi Qrupunda təmsil olunuruq. Bu Qrupda bizimlə bərabər hökumətin müxtəlif strukturlarının təmsilçiliyi mövcuddur. Yəni belə kontaktlarımız mövcuddur. Lakin ayrılıqda da hakimiyyət nümayəndələri ilə görüşürük. Məhz bu görüşlərin nəticəsidir ki, Rauf Mirqədirova 3 aylıq icazə veriblər. Eləcə də yaxın günlərdə Emin Millinin qohumuna da ölkədən çıxmağa icazə verəcəklər. Bir sözlə, belə məsələləri həll edirik. Fikrimcə, belə dialoq bizi ölkə olaraq irəliyə aparır.
- Atatürk hava limanında baş verən terror hadisəsinə münasibətiniz necədir?
- Əvvəla, Azərbaycanda bir insan belə tapılmaz ki, İstanbulda baş verən partlayışa başqa prizmadan baxsın. Doğrudan da, Türkiyəyə dəyən zərbə sanki bizə dəyir. Odur ki, hamımız Türkiyədə belə hadisələrin olmasından əzab çəkirik. Sanki Türkiyə irəliyə bir addım atanda bədxahları onu yolundan saxlamağa çalışır. Bu zaman terrordan, cinayətdən istifadə etməkdən çəkinmirlər. Biz, əlbəttə ki, Türkiyədə baş verən terror hadisəsini pisləyir, türk xalqının yanında olduğumuzu ifadə edirik. İkincisi, diqqətlə baxanda görürük ki, Türkiyə ilk öncə İsrail dövləti ilə əlaqələri qaydaya salmaq, münasibətləri əvvəlki şəklə gətirmək üçün addımlar atmağa başladı. Bununla paralel olaraq Rusiya ilə soyuq münasibətləri də yoluna qoymaq xətti seçildi. Və belə bir ərəfədə Atatürk hava limanında terror hadisəsi törədildi. Biz Türkiyənin İsrail və Rusiya ilə münasibətləri yoluna qoymaqla bağlı addımlarına sevindik, amma bundan bir gün sonra terror hamımızın qol-qanadını qırdı. Ümid edirəm ki, Türkiyə tez bir zamanda özünə gələcək və yoluna davam edəcək.
- Atatürk hava limanında baş verən terror düşmənlərinin Ankaranın İsrail və Rusiya ilə yaxınlaşmasına bir cavab idi?
- Bu versiya da mümkündür. Eləcə də Türkiyənin İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmaya qarşı fəaliyyətinə cavab da ola bilər. Hər fərziyyə mümkündür. Odur ki, konkret demək olmaz ki, bu terror məhz bu iddia əsasında həyata keçirilib. Hazırda terrorla bağlı mütəxəssis rəyləri, istintaq prosesi aparılır. Yəqin ki, sonda bu terrorun törədilməsinin səbəbləri açıqlanacaq. Ancaq şəxsən məni bu terrorun nəyə görə törədildiyi maraqlandırmır. Məni maraqlandıran odur ki, axı nəyə görə, müsəlman müsəlmana qarşı belə qəddardır. Niyə görə, gündəmdə terror ancaq müsəlmanlarla bağlıdır? Bütün bunlar məni narahat edir. Belə olmamalıdır. Terrorun Türkiyədə olması ciddi narahatlıq yaradır.
- Son terror hadisəsində Qərb ölkələrinin “əməyi” varmı?
- Mən belə düşünmürəm. Qənaətim belədir ki, bu terror hadisəsini PKK və ya İŞİD adlı terror təşkilatları həyata keçirib.
- Ancaq bəllidir ki, PKK və İŞİD adlı örgüt də hansısa Qərb dövlətlərinin nəzarətindədir...
- Bəli, burada ola bilsin ki, doğru deyirsiniz. Amma hesab etmirəm ki, beynəlxalq təşkilatlar, qabaqcıl dövlətlərin bunda marağı olsun. Yəni Amerika, Avropanın belə bir niyyətinin olması və Türkiyəyə qarşı bu formada qəddar addım atması inandırıcı deyil. Həm də terror aktından sonra prezident Obama dərhal Türkiyə prezidentinə zəng açdı. Eləcə də Avropanın bəzi ölkələri Türkiyəyə başsağlığı verdi, həmrəyliyini nümayiş etdirdi. Odur ki, inanmıram ki, bu terrorda Qərb və ya Avropanın əli olsun.
- Bu zaman ortaya sual çıxır: terrorda məqsəd nə idi?
- Məqsəd Türkiyəni sarsıtmaq, parçalamaq, geriyə atmaq, qorxu xofu yaratmaqdır. Eləcə də insanların Türkiyəyə gəlməsinin qarşısını almaq, bu ölkəni təhlükəli ölkə kimi təqdim etməkdir. Ancaq bunu düşünənlər və edənlər məqsədlərinə çatmayacaq.
- Türkiyə-İsrail yaxınlaşmasının hansı nəticəsi və müsbət tərəfləri ola bilər?
- Bunun bir sıra istiqamətlər üzrə yaxşı nəticələri olacaq. Əvvəla, hər iki dövlət, xüsusilə, Türkiyə iqtisadiyyatı irəli düşəcək. Eləcə də bu ölkələr arasında tarixən yaxın münasibətlər olub. Hesab edirəm ki, İsraillə yaxınlaşma Türkiyəni bir çox məsələlərdə gücləndirəcək. Həm də terrorizmə qarşı mübarizədə bu iki dövlət böyük işlər görə bilərlər. Eyni zamanda Türkiyə-İsrail arasında hərbi tərəflər güclənəcək. Odur ki, bu iki dövlət arasında münasibətlərin yaxşılaşdırılması mühüm siyasi gedişdir.
- Rusiya ilə yaxınlaşma Türkiyəyə nə verəcək?
- Uzun illər Rusiya Türkiyə üçün ən böyük bazar olub. Münasibətlərin yaxşı olması türk mallarının Rusiyaya daxil olmasına imkan yaradıb. Eyni zamanda Rusiya vətəndaşları turizm məqsədilə Türkiyədən istifadə ediblər. Nəticədə bundan hər iki dövlət qazanıb. Xüsusilə, bu münasibətlərin yaxşı olması Türkiyə üçün vacibdir. Odur ki, bu addım da Türkiyənin xeyrinə olacaq.
- Türkiyənin Rusiya və İsraillə münasibətlərini yaxşılaşdırmasının Azərbaycana təsiri nədən ibarət ola bilər?
- Azərbaycan həm Rusiya, həm də İsraillə yaxşı münasibətlər qurub. Xüsusilə, İsraillə münasibətlərimiz yüksək səviyyədədir. Türkiyənin bu ölkələrlə isti münasibətlər mərhələsinə qayıdışının bizə mənfi təsiri ola bilməz. Ümumiyyətlə, Türkiyənin Rusiya və İsraillə yaxınlaşmasında Azərbaycanın böyük rolu olub.
NEMƏT