Bu günlərdə tarixə “QKÇP” kimi düşən məşhur olayların 25 ili tamam oldu. Qeyd edək ki, həmin hadisələrin mahiyyətində keçmiş SSRİ rəhbərliyinə daxil olan bir qrup radikal mühafizəkar kommunistin imperiyanı qoruyub saxlamaq niyyəti dayanırdı. Radikal mühafizəkarlar SSRİ-nin vitse-prezidenti Gennadi Yanayevin başçılığı altında dövlət çevrilişi edərək SSRİ prezidenti Mixail Qorbaçovu vəzifədən kənarlaşdırdılar. Buna baxmayaraq dövlət çevrilişinə cəhd uğursuzluqla nəticələndi.
RSFSR prezidenti Boris Yeltsinin başçılığı ilə demokratik qüvvələr birləşərək QKÇP-yə qarşı çıxdılar. Beləlikə də, SSRİ-nin qorunub saxlanılmasına yönəlmiş sonuncu inamlı cəhd dəf edildi. QKÇP 1991-ci il avqustun 18-dən 22-dək duruş gətirə bildi. Bundan sonra SSRİ-nin dağlması prosesi sürətləndi. Avqustun 22-də Boris Yeltsin Sov.İKP-nin buraxılmasına dair fərman imzaladı. Daha sonra müttəfiq respublikalarda “suverenlik paradı” başladı. Müttəfiq respublikalar bir-birlərinin ardınca dövlət müstəqilliklərini elan etdilər. O cümlədən avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
O günlərin canlı şahidi və proseslərin aktiv iştirakçısı, xalq hərəkatının fəallarından, hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü olan Sahib Məmmədovla söhbətimiz də bu barədədir.
– Sahib bəy, belə fikirlər var ki, QKÇP Mixail Qorbaçovun özü tərəfindən hazırlanmış bir ssenari idi. Bu fikrin tərəfdarları iddia edirlər ki, “QKÇP”ni öz xarici məsləhətçiləri – polittexnoloqları ilə birgə Mixail Qorbaçov təşkil etmişdi. O, Krımda – Forosdakı iqamətgahında bütün proseslərə nəzarət edirdi, məqsədi SSRİ-ni və Sov.İKP-ni dağıtmaq idi və istədiyinə də çatdı. Siz bu fikirləri bölüşürsünüzmü?
– Əvvəla, o hadisədən artıq 25 il keçdi. Məsələ ondadır ki, indi çox şey deyilə bilər və heç nə də istisna deyil. Xüsusi xidmət orqanlarının, yaxud hakim elitanın elə sirləri olur ki, yüz illər sonra açılır, yaxud ümumiyyətlə açılmır. Amma o dövrdə proseslərin içərisində olan, onu aktiv müşahidə edən şəxs kimi mən o fikirlə razı deyiləm. Çünki Qorbaçov SSRİ-ni saxlamaq və özü də onun başında qalmaq istəyirdi. Bunun üçün müxtəlif manevrlər edirdi. Artıq Baltikyanı ölkələrin SSRİ-nin tərkibində qalmayacağı bəlli idi. Ona görə də müxtəlif formatlar var idi. O formatlardan biri də 6+1 idi. Yəni, Mərkəzi Asiya respublikaları, Azərbaycan və Rusiyanın iştirakı ilə belə bir format düşünülmüşdü.
Bundan əlavə, Baltikyanı ölkələr olmadan respublikaların konfederativ şəkildə yenidən birləşməsi və sair formatlar var idi. Yəni, bütün bunlar dağılmaqda olan SSRİ-nin xilas edilməsi üçün Qorbaçovun etdiyi cəhdlər idi. Amma ümumiyyətlə, Qorbaçov “islahatlar”a başlayanda bəlli idi ki, bu islahatlar ölkəni uçuruma aparır. İqtisadiyyat sahəsində başladığı islahatlar tez tənəzzülə uğradı. Məsələn, neftin qiyməti düşmüşdü, SSRİ-yə onsuz da heç yerdən vəsait gəlmirdi. Gəlir mənbələrindən biri də alkoqollu içkilər idi ki, ona qarşı da kampaniya başlatmışdı. Onun ziyanını ən çox çəkən respublika biz olduq. Həmin vaxt bütün üzümlükləri məhv etdik. Müxtəlif iqtisadi islahat planları vardı. Pavlovun bir eybəcər pul islahatı oldu və sair. Hamısı uğursuz idi.
Eyni zamanda siyasi uğursuzluğun əsasını, elə Dağlıq Qarabağda separatçılığın stimullaşdırılmasını da Qorbaçovun özü qoymuşdu. Qarabağda başlanan separatçılıq tezliklə bütün ittifaqa yayıldı. Artıq siyasi islahatlara da yer yox idi. Yəni, vəziyyət belə idi. Amma Qorbaçovun ətrafında xeyli mühafizəkar qüvvələr var idi ki, onlar bu halla barışmaq istəmirdilər və o qiyam son uğursuz cəhd idi. Yaxşı ki da uğursuz oldu. Çünki bundan sonra artıq proseslər SSRİ-nin dağılmasını tam labüd etdi və Belovejsk müqaviləsinə gətirdi. Rusiya, Ukrayna və Belarusun bağladığı müqavilə əslində SSRİ-nin ləğvi idi. Bundan sonra Qorbaçov postundan getdi. Belə deyək qansız şəkildə SSRİ süquta uğradı. Baxmayaraq ki, o vaxtadək bir neçə qanlı hadisələr olmuşdu. O cümlədən ən böyük qanlı hadisə 1990-cı ilin yanvarında Bakıda olmuşdu. Biz SSRİ-nin süquta uğramasını gözləmədən oktyabrın 18-də müstəqilliyimizi elan etmişdik.
– Yəni, Siz hesab edirsiniz ki, Qorbaçov SSRİ-nin qalmasını istəyirdi…
– O, reanimasiya planları üzərində işləyirdi. SSRİ koma vəziyyətinə düşmüş xəstəyə bənzəyirdi. Ondan əvvəl martın 17-də SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilmişdi. Naxçıvan istisna olmaqla Azərbaycan SSRİ-nin qalmasının lehinə səs vermişdi. Naxçıvan seçkilərdə iştirak etməmişdi, boykot etmişdi. Amma Azərbaycanın qalan hissəsində səsvermə keçirilmişdi və guya xalq SSRİ-nin saxlanmasına səsə vermişdi. Amma bu mümkün deyildi. 20 yanvar qırğınından sonra xalq heç bir halda SSRİ-nin saxlanmasına səs verə bilməzdi. Çünki o vaxt nifrət həddən artıq böyük idi. O dövrü yaşayanlar bilir. Qorbaçova, SSRİ-yə, Kommunist Partiyasına, ümumiyyətlə, rus qoşunlarına o qədər nifrət böyük idi ki, o vaxt xalq heç bir halda SSRİ-nin saxlanmasına səs verməzdi. Həmin vaxt Azərbaycanda fövqəladə vəziyyət idi. Qiyamın son günlərində Xalq Cəbhəsinin binasına hücum təşkil olundu. Ondan sonra mitinqlər dalğası başladı və ən nəhayət proseslər 18 oktyabra gətirib çıxardı. Yəni, Qorbaçov cəhd edirdi ki, SSRİ-ni hansısa bir formada saxlasın. O anlayırdı ki, SSRİ əvvəlki formada qala bilməz və Baltikyanı respublikaları saxlaya blməyəcək.
Amma yerdə qalan respublikaları vahid dövlət şəklində vahid ordu və vahid xarici siyasət olmaqla saxlamaq istəyirdi. Qiyam onun son cəhdlərini də alt-üst etdi. Bir daha qeyd etmək istəyirəm ki, Qorbaçov SSRİ-ni reanimasiya etmək istəyirdi və onun planında qiyam şousu olmayıb. Mənim fikrimcə, QKÇP şou deyildi. Bu, sadəcə olaraq Qorbaçovun ətrafındakı mühafizəkar qüvvələrin son cəhdi idi. Bu fikri qüvətləndirən amil həm də odur ki, cəmi bircə günə bütün idarəetmədə köhnə sistemə qayıdış cəhdi oldu. Bütün idarə və müəssisələrin partiya komitələrində toplantılar keçirildi, fəalları repressiyalara məruz qoymaq planları hazırlandı. İdarə və müəssisələrə tapşırıldı ki, artıq bütün proseslər qurtardı, əvvəlki dövrə – SSRİ dövrünə qayıdırıq. Mənim işlədiyim müəssisə də daxil olmaqla Azərbaycanda az qala hər yerdə bir günün içərisində təşkil olundu və keçirildi. Partiya komitələrinin hamısına belə deyək, bir ruh gəldi.
– Həmin vaxt harda işləyirdiniz?
– Mən o vaxt “Metrostroy” adlandırılan Tunel Tikintisi İdarəsində işləyirdim. İdarə ittifaq tabeliyində idi, iri müəssisə sayılırdı. Bakının az qala bütün rayonlarında müəssisələri var idi. Eyni zamanda mən fəhlə lideri, bütün trestin tətil komitəsinin sədri, Xalq Cəbhəsinin dayaq dəstəsinin sədri idim, rayon üzrə Xalq Cəhbəsinin rəhbərliyində var idim. Respublikada siyasi tətil hərəkatına ilk olaraq biz başlayırdıq. Çünki bizdə növbə gecə saat 12-də başlayırdı. “Metrostroy” xalq hərəkatında çox fəal pozisiya tutub. O vaxt Səttarxan adına zavodu Nemətə görə çox böyük piar edirdilər. Amma əslində belə deyək, çox fəal müəssisələr var idi və onlardan biri də biz idik.
– Qiyam günlərini necə xatırlayırsınız?
– Həmin gün mən səhər növbəsində işə gəldim. Hələ heç nədən xəbərim yox idi. Səhər 6-da oyanmışdım, saat 7-də növbəni təhvil almalıydım. Televiziyanı açmadan işə gəlmişdim. “Əcəmi” stansiyasından sonrakı yeni xəttin tikintisini həyata keçirirdik. İndi zeytun bağlarının yerində işləyirdik. Geyinib tunelə düşəndə gördüm ki, idarənin rəisi salam vermədən yanımdan keçib getdi. Başqa vaxtı çox xoş görüşürdülər. Nəsə ürəyimə damdı. Mən şaxtaya gedib işə başlasam da, nigaran idim ki, görəsən nə baş verib. Özümdən asılı olmayan səbəbdən həyəcanlı idim. Sonra mənə ordan xəbər göndərdilər ki, sən işləmə, get idarəyə. Bir hadisəni danışım. Şaxtada şaxta liftinin işlənməsinə dair təlimat vardı. SSRİ-nin saxlanmasına dair 6+1 formatını nəzərdə tutaraq təlimatın altındakı boş yerə yazmışdım ki, “6+1=çurban respublikalar ittifaqı”. Bir-iki yerdə belə sözlər yazmışdım. Gördüm hamısını qoparıblar. Nə isə, idarəyə getdim.
Gördüm idarədə rəhbərlik oturub məni gözləyir. İçəri keçən kimi kağızları göstərib dedilər ki, sən Sovet hökumətinin əleyhinə yazılar yazmısan və sair və sair. Məni hədələdilər, dedilər ki, get, artıq səninlə başqaları – hüquq-mühafizə orqanları məşğul olacaq. Artıq Dövlət Təhlükəsizlik Komitəsi də maraqlanırdı. Mən onsuz nəzarətdə idim. Çox narahat halda çıxdım. Özümə görə yox. O vaxt gənc idik, qorxu hissi yox idi. Amma bu proseslərə görə çox üzgün halda, yavaş-yavaş piyada “Nizami” metrostansiyasına yaxın idarəmizdən çıxıb Xalq Cəbhəsinin qərargahına getdim. Gördüm hamı toplanıb, Elçibəy çox sakit halda, təmkinlə çıxış edir. Orda bir az özümə gəldim. O danışırdı ki, bunlar olan şeylərdir, bunlar olacaq, bu çox davam edə bilməz, SSRİ imperiyadır və o dağılmalıdır, başqa yolu yoxdur. Bütün bunlar hamısı cəhddir. Uzaqbaşı bu qiyam da 5-6 ay çəkə bilər. Bir az özümə gəldim. Axşam da televiziyada Yeltsinin gündüzdən tankın üstündə etdiyi məşhur çıxışını göstərəndə artıq özümüzə gəldik.
– Belə bir hipotetik sual vermək istərdim. Qiyam baş tutsaydı, müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda xalq hərəkatı fəallarının taleyi necə ola bilərdi?
– Proseslərin gedişindən asılı olacaqdı. QKÇP tam, qəti qələbə çalsaydı, 1917-ci ilin oktyabr inqilabından sonra Solovki adasından tutmuş Sibirə, Maqadana qədər həyata keçirilən repressiyalar həyata keçiriləcəkdi. O vaxt güllələnmə hökmü də qüvvədə idi. İndi hərə özünə müvafiq olaraq öz payını alacaqdı. Başqa variant yox idi. Amma açıq, səmimi deyim ki, çox cəsarətli idik. Biz 20 yanvarda güllələrin altından çıxmış adamlar idik. Tam səmimi deyirəm ki, QKÇP-nin o hissəsi bizi maraqlandırmırdı da. Əsas o proseslərin uğursuzluğa düçar olması bizi üzürdü. O vaxt biz elə bilirdik ki, hər şey bizim əlimizdədir. Elə bilirdik ki, biz çox möhtəşəm dövlət quracağıq, dərhal çiçəklənəcəyik, dərhal bütün problemlər həllini tapacaq. Amma sonra Qarabağ məsələsi, müharibə, ərazilərimizin itirilməsi, hakimiyyət böhranı, respublikanın dağılması prosesi, ümumiyyətlə, Azərbaycanın parçalanmaq və bir dövlət kimi məhv olmaq üzrə olduğunu gördük. Biz o vaxt eyforik vəziyyətdə idik. İnqilabi romantizmin təsiri daha güclü idi. Hesab edirdik ki, biz hətta inqilabı ixrac edəcəyik, böyük Turan dövləti quracağıq və sair. Bütün bu böyük arzulardan sonra səhər yuxudan durub görürsən ki, bütün bunlar yoxdur. Artıq əvəlkilər sənə bir şirin yuxu kimi gəlir. Bütün bunlar insana çox pis təsir edir. Heç təsvir etmək mümkün deyil ki, insan nə qədər əzilir.
– Təxminən bolşeviklər qalib gəldikdən sonra həyata keçirdikləri “qırmızı terror” olacaqdı…
– Təsəvvür edin ki, SSRİ-də proseslər miqyasından bu qədər çıxmışdı, baxmayaraq ki, bu hərəkata icazə verilmişdi, bəzi hərəkətlərimiz legitim idi, Xalq Cəbhəsi qeydə alınmışdı. Amma müvafiq dövlət orqanları hamısı işləyirdi və hamının siyahısını tuturdu. Məsələn, şəxsən məni izləyən adamla çox sonradan, o təqaüdə çıxdıqdan sonra bir dəfə təsadüfən rastlaşdım. O dedi ki, mən sizi izləyirdim, mənə verilən tapşırıq bundan ibarət idi ki, ancaq sizinlə bağlı məlumatlar toplayım və sair. Bir az iri çıxmasın, çünki o vaxt bizim rolumuz çox böyük idi. Yəni, belə deyək hamı uçotda idi. Artıq adamları axtarmaq, üzə çıxarmaq üçün əməliyyat tədbirləri keçirməyə ehtiyac yox idi. Məsələn, Türkiyədə indi qiyamçıları tapmaq üçün əməliyyatlar keçirilir. Amma o vaxt bilinirdi ki, kim kimdir. Hamı üzdə idi, kimin rolu nədən ibarət idi. Kim birinci, kim beşinci dərəcəli idi, hamısı bilinirdi.
– Qiyamın uğursuz olmasını şərtləndirən başlıca amil nə oldu; Moskvada insanların küçələrə çıxaması, yoxsa başqa səbəblər?
– Bilirsiniz, küçələrə çıxdılar, amma silahlı qüvvələr, yəni qiyamı edənlər xalqı əzməyə hazır idi. Çünki bu həmin dövlət idi ki, 1968-ci ildə Praqada, ondan əvvəl 1956-cı ildə Budapeştdə qiyamları çox qanlı şəkildə yatırtmışdı. Eyni zamanda əvvəl Tiflisdə, daha ən qanlı formada milli azadlıq hərəkatına yatırmaq üçün Bakıda qırğına getmişdisə, 1991-ci ilin avqustunda da buna getməyə hazır idi. Sadəcə o zaman onlar təşəbbüsü əldən verdilər və Yeltsinin rəhbərliyi ilə Moskvada başlanan proseslər, xalqın təşkil olunması və silahlı qüvvələrin bir hissəsinin xalqın tərəfinə keçməsi, müqavimət göstərmək istəməməsi nəticəsində qiyam alınmadı. Elə ilk gün – avqustun 19-u günorta Yelstinin tankın üzərinki məşhur çıxışı oldu. Təsəvvür edin ki, mən o günlərdə elə bilin ki, ölüb qalmışdım. O çıxışı televiziyada axşam izlədikdən sonra sanki mənə və digər hamıya ruh gəldi və ümid yarandı ki, bu provokasiya baş tutmayacaq.
– Məni həmişə bir sual düşündürür; ruslar Yeltsinin başçılığı ilə niyə QKÇP-yə qarşı çıxdılar? Başqa sözlə, onlar SSRİ-nin dağılmasında niyə görə maraqlı idilər?
– Hələ Xruşşovun vaxtında SSRİ-nin bu cür getməyəcəyi bəlli idi. İlk dəfə Xruşşov islahatlar etməyə cəhd göstərdi və onu devirdilər. Brejnev dövründə neftin qiymətinin kəskin qalxması və sair hallar əmin-amanlıq dövrü yaratdı. O dövrdə SSRİ bir az ömrünü uzatdı. Artıq 80-ci illərin ortalarında böhran çox dərin idi. Mən o vaxt SSRİ-nin Sakit Okean Donanmasında hərbi dənizçi idim və gəlib Polşaya, Qdanska çıxmışdıq. ABŞ başda olmaqla Qərb artıq sosializm sisteminin içərisinə yara salmışdılar. Qərb sosializm sistemi zəncirini qırmaq üçün onun zəif həlqəsini tapmışdı. Həmin zəif həlqə Polşa idi. Orda çox böyük iş gedirdi. İndiki ABŞ fondlarının – Şərqi Avropa İnstitutu, məşhur NED-in yaradılması və fəaliyyəti gözümün qabağında oldu. Hamısı sosializmi çökdürmək üçün fəaliyyət göstərirdilər. Bir tərəfdən bu cür fəaliyyətlə, digər tərəfdən də iqtisadi baxımdan SSRİ-ni çökdürməklə məşğul idilər.
Nefti sudan 4-5 dəfə ucuz etdilər. SSRİ-ni əvvəlcədən böyük layihələrə, o cümlədən silahlanma yarışına çəkdilər. Bundan əvvəl isə SSRİ artıq Əfqanıstanda böyük maddi itkiyə məruz qalmışdı. Eyni zamanda əsaslandırılmamış Baykal-Amur Magistralının tikintisi və sair layihələr SSRİ-ni çökdürmüşdü. Heç nəyi yox idi, iflasa uğramışdı. Qorbaçov istədi ki, onu dirçəltsin. SSRİ bir sistem kimi çürümüşdü. Ona görə də o cəhdlər alınmadı və SSRİ dağılırdı.
Yeltsin də Sov.İKP-nin 1987-ci il plenumundakı çıxışından sonra vurulub bir qırağa atılmışdı və onun qisas hissi var idi. Yeltsin avqustun 22-də elə Qorbaçovun yanında “Kompartiya”nın buraxılmasına dair fərman imzaladı. Onu deputatların qarşısında təhqir elədi. Yəni, Yeltsin dönüb olmuşdu islahatçı. Qərb onu sözün ya yaxşı, ya da pis mənasında öz təsirinə salmışdı. O, artıq Qorbaçova qarşı qoyulmuşdu. SSRİ-nin dağılmasında Yeltsinin rolu vardı. Bir bu amil vardı, bir də şəxsən hakimiyyəti ələ keçirmək və Qorbaçovdan intiqam almaq planı idi. Bunun ən yaxşı variantı da bu idi ki, SSRİ dağılır, Rusiya özü müstəqil bir dövlət olur, Baltikyanı ölkələr gedir, yerdə qalan respublikaların bazasında yeni Müstəqil Dövlətlər Birliyi yaranır. Bilirsiniz ki, Azərbaycan MDB-yə qoşulmadı, sonradan – rəhmətlik Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qoşuldu.
Yəni, SSRİ-nin dağılması prosesi gedirdi və onun qarşısını almaq mümkün deyildi. SSRİ adlı dövləti saxlamaq mümkün olmayacaqdı. Hətta, Yeltsin başqa yolla hakimiyyəti ələ keçirsəydi, SSRİ rəhbəri olsaydı, o artıq saxlaya bilməyəcəkdi. Əvvəla bu onun özünün irəli sürdüyü şüarlara zidd idi, o, Yanayev kimi SSRİ-ni bərpa edə bilməzdi. Odur ki, Yeltsin axıradək getdi və SSRİ dağıldı. Eyni zamanda milli-azadlıq prosesi gedirdi. Baltikyanı ölkələrdə böyük aksiyalar keçiririlirdi. Üç respublikanın əhalisi əl-ələ tutub 300 kilometr uzunluğunda sərhəd yaratmışdı. Bu, “Ginnesin rekordlar kitabı”na da düşüb. Azərbaycanda “Azadlıq” meydanına bir neçə milyon adam yığılırdı. Gürcüstanda proseslər gedirdi, Qarabağ ətrafında ermənilər məkrli siyasət həyata keçirməyə başlamışdılar. Mərkəzi Asiyada Fərqanə hadisələri baş vermişdi. Vilnüsdə teleqüllənin tutulması prosesi, Bakıda, Tiflisdə qırğınlar baş vermişdi. İqtisadi çöküş fonunda böyük siyasi, iqtisadi tətillər baş alıb gedirdi. Yəni, iqtisadi sxem pozulmuşdu. Nəyisə silah gücü ilə saxlamaq mümkün olmayacaqdı.
Bəlkə də, “QKÇP” abreviaturası yeni nəsil üçün tamamilə heç nə demir. Həmin dövrdə uşaq olan, yaxud həmin dövrdə, ondan sonra dünyaya gələn insanlar üçün “QKÇP” dərslikdə oxunun materialdan başqa heç nə demək deyil. Amma köhnə nəsil üçün o böyük bir mərhələdir, böyük bir hadisədir. “QKÇP” SSRİ-nin dağılmasında əsaslı dönüş rolu oynayan, yaxud SSRİ-nin dağılmasına nöqtə qoyan bir prosesin başlanğıcıdır. O vaxt çoxlu tarixi hadisələr baş verirdi, amma onların piki, finalı avqust qiyamı idi.
Səxavət HƏMİD