"İnsanları inandırmağa çalışırlar ki, onlar müxalifət, Müsavat isə satqındır"
Teleqraf.com Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqovla müsahibəni təqdim edir.
- Yadigar bəy, Milli Şuranın Müsavat Partiyasının planlaşdırdığı mitinqdən bir gün əvvələ özünün mitinqini təyin etməsindən sonra sizdə son durum necədir?
- Bizdə hazırlıq gedir. Bu gündə mitinq komitəsinin iclası olacaq. Bir sözlə hazırlıqlar gedir. Bəzi təşkilatlarla da müzakirələr aparırıq.
- AXCP sizdən bir gün əvvəl aksiya keçirəcək. Bu Müsavatın mitinqinə mənfi təsir göstərəməyəcək?
- Biz Milli Şuranın mitinqindən öncə onlara dəstək verdik, insanların toplanmasına dəstək verdik, müəyyən qədər təbliğat apardıq. Könül istərdi ki, indi də belə olsun. Ancaq AXCP 17-nə mitinq təyin etdi və nəticədə indiki vəziyyət yarandı. Hesab edirəm ki, bu addım həm 17-si, həm də 18-də keçirilməsi gözlənilən mitinqdə insan sayına mənfi təsirini göstərəcək. Mən şəxsən AXCP-nin bu addımına təəssüf edirəm.
- Sizcə, nədən AXCP sizdən bir gün əvvələ mitinq təyin etdi?
- Mən bu haqda danışmışam. Daha bu barədə danışmaq istəmirəm. Öz tədbirimizin təbliğatı ilə məşğul olmaq istəyirəm. Bir daha qeyd edirəm ki, onların bu addımı arzuedilməz haldır. Əgər bu addımı Müsavat atsaydı, mən şəxsən bunun əleyhinə olardım, deyərdim ki, bu yaxşı hal deyil.
- İndi baş verənlər göstərmirmi ki, mübarizə daha çox “müxalifətdə əsas sima, əsas təşkilat mənəm” uğrunda gedir?
- Əslində ilk proses yaxşı başladı. Ancaq təəssüf ki, burada demokratik proseslərdən daha çox müxalifətdaxili intriqalar əsas olaraq götürülür. Bu da, istər-istəməz xalqın müxalifətə münasibətinə mənfi təsir göstərəcək.
- Bəyan etmişiniz ki, bu illərdə AXCP-nin apardığı yeganə proses “müxalifət bizik, Müsavat satqındır” istiqamətində olub. Bunu deyərkən konkret nəyi nəzərdə tutursunuz?
- Məncə, siz o prosesi məndən də yaxşı görmüşünüz. Həmin dövrdə mən həbsdə idim və məhdud imkanlarım çərçivəsində bunu müşahidə etmişəm. Müsavat Partiyası 2014-cü ilin əvvəlində Milli Şuradan çıxdı və bu andan etibarən Müsavata qarşı bu taktika aparılıb. İnsanları inandırmağa çalışıblar ki, onlar müxalifət, Müsavat isə satqındır.
- İndi də AXCP bu prosesi aparır?
- Hazırda bu bir qədər dayandırılıb. Xalqı və ictimaiyyəti buna inandırmaq mümkün olmadı. Odur ki, nisbətən dayandırıldı. Hər halda bundan imtina edilməyib də. Əvvəl deyiblər, indi isə sükutdur.
- AXCP-nin 17 sentyabra mitinq təyin etməsi faktiki olaraq Müsavatın 18-də keçirmək istədiyi mitinqin baş tutmaması naminə edilmirmi?
- Bu çox acınacaqlı haldır. Bu demokratik prosesə, Milli Şuranın öz aksiyalarının kütləvililiyinə də təsir edəcək. Şəxsən mənim üçün məsələ hansısa qurum deyil, prosesin özü idi. Ən pisi də odur ki, indiki addımlar bu prosesin məhvinə gətirib çıxara bilər.
- Bu məsələləri AXCP ilə Müsavat oturub müzakirə edə və uyğun qərar verə bilməzdimi?
- Müsavat heç vaxt müzakirələrdən yan keçməyib. O cümlədən referendum öncəsi təşəbbüs qrupunun yaradılması, kütləvi aksiyalar və digər məsələlərlə bağlı müxalifət düşərgəsində olan təşkilatlara təkliflər edib. Lakin bunun alınmaması bizim günahımız deyil. Sadəcə olaraq biz müxalifətdaxili ittihamlara rəvac verməmək naminə bir çox hallarda alınmama səbəblərini ictimailəşdirməmişik.
- Müxalifətdə problem bir-birini qəbul etməmək və iddiaların qədərindən artıq olması kimi hallar deyilmi?
- Müsavat tərəfindən heç kimsəni qəbul etməmək halı yoxdur. Biz heç vaxt “yeganə müxalifət bizik, bizdən başqa müxalifət yoxdur, bizim seçdiyimiz taktika ən düzgündür, başqasının taktikası xəyanətdir” kimi iddialarda olmamışıq. Başqa sözlə, bu məsələdə bizim tərəfimizdən problem yoxdur.
- Artıq açıq tonla sezilir ki, Milli Şura əslində Müsavata mesaj verir ki, əsas təşkilat bizik, gəlin durun bizim yanımızda. Siz necə düşünürsünüz?
- Bunu həmin şəxslərin özündən soruşmaq lazımdır. Mən öz mövqeyimi ifadə etdim. Qarşı tərəfə yenidən irad və ittihamlarımı bildirib vaxt itkisinə getmək istəmirəm.
Cavid