5 Oktyabr 2016 17:09
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir.

- Sərdar bəy, müəllifi olduğunuz Kosmik Dəyişilmələr Nəzəriyyəsi Nobel mükafatı ala bilmədi. Bu hadisədən pərişan oldunuz?
- Xeyr. Mənim nəzəriyyəm Nobel mükafatı almağın bir addımlığında olan elmi işlərdən biri oldu. İlk dəfə idi ki, Azərbaycandan belə bir iş ekspert qrupunu aşaraq gizli səsverməyə buraxılmışdı. Bunun özü böyük nəaliyyətdir.

- Bir məsələni aydınlaşdıraq necə oldu ki, sizin nəzəriyyə Nobel mükafatına təqdim edildi, bunun üçün hansı prosedurları keçmək lazım gəldi?
- Mən əvvəlcə nəzəriyyəni Azərbaycan Müəlliflik Agentliyində qeydiyyatdan keçirdim və şəhadətnamə aldım. Sonra mətbuatda çıxış etdim, düşündüm ki, elmi ictimaiyyətin diqqətini cəlb edə bilərəm. Ancaq bu baş vermədi. Daha sonra özüm müstəqil şəkildə nəzəriyyəni Nobel Komitəsinə təqdim etmək fikrinə gəldim. Bu da alınmadı. Sonra universitet xətti ilə işi göndərmək istədim. Yəni universitetin də adı hallansın. Ancaq dövlət universitetindən mənə dedilər ki, ancaq öz alimlərinin işini göndərə bilərlər. Bundan sonra Nobel Komitəsinin Qafqaz üzrə təşkilatına müraciət etdim. Buradan mənə dedilər ki, hansı şərtlər daxilində işi göndərə bilərəm, yəni mənə ətraflı izah etdilər. Mən də bu şərtlər daxilində lazım olan addımları atdım və sonda nəzəriyyəni Nobel Komitəsinə göndərdilər. Nobel mükafatına təxminən 3 min iş göndərilir. Orada ekspert qrupu var və onlar bu işlərin sayını 200-qədər azaldırlar. Sonra 200 iş xüsusi ekspert qrupuna təqdim edilir. Onlar da 200 işin içərisindən 30 işi seçərək gizli səsverməyə təqdim edirlər. Gizli səsvermədə isə dünyanın 50-dən çox ölkəsinə işlər təqdim edilir və sonda səsvermə keçirilir və qalib elan olunur. Mənim nəzəriyyəm iki ekspert qrupundan keçdi, gizli səsverməyə buraxıldım. Əgər gizli səsvermədən də çıxsaydın bu faktiki olaraq mükafata layiq görülmək mənasına gələcəkdi.


- Gizli səsvermədən qalib çıxsaydınız ilk azərbaycanlı olaraq Nobel mükafatına layiq görülə və tarixə düşə bilərdiniz. İndi bu imkanlar artıq itirilib?
- Siz Nobel Komitəsinin əsasnaməsinə baxsanız görərsiniz ki, mənim təklif etdiyim ideyalarla bağlı Nobel mükafatları bəzən 20-30 ildən sonra təqdim edilir. Çünki burada elmi təsdiqlər də lazımdır. Gərək həmin nəzəriyyə bir çox elmi müəssisələr tərəfindən təsdiq edilsin ki, mükafat almaq da asan olsun. Mənim işimdə yeganə problem bununla bağlı idi. Ancaq deyim ki, bu da Nobel üçün ənənəvi qəbul edilən qaydadır. Məsələn, məndən əvvəl Ulduz Asossiyasiyası haqda nəzəriyyə təqdim edən alim 30 ildən sonra Nobel mükafatını ala bilib.

- Ehtimal edirsiniz ki, 20-30 ildən sonra siz də Nobel mükafatına layiq görülə bilərsiniz?
- Mən müəllifi olduğuma görə demirəm. Ancaq irəli sürdüyüm nəzəriyyə Nyuton və Haplerin kəşflərindən sonra kosmosun düzgün idrak edilıməsində ən ciddi elmi nəzəriyyələrdən biridir. Bir daha qeyd edirəm ki, Nobel təcrübəsində belə nəhəng nəzəriyyələrin 20-30 ildən sonra qalib edilməsi gözləniləndir. Ancaq bunun üçün mən hər il nəzəriyyəni Nobel Komitəsinə təqdim etməliyəm. Məsələn, Qandi 5 dəfə təqdim edilib, amma mükafatı almayıb. Eynşteyin özü Nisbilik Nəzəriyyəsini 10 dəfə təqdim edib, amma almayıb. Gərək tez-tez təqdim edəsən ki, qalib olmaq imkanların olsun. Bunun üçün də sponsor olmalıdır. Əgər sponsor olsa nəzəriyyəni yenidən təqdim edərəm.

- Dəqiq deyə bilərsinizmi, bir elmi işi Nobel mükafatına təqdim etmək üçün tələb edilən proseduralarla yanaşı hansı məbləğdə maliyyə lazım gəlir?
- Minimum əmək haqqının 30 misli qədər maliyyə tələb edilir. Əgər minimum əmək haqqının 30 faizi 150 manatdırsa, deməli 4000-4500 manat maliyyə lazımdır. Bundan başqa, texniki xərclər də var. Mən keçən dəfə işimi Nobel Komitəsinə təqdim edəndə borca girdim. Heç kəs mənə kömək etmədi. Müraciət etdiyim şəxslər də bundan imtina etdi. Sonda məcbur olub borc aldım. Əgər 6-7 min manat olsa, bu dəfə də nəzəriyyəni Nobel Komitəsinə təqdim edəcəyəm.

- Ancaq bir il əvvəl AMEA-nın rəhbərliyi ilə görüşmüşdünüz, nəzəriyyənizi onlara təqdim etmişdiniz...
- Bəli. Ancaq o zaman mən Mütləq Nisbilik Nəzəriyyəsini onlara təqdim etmişdim. Bu kainatın formalaşması ilə bağlıdır. Açığı, o zaman mənim nəzəriyyəmə elmi reaksiya vermək imkanında olmadılar. Hələ başqaları deyir ki, sən həkimsən, fizika ilə nə işin var. Guya bir qadağa var. Halbuki Nobel tarixində bir çox həkimlər var ki, fizika və kimya sahəsində mükafat alıblar. Eləcə də bəzi fiziklər var ki, biologiya sahəsi üzrə Nobel mükafatı alıb. Yəni ixtisasın buna nə aidiyyəti var? Hələ universitetdə bir professor mənim işimə rəy vermişdi ki, Sərdar Cəlaloğlu həkimdir, onun nə ixtiyarı var ki, fizika sahəsində nəzəriyyə irəli sürür.

- Niyə universitetdə müəllim kimi işləmək və nəzəriyyələrinizi daha asan formada elmi ictimaiyyətə təqdim etmək yoluna baş vurmursunuz?
- Bunlar az qala mənə xalq düşməni kimi baxırlar. Təsəvvür edin ki, akademiyaya getdim, dedim ki, nəzəri mexanika sahəsində mütəxəssislərinizi dəvət edin, istəyirəm onlarla opponentlik edim və həm də müdafiə edim. Heç sonradan mənə zəng etmədilər. Ən azı demədilər ki, siz boşboğazlıq edirsiniz. Yəni sıfır reaksiya verdilər. İndi mən 1500 səhifədən ibarət Tərəqqinin Metofizikası adlı əsər yazmışam. Burada ilk insandan son insana qədər bəşər tarixində baş verən hadisələrin mahiyyətindən bəhs edilir. Amma pulsuzluğun ucbatından bu əsəri çap etdirə bilmirəm. Başqa əsərlərim, nəzəriyyələrim də var. Amma elmi ictimaiyyətdən bir nəfər maraqlanıb demədi ki, sən nə işlə məşğulsan, gətir görək nə yazırsan, hansı ideyalar irəli sürürsən və s.

Baxın, biz 3-4 nəfər gedib Nobel mükafatı almağa iddialı ola bildik. Məndən başqa, iki nəfər də Nobel mükafatı almağa iddialı idi. Bir nəfər onları dəvət edib dəstək versin, desin ki, hansı kömək lazımdır və s. Bu şəxslərin biri kimya sahəsində akademik, digəri fiziologiya sahəsində professordur. Bizə idmançı, meyxanaçı, müğənni ilə yanaşı alimlər də lazımdır.

- Siz elmi fəaliyyətinizi davam etdirəcəksiniz?
- Mən mükafat üçün işləmirəm. Mən dünyada yeganə adamam ki, dil faktının bütün mərhələlərini bir nəzəriyyə ilə izah edirəm. Halbuki qrammatikanın ayrı, leksikologiyanın ayrı, fonetikanın ayrı nəzəriyyələri var və s.

- Siyasətçi elmə vaxt ayırmağa zamanı necə tapa bilir?
- Elmi fəaliyyət mənim hobbimdir. Mən hər gün 8 saat elmlə məşğul oluram. Nobel mükafatı aldım-almadım, adımın qarşısında elmlər doktoru oldu-olmadı, mən bu işlə məşğulam. Mən Nobel mükafatı alsaydım, elmi fikirlərimə dərhal reaksiyalar olacaqdı. Bunu aradan qaldırmaq üçün mükafatı almaq, dünyaya çıxmaq istəyirdim. Ancaq gedib ora qədər çıxmışamsa, zənnimcə beynəlxalq miqyasda buna reaksiyalar olacaq. Əlbəttə, bu imkan verəcək ki, digər nəzəriyyələrimi də dünyaya çatdırım.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər