16 Noyabr 2016 17:48
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 13-də Moldova və Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirildi. Moldovada Sosialistlər Partiyasının namizədi İqor Dodon, Bolqarıstanda isə ölkənin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı (2014-2016), ehtiyatda olan general-mayor Rumen Radev qalib gəldi. R.Radev hərbçi olması səbəbindən onun siyasi partiya üzvlüyü olmayıb. Lakin onun namizədliyi Bolqarıstan Sosialist Partiyasının yaratdığı koalisiya tərəfindən irəli sürülüb.

Hər iki ölkədə sosialistlərin qalib gəlməsi sözügedən ölkələrin bundan sonra yürüdəcəkləri siyasətlə bağlı sualların meydana çıxmasına səbəb olub. Xüsusilə, xarici siyasət və təhlükəsizlik məsələləri, Rusiya ilə əlaqələr və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara dair Moldova və Bolqarıstanın mövqeyinin necə olacağı maraq doğurur. Düzdür, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hər iki ölkədə hakimiyyət dəyişikliyini şərh edərkən iqtidara yeni gələn qüvvələri ruspərəst adlandırmamağa çağırıb. O, rus KİV-lərinin bu differensiasiyasına qarşı olduqlarını vurğulayıb. Bununla belə, fakt faktlığında qalır.

Teleqraf.com Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə ilə bu istiqamətdə suallara tapmağa çalışıb.

– Araz bəy, eyni gündə iki Avropa ölkəsində sosialistlərin qalib gəlməsini nə ilə izah etmək mümkündür?
– Bu, insanların liberal siyasətdən təngə gəlmələrinin göstəricisidir. Özü də Moldova və Bolqarıstanda əhalini liberal siyasətdən ayrı-ayrı səbəblər təngə gətirib. Moldovada liberallar dövlətçiliyi ləğv edib, Rumıniyanın tərkibinə daxil olmaq istəyirdilər və xalq əlbəttə, müstəqilliyi heç kimə vermək istəmədi. Ona görə də sosialistlərə səs verdilər. İkincisi də, nəzərə almaq lazımdır ki, Moldova çox dərin iqtisadi böhran içindədir. Moldova xalqının əsas gəlir mənbəyi kənd təsərrüfatı ilə bağlıdır. Avropa İttifaqı isə onlara kvota vermir. Rusiya ilə kənd təsərrüfatı məhsullarının satışı üzrə ticarət demək olar ki, bağlanmışdı.

Bolarıstana gəldikdə isə ölkənin bundan əvvəlki prezidenti Rosen Plevneliev deyirdi ki, “Rusiyaya qarşı sanksiyalara qoşulmağın bolqar xalqını yoxsul etdiyini bilirik, lakin biz buna ona görə getdik ki, ABŞ bizim əsl müttəfiq olduğumuzu bilsin”. Çox qəribədir, ABŞ-a öz müttəfiqliyini sübut etmək üçün öz xalqını yoxsul qoyur. Adi bir məqama diqqət yönəltmək istəyirəm; Bolqarıstan Avropaya inteqrasiya olunacaq deyə, yəni Avropa İttifaqına daxil olandan sonra öz ixracının 2/3-ni itirib. Ona görə də xalq daha liberallara səs vermədi.

– Bu siyasi qüvvələrin yürüdəcəyi siyasət necə olacaq? Belə fikirlər var ki, onlar rusiyapərəst siyasət yürüdəcəklər…
– Rusiyapərəstlik məsələsi deyil. Öz xalqlarının iqtisadi maraqlarını əsas götürəcəklər. Məsələ ondadır ki, sən istəyirsən rusiyapərəst, istəyirsən amerikapərəst ol, öz malını satmalısan. Xalq bunu onun üçün istehsal edir ki, bu, satılsın. Düzdür? Mənim üçün nə fərqi var, bunu ruslara, amerikalılara, yaxud almanlara satım?! Kim alırsa, ona da satıram. Ticarətin dini, milliyyəti yoxdur. Ticarət onun üçündür ki, gəlir götürəsən. İqtisadiyyat onun üçündür ki, sənin xalqın gündən günə yaxşı yaşasın. Yox, əgər kiminsə pulu var, o özünə imkan verir ki, kiməsə qarşı sanksiyalar tətbiq etsin və mənə də deyirsə bunu elə, o zaman mənim pulumu verməlidir də. Amma əgər sən prinsipə getməklə məni zərərə salırsansa, bu, düzgün deyil.

– O zaman Rusiya məsələsini bir kənara qoyaq…
– Mən düşünürəm ki, onlara nə sərf edirsə, onu da edəcəklər. Sərf etsə Rusiya ilə, sərf etməsə, Avropa İttifaqı ilə ticarət münasibətləri quracaqlar. Amma hələlik Avropada yoxsul ölkələri gözləmirlər.

– “Gözləmirlər”deyərkən nəyi nəzərdə tutursunuz?
– Yəni, artıq bütün əmtəələr, iqtisadi kvotalar hamısı bölünüb və heç kim öz ölkəsinin kvotasını nə Moldovaya, nə də Bolqarıstana verəsi deyil.

– İki Avropa ölkəsində sosialistlərin qalib gəlməsi “köhnə qitə”də tendensiyaya çevrilə bilərmi?
– Çox güman ki, növbəti prezident seçkisində sosialistlər iqtidardan gedəcək. Çünki Fransua Olland sosialistlərin prinsiplərinə uyğun olmayan siyasət yürütdü. Sosialistlərin əsas prinsipi odur ki, ilk növbədə zəhmətkeşləri, yəni işçiləri, orta təbəqəni düşünsünlər. Olland isə Amerikanın yedəyinə oturdu və başladı yedəkdə getməyə. Bu da böyük iqtisadi böhrana gətirib çıxardı. Həm də Fransa günü-gündən dünyada nüfuzunu itirir. Ola bilsin Angela Merkel də seçkini uduzsun.

– Onların yerinə gələcək qüvvə kim ola bilər?
– Fransada Marin Le Penin imkanları genişdir. Le Pen seçkinin ikinci turuna mütləq çıxacaq. İkinci turda rəqibi ola bilsin Nikola Sarkozi, ola bilsin, ayrı bir rəqib olsun.

– Yenidən Moldova və Bolqarıstanla bağlı məsələyə qayıtmaq istərdim. Kişineu və Sofiyanın xarici siyasət və təhlükəsizlik məsələlərində necə davranacaqlarını düşünürsünüz?
– Mən əminəm ki, onlar bu məsələdə də öz dövlətlərinin maraqlarını güdəcəklər.

– Bəs, Rusiyaya tətbiq olunmuş sanksiyalara münasibət necə olacaq?
– Mənə elə gəlir ki, hər iki ölkə sanksiyalardan çıxacaqlar. Düşünürəm ki, ABŞ özü də sanksiyalardan imtina edəcək. Çox maraqlıdır ki, Avropa İttifaqı hər zaman onları sanksiyalara vadar edən qüvvənin ABŞ olduğunu bildirirdi. Amma Donald Tramp prezident seçiləndən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dedi ki, əgər ABŞ Rusiyaya qarşı sanksiya siyasətindən əl çəksə də, biz öz siyasətimizi davam etdirəcəyik. Çox qəribədir. Belə olanda bizdə – Azərbaycanda deyirlər ki, it əl çəkdi, motal əl çəkmədi.

Səxavət HƏMİD


Müəllif: