Bədrəddin Quliyev: “Regionda Azərbaycan kimi müttəfiqi itirmək heç kimə uğur gətirə bilməz”
Teleqraf.com-un suallarını Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev cavablandırıb.
- Bədrəddin bəy, Azərbaycan-Ermənistan arasında cəbhədə müşahidə olunan gərginlik davam edir. Bundan sonra hansı olaylar yaşana bilər?
- Əslində, 1994-cü ilin mayında bağlanan Bişkek protokolundan sonra ilk dəfə idi ki, belə hadisə baş verirdi. Bu ilin mayın 15-dən etibarən Bişkek protokolunun müddəti və ya atəşkəs dövrü bitib. Mayın 15-dən sonra indi yeni dövr başlayıb. Bu 20 il müddətində biz müəyyən mərhələlər keçirmişik. 1993-1995-ci illərdə Azərbaycanda bir neçə dəfə çevrilişə cəhdlər edildi, elə şərait yarandı ki, regionda əməliyyat keçirək, amma buna imkan verilmədi. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində ABŞ dövlət katibinin müavini səviyyəsində Ermənistanla danışıqlar aparıldı və nəticədə erməni tərəfi razılığa gəlməyə yaxın idi. Ancaq Ermənistan parlamenti güllə-baran olundu, Rusiyaya bağlı şəxslər bir qədər də Moskvaya bağlandı. Bununla da prosesi dondurmaq və uzatmaq mərhələsi baş verdi. Qarabağ münaqişəsi neçə illər idi ki, dondurulmuş problem idi. İndi cəbhə xəttində vəziyyətin dəyişməsi, atəşkəsin pozulması göstərdi ki, Rusiya GUAM-a üzv olan dövlətlərin Avropaya inteqrasiyasının qarşısını alır. Yeri gəlmişkən, GUAM ölkələri arasında ilk olaraq Azərbaycanda Qarabağ münaqişəsi yaradılıb. Sonradan Moldovada Dnestyani münaqişə, Gürcüstanda Abxaziya və Osetiya yaradıldı. Uzun illər ərazisində münaqişə yaşamayan Ukraynada isə Krım, eləcədə şərq regionlarında problemlər ortaya çıxarıldı. Hesab edirəm ki, hazırda bu prosesin ikinci mərhələsi yaşanır. SSRİ dağılandan sonra Rusiya MDB məkanı halqasında varlığını saxlayırdı. İndi bu halqa pozulur. Yəni MDB dağılır, GUAM-a üzv ölkələr Rusiyadan aralanır. Rusiya-Ukrayna münaqişəsinin isə Rusiyanın öz daxilinə keçməsi ehtimalları var. Artıq slavyan birliyi dağılır. Həm də dünyada enerji uğrunda mübarizə gedir. Rusiyaya qarşı münasibət dəyişdikdən sonra, bu ölkəyə ciddi iqtisadi sanksiyalar tətbiq olunduqca məlum olacaq ki, artıq Moskvaya erməni lazım deyil.
- Düşünürsünüz ki, Ermənistan Rusiyaya lazım olmayacaq?
- Rusiyaya yeni və güclü müttəfiq lazımdır. Bizdən xoşu gəlməyən Jirinovski səviyyəsində Azərbaycana xoş mesajlar verilir, Azərbaycanın apardığı siyasi kurs dəstəklənir. Avropanın enerji təminatını yoluna qoymaq üçün Azərbaycan yeni oyunçu olaraq meydana çıxırsa, birinci Azərbaycana təhdid etmək lazım idi. İlk olaraq atəşin Qazax, Tovuz istiqamətindən başlaması fikrimcə, təhdid idi. Çünki neft kəmərləri bu istiqamətdən keçir. İndi Rusiya rezervini Ukraynaya yönəldir. Məncə, Ermənistanın da gələcəkdə dəyişmək niyyəti var. Ermənistanı xofda saxlamaq, Sarkisiyan hakimiyyətinin Avrasiya İttifaqına daxil etmək üçün bu kimi addımlar lazım gəlirdi. Cəbhədə baş verən atışmadan sonra düşmən ölkənin xarici işlə dərhal bəyanat verdi ki, biz gələcəkdə Avrasiya İttifaqına qoşulmağı məqbul hesab edirik və bu Ermənistanın iqtisadi maraqlarına uyğundur. Ancaq Ermənistanın elə bir iqtisadi potensialı yoxdur ki, Avrasiya İttifaqına töhvə versin. İndi Ermənistanda tərəddüt edir. Eləcədə Ermənistan daxilində müəyyən qüvvələr üzünü Qərbə çevirib, Türkiyə ilə qapanın açılmasını, sülh danışıqlarına getməyi daha əlverişli hesab edir. Bu daxili gərginliyi aradan qaldırmaq, bu ölkədə hakimiyyət dəyişikliyinin qarşısını almaq üçün Rusiya təşəbbüsü bir daha ələ alır. Həmdə Rusiya çalışır ki, Azərbaycanla əlaqələri gücləndirsin, Bakının ona qarşı tətbiq edilən sanksiyalara qoşulmasının qarşısını alsın. Son zamanlar Rusiya Azərbaycanla neft və qaz müqaviləsi imzalayıb. Bu sənədə görə, Rusiya qaz və neftinin Azərbaycan üzərindən Türkiyəyə çıxması məsələsi var. Türkiyə NATO üzvü olsa da, iqtisadi məsələlərdə öz əlaqələrini qurur. İkincisi, atəşkəsin pozulması Azərbaycanın gücünün göstərməsi üçün şans yaratdı. Onlar gözləmədiyi təqdirdə Azərbaycan ordusu gücünü ortaya qoydu. Azərbaycan indiyə qədər əməkdaşlıq etdiyi və layihələrə daxil olduğu Qərb və Avropaya göstərdi ki, oyuncaq dövlət deyil. Amma Azərbaycan Avropanın qaz və neftlə təmin edilməsi üçün özü addımlar atır, ancaq bu ölkələr Azərbaycana dəstək vermir. Ukraynaya olan dəstəyin yüzdə biri Azərbaycana yoxdur. Əgər söhbət GUAM-dan gedirsə, bu quruma üzv olan dövlətlərin hamısına eyni cür yanaşmaq lazımdır. Azərbaycan ermənilərin sərsəm hərəkətindən istifadə edərək dünyanın ağırlıq mərkəzlərinə sözünü dedi. Bildirdi ki, mənim gücüm də, potensialım da var və öz milli maraqlarım məsələsində varam. Bu gücü görəndən sonra regionda ermənilərin arxasında olanlar düşdülər atəşkəs məsələsinin üzərinə. Fransa istəyirdi ki, təşəbbüsü ələ alsın, amma fakt budur ki, ayın 8-9-da Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezientlərinin görüşü olacaq. Məncə, bundan sonra yeni situasiya ortaya çıxa bilər. Ukrayna öz ərazi bütövlüyü məsələsində addımlar atır və dünyada onu müdafiə edir. Azərbaycanın səbri isə tükənir. İstər Rusiya, istər Avropa, istərsə də Amerika ilə münasibətlərdə Azərbaycan öz töhvəsini verib. İndi Azərbaycan özünə hörmət və ehtiram istəyir. Əgər bu ehtiram olmayacaqsa, Azərbaycan gücünü qoyaraq milli maraqları baxımından öz rolunu oynayacaq.
- Cəbhədə baş verən və hazırda davam edən gərginlik hərbi əməliyyatlara çevrilə bilərmi?
- Azərbaycan ordusunun qoşunlarının yerini dəyişməsi, ağır texnikanın, artilerriyanın, hava hücumu təyyarələri cəbhədədir. Azərbaycanın bütün qoşun növləri müharibəyə hazırdır. Azərbaycanın ehtiyatı, potensialı genişdir. İstənilən səhv bir hərəkətə görə, Ermənistan tərəfi sərt şəkildə cəzalandırılacaq.
- Rusiya-Azərbaycan münasibətləri necədir və Rusiya nəyə görə, bu dəfə cəbhədə yaranan vəziyyətə görə, sərt bəyanat vermədi?
- Azərbaycanın indiki qədər güclü dövrü yoxdur. İndi Azərbaycan bütün maraqlı tərəflərlə oynamağa və əməkdaşlıq etməyə hazırdır. Regionda Azərbaycan kimi müttəfiqi itirmək heç kimə uğur gətirə bilməz. Rusiya Azərbaycanın potensialını bildiyi üçün normal əməkdaşlıq etməyin təməlini qoymaq haqda düşünür. Hər bir ölkənin öz ərazi bütövlüyü təmin etmək haqqı var.
- Avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu seçkilər, seçkidən sonrakı Türkiyə necə olacaq?
- Türkiyədə əsas rəqabət üç namizəd arasında gedir: Ərdoğan, Dəmirtaş və Əkmələddin İhsanoğlu. Hazırda üç qüvvə önə çıxıb. Bu qüvvələrdən biri regionda islami xəttə söykənərək bütün siyasi proseslərə qatılır, ərəb ölkələrində baş verən proseslərdə aktiv iştirak edir. Ancaq bu zaman Türkiyənin qonşuları ilə də ziddiyyət yaranır. Bu ziddiyyəti aradan qaldırmaq məsələsi ortaya çıxacaqsa, fikrimcə, Əkmələddin İhsanoğlu faktoru önə çıxacaq. İndi görünən budur ki, Türkiyədə əsas namizədlər dini münasibətlər formasında ortaya çıxıb. Bunlardan biri hücum, digəri müdafiə taktikası təqdim edir. Fikrimcə, Türkiyə regionda sakitlik yaranmasında maraqlı olsa Əkmələddin İhsanoğlu kartı, yox əgər gərginlik Türkiyənin maraqlarına uyğun gəlsə Ərdoğan prezidentlik postunda oturacaq. İndi regionda gərginlik görünmür və bu səbəbdən də Ərdoğanın üstünlüyü özünü açıq göstərir.
Nemət Hüseynli