Asim Mollazadə: “Amerika özünü təcrid etmək istəyir”
“Bölgənin ən böyük qüvvəsi Türkiyədir. Bu baxımdan Türkiyə ilə qarşıdurmaya getmək çox təhlükəlidir. Bu mənada İŞİD-in Türkiyə ilə qarşıdurmadan qaçması məntiqlidir. Bölgədə sabitliyi pozmaq istəyən qüvvələrin rəngarəng olduğu da açıq-aydın sezilir. Lakin Türkiyə xırda dövlət deyil ki, hansısa terrorist qrupun işini gücləndirmək və aktivləşdirməklə bu dövləti qorxutmaq mümkün olsun. Bu vasitələrlə Türkiyə dövlətçiliyinə qarşı hansısa xələl gətirilə bilməz. Bu on illərlə davam edən prosesdir. Heç kim də bu yolla istədiyinə nail ola bilməz və bilməyəcək də”.
Bunu Teleqraf.com-a müsahibəsində Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik.
- Asim bəy, hazırda ərəb coğrafiyasında baş verən prosesləri necə qiymətləndirirsiniz, İraq və Suriyada baş verənlərin mahiyyətində hansı maraqlar durur?
- Hazırda həmin bölgədə ciddi və təhlükəli proseslər baş verir. Dini öz məkrli planları üçün istifadə edən qüvvələr ərəb dünyası üçün də ciddi təhlükədir. Bu qüvvələr bölgədə dövlətçilik ənənəsini məhv edərək, cinayətlər törədərək dünyada İslama qarşı nifrətin köklənməsinə çalışırlar. Onların hərəkətlərinin İslam dininə heç bir aidiyyəti yoxdur.
- “İraq Şam İslam Dövləti”nin arxasında kimlər durur?
- Onların arxasında kimin durduğunu deyə bilmərəm, çünki bu bəlli deyil. Ancaq iş ondadır ki, bu qüvvə cəhaləti, yoxsulluğu, intiqamı təbliğ edir, həm də müəyyən qüvvələri bu ad altında birləşdirir. Əminəm ki, beynəlxalq qüvvələr bu bölgədə sabitliyi bərpa etmək məqsədilə öz səylərini birləşdirməlidir. Bu təhlükənin qarşısı hökmən alınmalıdır. Bildiyiniz kimi, bu proseslərdə qardaş Türkiyəyə qarşı yönələn bir sıra qüvvələr də var. Biz çox istərdik ki, Türkiyə öz maraqlarını qorumaqla yanaşı beynəlxalq sabitliyi qorumaq yolunda müəyyən addımlar atsın. Əminəm ki, bu istiqamətdə Türkiyə zəruri addımlar atacaq.
- Amerika İraqı işğal etdi, bu ölkəyə ordu yeritdi. Amerika ordusu İraqdan çıxandan sonra təsadüfi qüvvə ortaya çıxır və artıq Bağdadın 35 kilometrliyində durur, paytaxtı işğal etmək niyyətini ortaya qoyur. Sizə elə gəlmirmi ki, bütün bunlar sadəcə teatr, Qərb siyasətinin təzahürüdür?
- Əslində, Amerika son illərdə özünü dünyada gedən proseslərdən təcrid etmək istəyir. Ordusunu dünyanın müxtəlif ölkələrindən çıxartsa da, bunun əvəzinə hansısa təhlükəsizlik sistemi qura bilmir. Bu səbəbdən də, vəziyyət bir qədər də dərinləşir. Güman edirəm ki, Amerika nəhayət siyasətində köklü dəyişikliklər edəcək, dünyada sabitlik bərpa etmək məqsədilə ciddi addımlar atacaq. Mən çox yaxınlarda Amerika səfərindən qayıtmışam. ABŞ ictimaiyyəti də təhlükəsizlik və sabitliyi bərpa etmək üçün Amerikanın zəruri addımlar atmasını istəyir.
- İŞİD-ə qarşı niyə qurudan hərbi əməliyyatlar keçirilmir?
- Söhbət ilk olaraq Amerikada və dünyanın bir sıra ölkələrində mövcud olan maliyyə böhranından gedə bilər. Məhz bu faktor imkan vermir ki, qurudan hərbi əməliyyatlar aparılsın. Hazırda İŞİD-ə qarşı daha çox koalisiya qüvvələri hava zərbələri endirir. Əlbəttə ki, bu gün təhlükəsizliyi qorumaq məqsədilə zəruri addımlar atılmasa, sabah müşahidə etdiyimiz böhran və gərginlik daha da dərinləşə bilər.
- Sizə elə gəlmirmi ki, Qərb dünyası İŞİD-ə qarşı məhz Türkiyəni qoymaq, bu ölkənin Suriya və İraq ərazisində İŞİD-ə qarşı qurudan hərbi əməliyyat keçirməyə sövq etməklə Ankaranı “tələ”yə salmaq istəyirlər?
- Yada salmaq lazımdır ki, Türkiyə NATO hərbi ittifaqının üzvüdür. Burada Türkiyənin istənilən addımı NATO-nun addımlarından ibarət olmalıdır. Türkiyə tək olaraq təhlükəyə məruz qalmamalıdır. Bu zaman NATO üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə NATO-ya tam olaraq inam itər və bu təşkilat əvvəlki formada öz fəaliyyətini davam etdirə bilməz. Bir daha vurğulayıram ki, Türkiyə bu məsələdə yalnız qalmamalı, NATO üzərinə düşən öhdəlikləri anındaca yerinə yetirməlidir.
- İŞİD Kobaniyə qədər gəldi, hətta iddia olunurdu ki, Türkiyə ərazisinə daxil olmaq niyyətindədir. Türk ordusu da Suriya ilə sərhəddə cəmləşdirildi. Bəs hansı səbəbdən İŞİD Kobanidən geri çəkilərək Bağdad istiqamətində irəliləmək qərarını verdi?
- Əslində, bu qüvvənin hansı planlara malik olduğunu deyə bilmərik. Ancaq bəlli olan budur ki, bölgənin ən böyük qüvvəsi Türkiyədir. Bu baxımdan Türkiyə ilə qarşıdurmaya getmək çox təhlükəlidir. Bu mənada İŞİD-in Türkiyə ilə qarşıdurmadan qaçması məntiqlidir.
- PKK-nın yenidən Türkiyəyə qarşı aktivləşməsi nəyə mesajdır və bunlar bir-biri ilə əlaqəli məsələlər deyilmi?
- Bölgədə sabitliyi pozmaq istəyən qüvvələrin rəngarəng olduğu açıq-aydın sezilir. Lakin Türkiyə xırda dövlət deyil ki, hansısa terrorist qrupun işini gücləndirmək və aktivləşdirməklə bu dövləti qorxutmaq mümkün olsun. Bu vasitələrlə Türkiyə dövlətçiliyinə qarşı hansısa xələl gətirilə bilməz. Bu on illərlə davam edən prosesdir. Heç kim də bu yolla istədiyinə nail ola bilməz və bilməyəcək də.
- Sizcə, xarici maraqlı qüvvələr Türkiyə daxilində qarışıqlıq yaratmaq, indiki hökuməti gözdən salmaqda son dərəcə maraqlı deyillərmi?
- Burada daha böyük oyunlar gedir. Bu oyunları sadəcə olaraq Türkiyənin daxilindəki stabilliyi pozmaq oyunları kimi qəbul etmək doğru olmazdı. Sivilizasiyalı dünya öz səylərini birləşdirməli, təhlükəsizliyin təmin edilməsi üçün tutarlı addımlar atılmalıdır. Əks təqdirdə bu gərginlik artmaq istiqamətində inkişaf edə bilər.
- İŞİD güc mərkəzlərinin layihəsidir, yoxsa sırf ərəb millətçiliyinin təzahürüdür?
- Mən bunu ərəb millətçiliyi ilə bağlamağı doğru hesab etməzdim. Çünki bu qüvvələrin daxilində ərəblərdən savayı digər qruplar və millətlərin nümayəndələri də mövcuddur. Hazırda Avropadakı hansısa təşkilatlar da bu prosesdə iştirak edir. Odur ki, burada ərəb millətçiliyi xətti güclü deyil.
- Ancaq iş ondadır ki, ərəblər uzun illər İraq hakimiyyətindən uzaq salınıb, iqtidarda daha çox kürdlər və digər etnosların təmsilçiləri olub.
- Mən bu fikrinizlə də razı deyiləm. Əksinə, hesab edirəm ki, bölgədə yaşayan bütün millətlər bu proseslərdə oyunlara cəlb ediliblər. Mən bunun hansısa dinlər və etnik qruplarla əlaqələndirilməsini doğru yanaşma hesab etmirəm.
- Dünya bazarında neftin qiyməti getdikcə ucuzlaşır. Sizcə bu iqtisadi uyğunluqdur, yoxsa siyasi təsirlərin nəticəsidir?
- Neft heç vaxt iqtisadi proses olmayıb. Əksinə, əksər vaxt siyasi proseslərlə bağlı hadisə olub. Neftin qiymətinin müəyyən qədər ucuzlaşmasının səbəbi dünya neft bazarında küllü miqdarda yeni neft mənbələrinin olmasıdır. Mən qiymətin azalmasını bu faktorla bağlayıram.
- İddialar var ki, neftin qiymətinin ucuzlaşması daha çox Rusiya faktoru ilə bağlıdır...
- Bu, istisna olunmur. Ancaq təkcə Rusiya faktoru deyil. Həm də söhbət qiymətin hansı xəttə qədər düşə biləcəyindən də gedir.
- Ancaq OPEK-də qiymət aşağı düşən kimi Rusiya Ukraynaya yaxın ərazilərdəki ordusunu geri çəkdi...
- Bir müddət əvvəl də Rusiya qoşunları Ukrayna sərhədindən geri çəkilmişdi. Ancaq sonra yenidən ordu əvvəlki mövqelərinə qaytarılmışdı. Buna görə də, mən ordunun geri çəkilməsini neft amili ilə bağlamazdım. Həm də dünyada neftin qiymətində qalxma və enmə mütəmadi olaraq müşahidə olunur və az hallarda sabit qiymət durumu baş verir.
- Hazırda Rusiya-Ukrayna münasibətlərini necə qiymətləndirirsiniz?
- Münasibətlərin sabitləşməsi ilk olaraq beynəlxalq ictimaiyyətin Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atacağı addımlardan ibarət olacaq. Bu istiqamətdə ciddi addım atılarsa, Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq mümkün olacaq. Əks halda Ukrayna ciddi problemlərlə üzləşməli olacaq.
- Ermənistanın daxilində gərginlik müşahidə olunur, on minlərlə insan mitinq keçirir. Bu prosesi necə qiymətləndirirsiniz?
- Bu proses Ermənistanın Avrasiya İttifaqına daxil olmasından sonra başlanıb. Müvəqqəti oyunlardır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Əks təqdirdə Ermənistan daha ağır mərhələyə daxil olacaq. Həm də Ermənistan müstəqil dövlət deyil ki, burada xalq hakimiyyətin kim olduğunu müəyyən etsin. Ermənistan bir hərbi bazadır. Ölkə daxilində baş verəcək proseslər ölkə daxilində olan bazanın mövqeyindən asılıdır.
- Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqlar prosesində irəliləyiş müşahidə edilirmi?
- Danışıqlar prosesi var. Amma danışıqlar prosesində əvvəllər də canlanma olurdu. Lakin sonda Ermənistan “tualet” diplomatiyasından istifadə edərək qaçır.
- 2015-ci il dövlət büdcəsi artıq deputatlara təqdim edilib. Büdcə haqqında nə deyə bilərsiniz, hansısa təklifləriniz olacaqmı?
- Biz artıq büdcə sənədlərinin təhlilinə başlamışıq. Ümid edirik ki, büdcədə sosial layihələri həyata keçirmək mümkün olacaq. Bizim istəyimiz odur ki, məhz təhsil, mədəniyyət və müvafiq qrupların sosial müdafiəsi ilə bağlı məsələlər öz əksini tapsın.
- Büdcədən ipoteka krediti üçün 50 milyon ayrılıb. Sizcə, bu kifayətdirmi?
- Ötən il bu rəqəm 40 milyon olmuşdu. Mənə elə gəlir ki, vətəndaşların sosial müdafiəsi ilə bağlı olan sahələrdə azalma deyil, artım görürük. Eləcə də biz sosial sahədə azalmaların olmasını istəmirik. Ayrılan vəsaitlərin də tam istifadəsini vacib sayırıq.
- 2015-cü il büdcəsində neftin 1 barreli 90 dollara götürülüb. Bunu optimal rəqəm hesab edirsinizmi?
- Bu rəqəm azala da bilər. Əminəm ki, Azərbaycanın kifayət qədər maliyyə imkanları var ki, mövcud olan problemləri həll etmək üçün əlavə imkanlar əldə etsin.
Nemət ORUCOV