1 Dekabr 2014 15:54
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: “Türkiyə prezidenti sərhədlə bağlı mövqeyini birmənalı ifadə edib”

“Türkiyə və Azərbaycan üçün Ermənistanı sülhə məcbur etmək istiqamətində əsas vasitə sərhəddir. Bu vasitə yox olandan sonra regionda vəziyyət daha kəskinləşə və Azərbaycan üçün yeganə yol-hərb yolu qala bilər. Odur ki, Türkiyəyə qarşı olan bu təzyiqlər haqsızdır və daha yaxşı olardı ki, belə təzyiqlər Ermənistan üzərinə yönəldilsin, bu işğalçı ölkəni sülhə məcbur etsinlər. Yaxşı olardı ki, Papa bu məsələləri Ermənistandan tələb etsin”.

Bunu Teleqraf.com-a müsahibəsində ADİP sədri, millət vəkili Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik:

- Asim bəy, Batumi səfərindən yeni qayıtmısınız. Kimlərlə görüşdünüz, hansı məsələlər müzakirə olundu?
- Bu səfər Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin xarici və beynəlxalq əlaqələr komitələrinin sayca ikinci toplantısı ilə əlaqədar idi. Bildiyiniz kimi, hər üç dövlətin prezidentləri, xarici işlər nazirləri, müdafiə nazirləri görüşürlər. Xarici işlər nazirlərinin Trabzon bəyannaməsində vurğulanıb ki, müvafiq birlik yaratmaq istiqamətində işlər gedir. Parlament səviyyəsində də bu iş aparılır ki, beynəlxalq təşkilatlarda, digər ölkələrdə aparılan işlərin koordinasiyası hər üç ölkənin maraqlarına cavab versin. Budəfəki görüş Batumi şəhərində baş tutdu. Daha sonra Gürcüstan parlamentinin yerləşdiyi Kutaisi şəhərində də görüşlər oldu. Gürcüstan parlamentinin spikeri ilə birgə müzakirələr apardıq. Eləcə də Tiflis şəhərində Gürcüstan prezidenti ilə məsləhətləşmə oldu, qərara alındı ki, görüşü bir neçə istiqamətdə şaxələndirərək davam etdirək. Nəzərdə tutulur ki, hər üç parlamentin digər komitələrinin də görüşləri keçirilsin, iqtisadi, sosial sahədə müzakirələr genişləndirilsin və ölkələrimizin birliyi möhkəmləndirilsin.

- Görüş zamanı regional məsələlər müzakirə edildimi?
- Əlbəttə, görüşlərdə bütün məsələlər müzakirə edildi. Xüsusilə, regionda baş verən məsələlər, münaqişə problemi, Azərbaycan-Gürcüstan-Türkiyənin birgə həyata keçirdiyi iri layihələrin müdafiəsi barədə danışıldı. Demək olar ki, hər üç ölkənin nümayəndələri bir neçə istiqamətdə proqramlarla bağlı təkliflər irəli sürdü. Bu təkliflər şübhəsiz ki, əməkdaşlığın möhkəmlənməsi ruhunda idi. Qərara alındı ki, növbəti görüş Türkiyədə davam etdirilsin. Müzakirələr zamanı mən də təkliflə çıxış etdim. Bildirdim ki, Azərbaycan-Türkiyə-Gürcüstan birliyini bir növ İpək Yolu birliyi kimi dünyaya təqdim etmək lazımdır. Çünki hər üç ölkənin həyata keçirdiyi layihələr-enerji, nəqliyyat, ticarət sahəsindəki fəaliyyət məhz İpək Yolu ideyasını genişləndirmək və möhkəmlətməyə həsr edilib.

- Rusiya prezidenti Putinin Türkiyə səfəri başlayır. Bu səfəri necə qiymətləndirirsiniz?
- Türkiyə-Rusiya əməkdaşlığının çox ciddi əsasları var, iki ölkə arasında böyük iqtisadi münasibətlər mövcuddur. Hər iki ölkə bu istiqamətdə münasibətləri genişləndirməyi məqbul hesab edir. Mən də bu münasibətlərin genişlənməsini düzgün hesab edirəm. Türkiyə Rusiya ilə bu münasibətlərini nəzərə alaraq Cənubi Qafqazda mövcud olan münaqişələrin həlli məsələsini müzakirəyə çıxaracaq. Odur ki, biz Türkiyə-Rusiya arasında olan belə münasibətlərin formalaşmasına müsbət yanaşırıq.

- Bu səfər Rusiyaya qarşı beynəlxalq aləmin sanksiyalar tətbiq etdiyi mərhələdə, habelə Türkiyənin Qərblə münasibətlərinin hamar olmadığı bir dövrdə baş verir...
- Putinin Türkiyə səfəri çoxdan planlaşdırılmışdı. Rusiyaya tətbiq edilən sanksiyalardan daha öncə Türkiyə-Rusiya əməkdaşlığı formlaşdırılmışdı və bu səfər də planda var idi. Odur ki, Rusiyaya qarşı sanksiyaların olub-omadığının bu səfərdə müzakirə edilən məsələlərə aidiyyəti yoxdur. Ancaq Türkiyə bu problemlərin həllinə öz müsbət töhfəsini verməyə qadir olan ölkələrdən biridir. Biz çox istərdik ki, böyük bölgədə Türkiyənin nüfuzu, habelə təhlükəsizlik məsələlərində imkanları daha geniş olsun. Bu, bizim də maraqlarımıza uyğundur.

- Bu səfərdə Putin nəyə nail olmaq istəyir, Ankara hansı dividentlər haqda düşünür?
- Ən əsas məsələ iki dövlət arasında iqtisadi əməkdaşlıqla əlaqəlidir. Hazırda Rusiya Türkiyənin mavi yanacaqla təminatında mühüm rol oynayan ölkədir. Türkiyəni maraqlandıran amillərdən biri də Rusiyanın bazarlarında qardaş ölkənin kənd təsərrüfatı məhsullarının sərbəst satılması məsələsidir. Bu, Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir, çünki kənd təsərrüfatı qardaş ölkə iqtisadiyyatının mühüm sahələrindən biri hesab olunur. Bununla yanaşı turizm sahəsini də nəzərdən qaçırmaq olmaz. Türkiyə turizm mərkəzidir və bura gələnlərin mütləq əksəriyyəti də Rusiyadan olan turistlərdir. Hazırda Rusiya üçün Türkiyə cəlbedici ölkədir. Xüsusilə, Türkiyənin sənaye malları, kənd təsərrüfatı məhsulları Rusiya üçün lazım ola bilər. Bu mənada bir daha qeyd etməliyəm ki, bu iki dövlətin münasibətlərinin kökündə daha çox iqtisadi əlaqələr durur. Ancaq siyasi məsələlərdə fikir yaxınlığı və ya mövqe fərqlərinin olması da normaldır.

- Suriya məsələsinə tərəflərin baxışı fərqlidir. Moskva Əsəd hökumətinə hərtərəfli dəstək verdiyi halda, Ankara Əsəd rejiminin yıxılmasını yeganə çıxış yolu hesab edir. Bu səfərdə qeyd edilən mövqe fərqləri aradan qalxa və uzlaşma əldə oluna bilərmi?
- Mövqe fərqləri təkcə Suriya məsələsi ilə bağlı deyil. Elə Ukrayna məsələsində də tərəflərin mövqeləri ziddir. Digər məsələlərlə əlaqədar da fərqlilik özünü göstərir. Həm də nəzərə alınmalıdır ki, Türkiyə NATO-nun üzvüdür və Ankaranın mövqeyi də bu konteksdə formalaşır. Amma bu istiqamətdə fikir ayrılıqlarının olmasına baxmayaraq iqtisadi sahədə ortaq maraqlar var və bu da tərəflər üçün vacibdir. Odur ki, müzakirə etdiyimiz səfər hər iki ölkənin maraqları baxımından əhəmiyyətlidir.

- Putinin Ankara səfəri Roma papasının səfərindən sonra gerçəkləşdirilir. Bu səfərlər arasında sinxron bağlılıq varmı?
- Bu səfərlər arasında əlaqə yoxdur. Ancaq bundan əvvəl mən Türkiyədə Atlantik Şuranın toplantısında iştirak etmişdim. Orada ABŞ və bir sıra Avropa ölkələrindən mühüm şəxslər də iştirak edirdi. Eləcə də ABŞ-ın vitse-prezidenti Bayden Türkiyəyə səfər edib. Bu səfərlər, təşkil edilən konfranslar Türkiyənin əhəmiyyətinin artdığını nümayiş etdirir, qardaş ölkənin imkanlarını genişləndirir. Biz də buna görə sevinirik. Çünki Türkiyə Azərbaycanın tərəfdaşı, müttəfiqi və qardaşıdır.

- Ermənistanın daxili siyasətində maraqlı proseslər müşahidə edilir. Erməni müxalifəti mitinqlər, küçə yürüşləri təşkil edir, eləcə də erməni müxalifət liderlərinin avtomobilləri “gizli” əllərlə yandırılır. Sizcə, düşmən ölkədə baş verənlər nədən qaynaqlanır?
- Uğursuz bir əraziyə çevrilən Ermənistanda günü-gündən sosial-iqtisadi vəziyyət getdikcə pisləşir və həm də bu problemlərin həlli yolları görünmür. Bu gün Ermənistanda sosial partlayışın ilkin addımlarını müşahidə edirik.

- Orada müxalifətin fəallaşması Rusiya, yoxsa Qərb faktoru ilə bağlıdır?
- Daxildə dözülməz olan durumla birbaşa bağlıdır. Ermənistanın yeganə bir çıxış yolu var. Onlar Azərbaycanla münaqişəyə son qoymalıdır. Beynəlxalq təşkilatların tələb etdiyi addım da münaqişənin dayandırılması, işğal edilən ərazilərdən ermənilərin geri çəkilməsidir. Bu zaman düşmən ölkənin daxilində yaranan problemlərin həlli baş verə bilər.

- Ermənistanın buna gedəcəyi nə qədər realdır?
- Çox təəssüf ki, hələlik bu istiqamətdə Ermənistan heç bir addım atmır, hərəkətə gəlmir.

- Azərbaycan-Rusiya yaxınlaşması bu prosesə pozitiv təsir göstərə bilərmi?
- Mən gözləmirəm ki, bu istiqamətdə hansısa dəyişikliklər olsun. Ancaq Ermənistanda mövcud olan dözülməz vəziyyətdən ölkəni xilas etmək üçün Rusiya bu ölkəyə müəyyən tövsiyələr verə bilər.

- Erməni mətbuatı son zamanlar Rusiya-Türkiyə-Azərbaycan münasibətlərinin yaxşılaşmasını həyəcanla bildirir. Sizcə, niyə Ermənistanda buna qısqanclıqla yanaşırlar?
- Ermənistan belə addımlar görəndə təşvişə düşür. Ermənistan müstəqilliyini itirən hərbi bazadır. Onu bu vəziyyətdə saxlamaq da Rusiyanın maraqlarına uyğundur. Yəni bütün ətrafı ilə düşmən siyasəti sərgiləyən və nəticədə pis duruma düşən Ermənistan məcburən vəziyyəti dəyişmək üçün Rusiyadan ikiəlli yapışmalıdır. Məsələ bundan ibarətdir.

- Son zamanlar saxta erməni soyqırımının yüz illiyi ərəfəsində Türkiyədə erməni mövzusunda konfransların təşkil edilməsi, sərhədin açılmasının gündəmə gətirilməsi müşahidə edilir. Papa da Türkiyəyə sərhədləri açması haqda mesajlar verdi. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyəyə üzərində müəyyən təzyiqlər var. Ancaq sərhədlərin bağlanması səbəbləri və şərtləri dəyişmədiyi üçün qardaş ölkə sərhədləri açmayacaq. Türkiyə prezidenti Azərbaycan parlamentində çıxış edərək bu haqda mövqeyini birmənalı ifadə edib. Əlbəttə, saxta genosidlə bağlı Türkiyə əleyhinə ciddi kampaniya aparılır, Ermənistan işğal etdiyi torpaqlar haqda danışmır, geriyə addım atmır. Ancaq problem yaratmaq siyasətini həyata keçirir. Türkiyə və Azərbaycan üçün Ermənistanı sülhə məcbur etmək istiqamətində əsas vasitə sərhəddir. Bu vasitə yox olandan sonra, regionda vəziyyət daha kəskinləşə və Azərbaycan üçün yeganə yol-hərb yolu qala bilər. Odur ki, Türkiyəyə qarşı olan bu təzyiqlər haqsızdır və daha yaxşı olardı ki, belə təzyiqlər Ermənistanın üzərinə yönəldilsin, bu işğalçı ölkəni sülhə məcbur etsinlər. Yaxşı olardı ki, Papa bu məsələləri Ermənistandan tələb etsin.

- Sizcə, Türkiyə bu təzyiqlərə sinə gələ biləcəkmi?
- Mən elə gəlir ki, davam gətirəcək. Türkiyənin əhəmiyyəti və gücü bunun üçün yetərlidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər