5 Dekabr 2014 13:50
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Məlik: "Mitinqdə iştirak verməyəcəyəm"

"Milli Məclis üzvləri seçilən şəxslərin səlahiyyətini qurultay təsdiq etməli idi. Ancaq qurultay təsdiq etmədi və bu səlahiyyəti təsdiq etmək üçün əvvəlki Məclisə də səlahiyyət vermədi. Hüquqi cəhətdən yeni Məclisin üzvlərinin səlahiyyətləri yox idi ki, əlavə üzvlər seçsinlər. Əslində, Vurğun Əyyubun özü də Məclisin üzvüdür. Ancaq dəfələrlə qeyd edib ki, bu Məclis legitimliyi olmayan qurumdur. Legitim olmayan qurumun seçdiyi Mərkəzi Nəzarət Təftiş Komissiyası və ya Divanı da legitim hesab oluna bilməz. Ancaq hazırda bu strukturlar fəaliyyət göstərir və özlərini səlahiyyətli hesab edirlər".

Bunu Teleqraf.com-a müsahibəsində İsa Qəmbərin sabiq müşaviri, Müsavatın "narazılar" qanadında yer alan Hüseyn Məlik bildirib. Müsahibəni təqdim edirik:

- Hüseyn bəy, qurultayın nəticələrindən narazı qalanlardan biri də Sizsiniz. Artıq narazılar Azərbaycan Demokratiya və Rifah Hərəkatını elan edib. Ancaq onu elan edənlərin sayı çox azdır və Sizin də adınıza rast gəlinməyib. Narazıların öz aralarında da narazılıq var?
- Hərəkat hələlik elan edilib. Bundan sonra təşəbbüs qrupu yaranacaq və onun təsisində də kifayət qədər insan iştirak edəcək. Onlar arasında müsavatçılar, bitərəflər və digər partiyaların üzvləri də olacaq.

- Qurultaydan sonra təklif etmişdiniz ki, ictimai hərəkat yaransın. Bəs nədən üç ay sonra yaradıldı və ən münasib zaman fürsət əldən buraxıldı?
- Bəli, qurultaydan sonra toplaşıb müzakirələr apardıq. Həmin vaxt təklif etdim ki, ictimai hərəkat yaradaq. Ancaq başqa təkliflər də var idi. Hikmət Hacızadə təklif etdi ki, nizamnamə pozuntuları ilə bağlı partiyanın MNTK-na müraciət edək və bu yolla mübarizəni davam etdirək. O, zaman Hikmət bəyin təklifi qəbul edildi. Ancaq Hacızadənin təklifi normal olsa da, ona obyektiv və adekvat cavab veriləcəyini güman etmirdim. Elə belə də oldu, müraciət araşdırılmadı. Halbuki düşünürdük ki, bu məsələlər araşdırılacaq, saxtakarlıq edənlər cəzalandırılacaq. Amma bu baş vermədi. Əvəzində MNTK qeyd etdi ki, heç bir pozuntu olmayıb. Bundan sonra mənim ictimai hərəkatla bağlı təklifim gündəmə gəldi və elan edildi. Biz bu istiqamətdə işləri davam etdirəcəyik. Siyasi partiyalar haqda qanuna görə, ictimai birliklər partiyalar daxilində fəaliyyət göstərə bilər. Müsavat da, onun rəhbərliyi də vaxtilə belə birliklərdə olub. Bu, nizamnaməyə uyğundur və kimsə buna qarşı çıxa bilməz.

- Başqan müavini Nüşabə Sadıxlı hesab edir ki, bu birliyi sifariş əsasında yaratmısınız...
- Mən bilmirəm, Nüşabə xanım niyə belə deyib. Heç ona cavab vermək niyyətim də yoxdur. Mən də deyə bilərəm ki, filankəslər Afrikaya işləyirlər. Nüşabə xanımın əlində fakt varsa, əsaslı söykənəcəyi arqumenti mövcuddursa, buyurub açıqlasın. Ancaq fakta əsaslanmayan söhbətləri ciddiyə almağı doğru saymıram. İlk gündən bilirdim ki, Hikmət Hacızadənin təklifinin nəticəsi olmayacaq. Çünki rəhbərlik başqa istiqamətdə gedirdi. Qurultaydan sonra indiki Müsavat Partiyasının rəhbərliyi Sevinc Hüseynovanın sədri olduğu Mərkəzi Nəzarət Təftiş Komissiyasını cəza aparatına çevirib. Bu MNTK fəaliyyətə başlayandan kimisə cəzalandırmaq, kimisə partiyadan qovmaq, hədə-qorxu gəlmək yolunu seçib. Ardıcıllıqla diqqət edəndə görünür ki, bu qurum MNTK deyil, cəza aparatıdır. Belə olan halda partiyada fəaliyyət göstərmək üçün normal mühit yoxdur. Normal mühit olmayanda mübarizə aparmaq, fəaliyyət göstərmək çətin olur. Odur ki, yeni elan olunan hərəkata uğurlar arzulayıram, onun təşəbbüs qrupunda təmsil olunacağam və bu qurumun möhkəmlənməsi üçün əlimdən gələni edəcəyəm.

- Maraqlıdır, qurultayın nəticələrinə etiraz edənlər partiya daxilində siyasi mübarizə apardı, təkrar qurultay keçirmək üçün addımlar atacağını elan etdi və sonda da gəlib ictimai hərəkat yaratdılar. Siyasi mübarizədən geri çəkilib ictimai fəaliyyətə üstünlük vermək məğlubiyyətin mesajı kimi qiymətləndirilmirmi?
- Biz müsavatçılar olaraq bugün də növbədənkənar qurultayın keçirilməsi məsələsini gündəlikdə saxlayırıq. Bu, ictimai hərəkatın yaranmasına mane olmur.

- Müsavat Partiyası daxilində siyasi mübarizəni davam etdirəcəksiniz?
- Biz, əslində, siyasi mübarizə aparmırdıq. Deyirdik ki, qurultayda saxtakarlıq və pozuntular olub. Bunları hüquq müstəvisinə gətirir və ölçü götürülməsini istəyirdik. Məsələn, qurultaydan sonra Məclis seçildi, amma biz bu qurumu legitim hesab etmirik. Çünki Məclis üzvlərinin sayılması qurultaydan sonrakı günə saxlanıldı və partiyanın qərargahında həyata keçirildi. Hamı bilir ki, Məclis üzvləri seçilən şəxslərin səlahiyyətini qurultay təsdiq etməli idi. Ancaq qurultay təsdiq etmədi və bu səlahiyyəti təsdiq etmək üçün əvvəlki Məclisə də səlahiyyət vermədi. Hüquqi cəhətdən yeni Məclisin üzvlərinin səlahiyyəti yox idi ki, əlavə üzvlər seçsinlər. Əslində, Vurğun Əyyubun özü də Məclisin üzvüdür. Ancaq dəfələrlə qeyd edib ki, bu Məclis legitimliyi olmayan qurumdur. Legitim olmayan qurumun seçdiyi Mərkəzi Nəzarət Təftiş Komissiyası və ya Divanı da legitim hesab oluna bilməz. Ancaq hazırda bu strukturlar fəaliyyət göstərir və özlərini səlahiyyətli hesab edirlər. Baxmayaraq ki, onları səlahiyyəti olmayan bir qurum, konkret desək, öz səlahiyyətləri təsdiq edilməyən Məclis üzvləri seçiblər. Sözümün mənası odur ki, vurğuladığım məsələlər, əslində, bir hüquq və nizamnamə məsələsidir. Biz bu məsələlərə hüquqi prizmadan baxmağı vacib hesab edirik və bunun üzərində də dayanırıq. Bir sözlə, ictimai hərəkatın yaradılmasının bu məsələlərə heç bir aidiyyəti yoxdur. Partiyanın qurultayı, onun nəticələri ilə bağlı mövqeyimizdən imtina etməmişik. Mən nə Məclisi, nə Məclisin seçdiyi Divanı, nə də Mərkəzi Nəzarət Təftiş Komissiyasını qəbul etmirəm. Hesab edirəm ki, bu qurumlar qeyri-legitimdir.

- Ancaq Arif Hacılını başqan kimi qəbul edirsiniz?
- Başqanı qurultay seçib. Ancaq biz başqanı qəbul etməməkdə əsas kimi seçkiqabağı şəraitin qeyri-bərabər olduğunu, partiyanın mərkəzi icra aparatının resurslarından gen-bol istifadə edilməsini göstərirdik. Hacılı inzibati resurslardan istifadə edib. Seçkidə baş verən qanun və nizamnamə pozuntuları kifayət qədər oldu. Biz də buna etiraz edir və ya bu səbəbdən də vuruşurduq. Bir sözlə, saxtakarlıq olub. Biz də bu məqamların araşdırılmasını istəyirdik. Ancaq araşdırılmadı. Qaldırılan məsələlər ciddi araşdırılsaydı, vəziyyət indiki həddə gəlib çıxmazdı.

- Hansı həddə?
- Faktiki olaraq indi Müsavat Partiyası böhran yaşayır. Ancaq qaldırılan məsələlər araşdırılsaydı, böhran yaşanmazdı. Qarşı tərəf də buna getmədi. Nəticədə indiki vəziyyət yarandı.

- Müsavatın bundan sonrakı durumu necə olacaq?
- İndi faktiki olaraq böhrandan çıxış yolu axtarılmalıdır.

- Axtarılırmı?
- İstər Arif Hacılı, istər Qubad İbadoğlu, istərsə də İsa Qəmbər, Hikmət Hacızadə, Vurğun Əyyub və digərləri birlikdə bunu araşdırıb böhrandan çıxış yolu tapmalıdırlar.

- İsa Qəmbər indi sizin qeyri-legitim hesab etdiyiniz Məclisin üzvüdürsə, tərəf deyilmi?
- Mən, sadəcə, çıxış yolu olaraq bunu qeyd etdim.

- İddia edilir ki, İsa Qəmbər istəsə, ortaya daha ciddi mövqe qoyaraq narazıların böyük bir qismini öz tərəfinə çəkərək razıların yanına gətirə bilər...
- İndi KİV və sosial şəbəkələrdə deyirlər ki, kimlərsə ortaya çıxmalı, sülh yaranmalıdır. İndiki böhrandan çıxış əldə etmək üçün hər kəs üzərinə missiya götürüb bunu həll edə bilməz. Ancaq İsa Qəmbər bunu həll edə bilər. O, istəsə bu missiyanı üzərinə götürə, hər iki tərəflə danışıb böhrandan çıxış yolunu tapa bilər. Bu gün də gec deyil. Bu missiyanın açarı hələlik İsa Qəmbərdədir. O, nüfuzundan istifadə edərək bu məsələləri çözə bilər.

- Narazılar Müsavatın 14 dekabr mitinqinə qatılacaqmı?
- Bununla bağlı məsələ müzakirə edilib. Biz İşçi Qrupunda bu haqda məsləhətləşmə aparmışıq. Qərara alınıb ki, hamı mitinqdə iştirak etsin. Sadəcə olaraq, mənim özüm mitinqdə iştirak etməyəcəyəm. Çünki ayın 14-də rayonda olacağam.

- Müsavat Partiyası güclü olaraq qalacaq, yoxsa elan olunan hərəkat ondan güclü olacaq?
- Müəyyən qədər insanlar və ziyalılar var ki, hərəkatda təmsil olunmaq istəyir. Təşəbbüs qrupu yaranandan və cəmiyyət müəyyən isimləri burada görəndən sonra hansı qurumun daha güclü və ya zəif olmasını insanlar görəcək. Bizim cəmiyyətimiz belə şeylərə həssas yanaşır.

- Hərəkatın rayon təşkilatları yaranacaqmı?
- Normalda hərəkatın rayon təşkilatları olmalıdır. Elə bir təşkilat ola bilərmi rayonda strukturu olmasın? İndi bir çox ictimai birliklər var ki, bölgələrdə müvafiq strukturları yaradılıb.

- İctimai hərəkatın sonradan siyasi quruma çevrilməsi üçün hər hansı bir müzakirə aparılırmı?
- Hazırda bu istiqamətdə müzakirələr yoxdur. İndi daha çox hərəkatın yaradılması, strukturlarının qurulması məsələsi gündəmdədir.

- Sizə elə gəlmirmi ki, Müsavatdakı razılar və narazılar artıq qırmızı xətti keçiblər və onların birgə fəaliyyəti mümkün deyil?
- Bunu zaman göstərəcək. Ancaq biz partiyadan getmək, yeni partiya yaratmaq niyyətində olmadığımızı ifadə etmişik. Digər məsələləri gələcək özü müəyyən edəcək. Məncə, tərəflər qırmızı xətti keçməməli idi.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər