13 Dekabr 2014 13:23
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Konkret demişdi ki, əgər Qazaxıstanda dəyişiklik vacibdirsə, artıq gənc və yetişmiş dövlət adamı olan Nursultan Nazarbayevi gətirmək olar. Ancaq bu mövqe SSRİ rəhbəri Qorbaçovun xoşuna gəlməmişdi. Lakin hamıya məlum oldu ki, Qazaxıstanda hakimiyyətə kimin gətirilməsi məsələsində Heydər Əliyev ortaya mövqe qoyaraq millətcə rusun deyil, qazaxın iqtidara gətirilməsini vacib hesab etmişdi. Müstəqilliyimizin ilk illərində də o, türk dünyasının lideri kimi qəbul edilirdi. Türk dövlət başçılarının zirvə toplantılarında, ikitərəfli görüşlərdə bunu hər kəs etiraf edirdi”.

Bunu qəzetimizə müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib. Müsahibəni təqdim edirik:

- Nizami müəllim, Heydər Əliyevin vəfatının ildönümüdür. SSRİ Siyasi Bürosunun tək azərbaycanlı üzvü olan bu dahi şəxsiyyəti necə xarakterizə edərdiniz?
- Heydər Əliyevin tarixi şəxsiyyət olması son dərəcə aydın məsələdir. Ancaq o, eyni zamanda, tarixi şəxsiyyətlər içərisində də seçilir. O, tarixi şəxsiyyətlərin iddiasında olduğu bir ideyanı həyata keçirə bildi. Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını təmin etdi. Bu missiya hər tarixi şəxsiyyətə verilməyib. İkincisi, şəxsiyyət kimi olduqca müdrik insan idi. Bu, dünyada Azərbaycanla, tarixlə maraqlananlar üçün hər zaman bilinəcək. Heydər Əliyev xalqla məsləhətləşə bilirdi, xalqın tarixinə bələd idi. Xalqla dialoqa girir, əsas məsələləri ümumiləşdirməyi bacarırdı. Ən kiçik məsələdən tutmuş böyük məsələlərə qədər hər zaman mütəxəssisləri toplayıb onların fikrini öyrənirdi. Onun müdrikliyi, uzaqgörənliyi, dahiliyi həm də ondan ibarət idi ki, özü intellektual şəxsiyyət olmasına baxmayaraq, təklikdə qərar qəbul etmirdi. O, qərarın qəbulu üçün tələb olunan məclislərdə bunu qaldırıb müzakirələrdən keçirir və sonra qəbul edirdi. Bu, onun müdrikliyinin və bir insan kimi mükəmməlliyinin göstəricisi idi. Nəhayət, Heydər Əliyevin tarixi xidmətlərindən biri o oldu ki, indiyə qədər mövcud olan bir çox ideya və xəyalları həyata keçirdi. Bunu həyata keçirmək artıq siyasi xadimin işi idi.

- Maraqlı mövzulardan biri də, Heydər Əliyev və Azərbaycan dilidir. Bu tarixi şəxsiyyət SSRİ zamanı uzun illər böyük dövlət vəzifələrində çalışdı, Moskvada işlədi. Ancaq ondan qat-qat aşağı səviyyədə çalışanlar öz ana dilini unudaraq rus dilində danışdığı halda Heydər Əliyev ana dilini heç zaman unutmadı, əksinə, bu dilin incəliklərinə qədər bələd idi...
- Tamamilə haqlısınız. O, Azərbaycan dilində dil açmışdı, orta məktəbi bu dildə bitirmişdi. Özü də yeniyetməliyini Naxçıvanda keçirmişdi. Həmin dövrdə Moskvadan baxanda Naxçıvan əyalət idi. Əyalətlərdə rus dili o qədər də əsas deyildi, ancaq hər kəs çalışırdı ki, bu dili yaxşı bilsin. Əyalətlərdən fərqli olaraq Bakıda insanların çoxu rus dilində təhsil alır, öz ana dilini unudurdu. Heydər Əliyev isə ana dilinin övladı idi və belə formalaşmışdı. Heydər Əliyev rus dilini sonradan öyrənmişdi, amma gözəl öyrənmişdi. Ümumiyyətlə, mən bir neçə rus dili mütəxəssisindən eşitmişəm ki, Heydər Əliyevin ruscasında Azərbaycan dilinin enerjisi də var idi. Yəni rus dilinə azərbaycanlı təfəkkürünü də gətirə bilmişdi. Başqa sözlə, müəyyən qədər qürur, ötkəmlik, sözü mərdanə demək, süni siyasətpərəstlik və diplomatiya nümayiş etdirməmək. Bu xüsusiyyətlər Heydər Əliyevin nitqində var idi və hiss edilirdi ki, bu bir azərbaycanlı xarakterinin nitqi idi. Ancaq onun üçün ana dili müqəddəs idi. O, birinci hakimiyyətdə olduğu müddətdə ana dili çox inkişaf etdi. Təsəvvür edin ki, birinci katib işlədiyi müddətdə Azərbaycan yazıçılarının bütün qurultaylarında iştirak edir, onların nüfuzunu yüksəldirdi. Yazıçılarımız da öz ana dilində yazırdı. Başqa türk respublikalarında vəziyyət bu cür deyildi. Bizim gözümüzün qarşısında Qazaxıstan və Qırğızıstan təcrübəsi var. Bu ölkələrdə rus dilində yazılırdı. Məsələn, Çingiz Aytmatov və ya Oljas Süleymenov kimi nəhənglər rus dilində yazıb yaradırdılar. Ancaq bir neçə nəfəri çıxmaqla həmin vaxt Azərbaycanda rus dilində yazan yazıçı olmadı. Azərbaycan dilində yazanların da şöhrət və nüfuzu çox yüksək oldu. Sonrakı dönəmdə də ana dilinə xüsusi diqqət yetirdi. Mən yalnız bir faktı qeyd edə bilərəm. Azərbaycanın ilk konstitusiyası qəbul edilən zaman Heydər Əliyev dil məsələsinə xüsusi diqqət yetirdi. Yəni, Heydər Əliyev hakimiyyətə gələndə bizdə Azərbaycan dili türk dili adlanırdı. Və həm də bu geniş müzakirə aparmadan, hansısa konyunktur məqsədlə edilmişdi. Amma Heydər Əliyev türk dilindən Azərbaycan dilinə keçmək barədə dərhal qərar vermədi. Bunu istəsəydi, edə bilərdi. Amma o, bu məsələni ciddi müzakirələrə açdı. Xatırlayıram, həmin 1995-ci ildə bu istiqamətdə çox ciddi müzakirələr aparıldı. “Nə üçün türk dili, nə üçün Azərbaycan dili, nə üçün Azərbaycan türkcəsi” kimi məsələlər geniş müzakirə edildi, alimlər bu işə cəlb edildi. Sonda da normal və düzgün qərar qəbul edildi. Konstitusiya referendumunda dilin adının necə olması ayrıca sual kimi ona görə qoyuldu ki, cəmiyyət və dünya hiss etsin ki, dövlət üçün dil nə dərəcədə əhəmiyyətlidir. Həmin dövrdə dövlətin siyasətində dilin adı ilə yanaşı başqa söhbətlər də gedirdi. Heydər Əliyev həm müzakirələrlə, həm də müdrik təmkinlə bu məsələni olduqca yüksək səviyyədə başa çatdırdı. Bundan sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi üçün çoxlu sayda sənədlərin qəbul edilməsinə nail oldu. Nəticə etibarı ilə dilimizə şöhrət gətirdi. Ana dilini dövlətin siyasətinin mühüm tərkib hissəsi kimi tədqiq elədi. Yeri gəlmişkən, başqa vəziyyət də ola bilərdi. Ən azından bu məsələ sərbəst buraxıla bilərdi. O həddə qədər ki, digər türk respublikalarında olduğu kimi bizdə də vəziyyət fərqli duruma gələrdi. Məsələn, Qazaxıstanda olduğu kimi. Qazaxıstanda həm rus dilinin, həm də qazax dilinin dövlət dili olması məsələsi ortaya çıxdı. Bizdə belə olsaydı, heç şübhəsiz ki, Azərbaycan dili öz mövqeyini az qala tamam itirəcəkdi. Odur ki, Heydər Əliyev dil məsələsinə xüsusi əhəmiyyət verdi. Heç zaman imkan vermədi ki, dil məsələsindən konyunktura baxımından istifadə edilsin. Onun özünün də fikri belə idi ki, dövlət dili Azərbaycan dili olmalıdır. Ancaq bundan sui-istifadə edənlər az qaldı desinlər ki, Azərbaycan dili türk dili deyil. Ancaq müzakirələr zamanı Heydər Əliyevin özü onlara cavab verdi ki, bəli, Azərbaycan dili türk dilidir. Hətta bir söz də, əlavə etdi ki, kimin başında ayrı fikir varsa, onu başından çıxarsın. Çünki dil məsələsində o qədər problem olmasa da, xalqın mənşəyi məsələsində bəzi qüvvələr problem yaradırdılar. Heydər Əliyev onlara da müvafiq cavablar verdi.

- Heydər Əliyevin Azərbaycanın digər türk dövlətləri ilə yaxınlaşmasında hansı xidmətləri olub?
- Hələ sovetlər zamanı Heydər Əliyevi türk xalqlarının ağsaqqalı hesab edirdilər. Həmin vaxt sovet məkanında əsasən türk dünyasının üç ağsaqqalı və lideri var idi. Onlar Heydər Əliyev, Qazaxıstan rəhbəri Din Mühəmməd Kulayev və müəyyən qədər Özbəkistan dövlət başçısı Şərəf Rəşidov idi. Həmin dövrdə Moskvada bilirdilər ki, vəziyyət bu cürdür. Çünki Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə gələndən və yüksələndən bütün türk dünyasında bu tarixi şəxsiyyətin tərcümeyi-halı izlənirdi. Bu, həm də türk xalqlarında siyasətlə məşğul olanların, ziyalıların simpatiyası idi. Fəxr edirdilər ki, belə bir adam meydana çıxıb, Moskvada Siyasi Büronun üzvü olub. Eyni zamanda, Heydər Əliyev milli məsələlərdə yeri gəldikcə mövqeyini ifadə edirdi. Xüsusilə, kritik məqamlarda. Məsələn, Din Məhəmməd Kulayevdən sonra Qazaxıstan rəhbərliyinə rus Kolbinin gətirilməsinə Siyasi Büroda Heydər Əliyev tərəfindən etiraz ifadə olunmuşdu. Həm də konkret demişdi ki, əgər Qazaxıstanda dəyişiklik vacibdirsə, artıq ə yetişmiş dövlət adamı olan Nursultan Nazarbayevi gətirmək olar. Ancaq bu mövqe SSRİ rəhbəri Qorbaçovun xoşuna gəlməmişdi. Lakin hamıya məlum oldu ki, Qazaxıstanda hakimiyyətə kimin gətirilməsi məsələsində Heydər Əliyev ortaya mövqe qoyaraq millətcə rusun deyil, qazaxın iqtidara gətirilməsini vacib hesab etmişdi. Müstəqilliyimizin ilk illərində də o, türk dünyasının lideri kimi qəbul edilirdi. Türk dövlət başçılarının zirvə toplantılarında, ikitərəfli görüşlərdə bunu hər kəs etiraf edirdi. Türk dövlət başçılarının hər zaman belə fikri olub ki, Heydər Əliyev bizim ağsaqqalımız, liderimizdir. Heydər Əliyev zirvə toplantılarının birində açıq şəkildə bildirmişdi ki, türk xalqları arasında mövcud olan mədəni əlaqələri və birliyi həmin xalqlar arasındakı siyasi birlik tamamlamalıdır. Bu, çox böyük söz idi. Yəni türk xalqlarının siyasi bütövlüyü olmalıdır. Bunun üçün o, həmişə çalışmışdı. Bu gün də və gələcəkdə də Heydər Əliyevin bu istiqamətdə tarixi xidmətləri qeyd edilir, etiraf olunur. Bu, istənilən türk dövlətində müzakirəsiz qəbul olunur.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər