23 Dekabr 2014 09:20
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1607 bələdiyyənin üçdə biri qədər namizəd irəli sürülməlidir ki, pulsuz efir vaxtı əldə olunsun. Bu da təxminən 500 bələdiyyə subyekti edir. Bunu həll etmək çətindir? İkincisi, bu, bilavasitə MSK-ya aidiyyəti olmayan məsələdir. Parlamentdə ondan çox siyasi partiya təmsil olunur. Onlar qanunvericilik təşəbbüsü ilə çıxış edə, bu proseduraya yenidən baxa, lazım gəlsə, sayı endirə bilərlər. Bu, onların təşəbbüsündən asılıdır. Əgər üçdə bir subyekt üzrə namizəd irəli sürməyə çətinlik çəkirlərsə, parlamentə müraciət edib məsələni gündəmə gətirə bilərlər”.

Bunu qəzetimizə müsahibəsində Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib. Müsahibəni təqdim edirik.

- Mikayıl bəy, bu gün bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərə necə hazırlaşıb?
- Azərbaycanın seçki sistemi bu gün keçiriləcək bələdiyyə seçkilərinə tam şəkildə hazırdır. İl ərzində Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinə hazırlaşıb, bu məqsədlə mütəmadi monitorinqlər keçirilib, bir sıra maarifləndirmə tədbirləri baş tutub. Bu tədbirlər müxtəlif formatlarda həyata keçirilib. Seçkilər çox yüksək səviyyədə təşkil olunacaq. Seçkiləri keçirmək gücündəyik. Millətimizə layiq şəkildə seçkilərin keçirilməsi təmin ediləcək.

- Seçkilərlə bağlı namizədlərin qeydiyyata alınması, təbliğat-təşviqat işlərinin aparılması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olubmu?
- Əlbəttə, olub. Mümkün deyil ki, seçkilərə hazırlıq, namizədliyin qeydiyyata alınması mərhələsi olsun və şikayətlər olmasın. Şikayətlər daxil olub. Seçki hazırlığına start veriləndən sonra bələdiyyə üzvü seçilmək istəyən şəxslər hərəkətə gəlib, çoxlu sayda iddiaçı namizədliyini irəli sürüb və qeydiyyata alınmaq məqsədilə tələb olunan proseduraları keçib. Hazırda 37 min 77 nəfərin namizədliyi qeydiyyata alınıb. Ümumiyyətlə isə 38 min nəfərdən çox şəxs namizədliyini irəli sürüb. Onların bir hissəsi namizədlikdən imtina edib, bir hissəsi tələb olunan müddətdə sənədlərini təqdim edə bilməyib, bir hissəsinin namizədliyi Dairə Seçki Komissiyası tərəfindən qeydiyyata alınmayıb. Bundan sonra da həm Dairə Seçki Komissiyasına, həm də Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olub. İyirmiyə yaxın şikayət MSK-ya edilib. Onların hər biri ciddi şəkildə araşdırılıb və böyük əksəriyyəti müsbət həll edilib. Elə şikayətlər var idi ki, vaxtı keçəndən sonra edilmişdi. Təbii ki, onlara baxmaq mümkün olmadı. Ümumilikdə insanlarla aktiv iş aparıldı. Böyük əksəriyyətin iradəsinin ifadə olunan ortamı yarandı. Bu proseslər uğurla bütün mərhələləri keçdi. Bülletenə 37077 nəfərin adı düşəcək, bunlardan 15035 nəfəri bələdiyyə üzvü seçiləcək.

- Bələdiyyələrə maraq hansı səviyyədədir?
- Şübhəsiz ki, var. Bunu fərziyyə ilə deyil, konkret rəqəmlər əsasında söyləyirəm. Qeyd etdim ki, 40 minə yaxın vətəndaş bələdiyyəyə namizədliyini irəli sürüb, onun 37 mindən çoxunun namizədliyi qeydə alınıb. Bunlardan 15035 nəfəri seçilə biləcək. Bu isə o deməkdir ki, bir bələdiyyə yerinə 10,5 namizəd var, yəni rəqabət güclüdür. Əgər maraq olmasaydı, bir bələdiyyə yerinə 10 nəfərin rəqabət aparmaq istəyi də olmazdı. Biz həm də nəzərə almalıyıq ki, ötən dəfəki seçkilərdə bələdiyyə yerləri daha çox idi. Ancaq aradan keçən müddətdə bir neçə bələdiyyə birləşdirilib. Hazırda 1607 bələdiyyə mövcuddur. Ötən seçkidə isə bu say çox idi. Əvvəlki seçkidə 30 min vətəndaş namizədliyini irəli sürmüşdü, bu dəfə isə 37 min vətəndaş namizədliyini irəli sürüb. Odur ki, bu gün aktiv seçki gözləyirik.

- Belə iddialar irəli sürülür ki, insanlar bələdiyyə seçkilərinə maraq göstərmir. Söhbət namizədlərdən deyil, seçicilərdən gedir.
- Mən bilmirəm ki, bunu deyənlər hansı kriteriyalara əsaslanır. Ancaq bunu biz daha dəqiq şəkildə seçkilərdə müşahidə edəcəyik. Həm də günün sonunda biləcəyik ki, seçicinin neçə faizi seçkilərdə iştirak edib.

- Siyasi partiyaların bələdiyyə seçkilərinə münasibətini necə qiymətləndirirsiniz?
- Səkkiz siyasi partiya namizədlə iştirak edirsə, 30 partiya nümayəndəsi prosesə qoşulursa, demək, seçkiyə maraq ciddidir. Seçkilərdə seçicinin aktiv iştirakını gözləyirik.

- Partiya olaraq yalnız Yeni Azərbaycan Partiyası qeydiyyatdan keçə bilib?
- Xeyr. Ümumilikdə 8 partiya qeydiyyatdan keçib. Ancaq daha çox namizəd YAP tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin üçdə biri qədər namizəd irəli sürən siyasi partiya pulsuz efir vaxtı ilə təmin edilir. Bu sayda isə ancaq YAP namizəd irəli sürə bilib. Lakin digər siyasi partiyalar bu həddi keçə bilmədiyi üçün Yeni Azərbaycan Partiyası da pulsuz efir vaxtından imtina edib. Ancaq ümumilikdə seçkilərlə bağlı səkkiz partiya qeydiyyatdan keçib, otuz partiya nümayəndələri də seçkilərə qatılıb.

- Seçki günündə MSK-ya şikayətlər daxil olacaq. Bu məsələlərin həlli, şikayətçiyə dərhal cavab verilməsi üçün işlər necə qurulub, ümumiyyətlə şikayətlərə seçki günü cavab veriləcəkmi?
- Seçki qanunvericiliyinə görə seçki müddətində daxil olan müraciət və şikayətlərə dərhal baxılır. Seçkiyə bir ay qalmış daxil olan şikayətlərə iki gün, seçki günü isə dərhal baxılır. Seçki günü məntəqə, dairə və MSK üzvləri iş yerlərində olacaqlar, daxil olan şikayətlərə də dərhal cavab veriləcək. O cümlədən DSK üzvləri dairənin binasında olacaqlar və şikayətlərlə bağlı araşdırma aparıb cavab verəcəklər. MSK üzvləri isə daxil olan şikayətlərə dərhal reaksiya verəcəklər. Lazım olsa, MSK-nın iclası çağırılacaq və dərhal məsələ müzakirə ediləcək.

- Bu gün MSK-nın iclası keçiriləcəkmi?
- İclasa ehtiyacı olan şikayət daxil olacaqsa, əlbəttə ki, iclas çağırılacaq və ona münasibət bildiriləcək. Bu məsələ daha çox ediləcək şikayətin xarakterindən asılı olacaq. Şikayətlər çox olsa belə, buna dərhal baxılacaq. Nəzərə alın ki, bu seçkilər yeni seçki deyil və ilk dəfə deyil. Komissiya sistemi bizdə kifayət qədər təkmilləşib. Təlimatlar, məcəllə var, hər şey ona uyğun həll edilir.

- Seçkiləri nə qədər müşahidəçi izləyəcək?
- Respublika üzrə 50 min 551 müşahidəçi qeydiyyatdan keçib. Bu, az rəqəm deyil. Əlbəttə, xarici müşahidəçilər də prosesə dəvət olunub.

- Siyasi partiyalar qeyd edirlər ki, bələdiyyə seçkilərində təşkilat kimi qeydiyyatdan keçmək və pulsuz efir vaxtı əldə etmək üçün tələb olunan proseduralar çox mürəkkəbdir. Bu, təxminən parlament və prezident seçkilərində tələb olunan proseduralar kimidir. Bu şikayətə münasibətiniz necədir?
- Nədir çətin olan? 1607 bələdiyyənin üçdə biri qədər namizəd irəli sürülməlidir ki, pulsuz efir vaxtı əldə olunsun. Bu da təxminən 500 bələdiyyə subyekti edir. Bunu həll etmək çətindir? İkincisi, bu bilavasitə MSK-ya aidiyyəti olmayan məsələdir. Parlamentdə ondan çox siyasi partiya təmsil olunur. Onlar qanunvericilik təşəbbüsü ilə çıxış edə, bu proseduraya yenidən baxa, lazım gəlsə, sayı endirə bilərlər. Bu, onların təşəbbüsündən asılıdır. Əgər üçdə bir subyekt üzrə namizəd irəli sürməyə çətinlik çəkirlərsə, parlamentə müraciət edib məsələni gündəmə gətirə bilərlər. Nəzərə alın ki, bizdə qanunları qəbul edən və ya dəyişdirən orqan Milli Məclisdir. Hesab edirəm ki, partiyalar 500 namizəd irəli sürə bilərlər.

- Görünən budur ki, pulsuz efir vaxtı əldə etmək üçün partiyalar tələb olunan 500 namizəd irəli sürə bilməyib.
- Mənə elə gəlir ki, əslində, sürə bilərdilər. Ola bilsin ki, bunun üçün həm də çox çalışmaq lazım gəlir. Xatırlayıram, 2000-ci ildə təkcə AXCP-nin 1300 üzvü bələdiyyə üzvü seçilmişdi. Amma o zaman daha aktiv iştirak edirdilər və fəal idilər. Ancaq indi partiyalarda da passivlik hökm sürür. Bir daha qeyd edim ki, partiyalar seçkidə daha aktiv iştirak edə və qoyulan baryeri keçə bilərlər. Bu daha çox onlardan asılı məsələdir.

- Sizin keçmiş partiyanız BAXCP-nin seçkilərdə vəziyyəti necədir?
- BAXCP seçkilərdə iştirak edir, 300-dən çox namizədi var.

- Seçkinin nəticələri nə zaman açıqlanacaq?
- Yəqin ki, iki sutkadan sonra protokollar MSK-ya daxil olacaq. Biz də buna uyğun olaraq ictimaiyyətə məlumat verəcəyik. Seçki günü nəticələr ayrı-ayrı seçki məntəqələrində bəlli olur, lakin bizə protokollar bundan sonra daxil olmağa başlayır. MSK-nın Seçkilər və İnformasiya Mərkəzi də gün ərzində fəaliyyət göstərəcək. Əlbəttə, seçki gününün axşamı ilkin nəticələr bilinir. Ancaq bəzən şikayətlər və müraciətlər də daxil olur və bu məsələlər də araşdırılır. Bəzən şikayətçinin hüquqları yenidən bərpa olunur. Bu gün gecə saatlarında hansı sayda əhalinin iştirak etməsi haqda məlumat vermək olar. Ancaq yekun nəticə 7-10 gün müddətinə bilinəcək.

- Seçki fəallığı gözləyirsiniz?
- Bəli, gözləyirəm. 37 min namizəd varsa, ən azından onlar tərəfdarlarını seçki qutularına tərəf gətirməyə cəhd edəcəklər. Məncə, ciddi rəqəmlər ola bilər.

- Bələdiyyə institutu bizdə özünü doğruldubmu?
- Bələdiyyə yerli özünüidarə institutudur. 1995-ci il Konstitusiyasında yerli özünüidarə institutları bələdiyyə adlandırılıb. Bu, hər ölkədə var. Düzdür, hazırda bizdə bələdiyyələr özünün çiçəklənmə dövrünü yaşamasa da, əhalimiz üçün münasibdir. Bu institutun möhkəmlənməsi və inkişafına ehtiyac var. Dövlət də bunu dəstəkləyir. Fikrimcə, seçicilər də seçkilərdə iştirak etməli, bu institutun formalaşması, inkişafı üçün maraqlı olmalıdır. Həm də bu institutun gələcəyinə nikbin yanaşmaq lazımdır. Bu qurumu yaşatmaq və inkişaf etdirmək lazımdır.

- Seçicilərin və seçki məntəqələrinin sayı nə qədərdir?
- 5 mindən çox seçki məntəqəsi var. 4 milyon 800 minə qədər də seçici. Biz də seçiciləri seçkiyə dəvət edirik. Gəlsinlər, öz əraziləri üzrə bələdiyyələrini seçsinlər.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər