22 Yanvar 2015 11:01
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Hacıbəyli: “Partiya seçkilərə öz siyahısı ilə getməlidir”

“Düzdür, AXCP-dən bəzi şəxslər elan edib ki, bu görüşdən hansısa nəticələr çıxarmaq tezdir. Mən buna normal yanaşıram. Görüşlə bağlı fərqli fikirlər var və bu da təbiidir. Mən şəxsən AXCP funksionerlərinin açıqlamalarında qeyri-adi bir şey görmürəm. Hesab edirəm ki, bu görüşdən uzaq gedən nəticələrə gəlmək lazım deyil. Görüş olub, müəyyən müzakirələr aparılıb”.

Bunu qəzetimizə müsahibəsində Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli bildirib. Müsahibəni təqdim edirik.

- Mustafa bəy, Müsavat Partiyasının qarşıdan gələn parlament seçkiləri ilə bağlı mövqeyi nədən ibarətdir?
- Seçkilərdə iştirak edilməlidir. Partiyada əksəriyyətin fikri belədir ki, Müsavat seçkilərə öz siyahısı ilə getməlidir. Düzdür, bununla bağlı konkret qərar yoxdur. Amma çoxluğun düşüncəsi belədir. Eləcə də hesab edilir ki, seçki məcəlləsinin liberallaşdırılması istiqamətində fəaliyyət aparılmalıdır. Bu istiqamətdə siyasi partiyalarla əməkdaşlıq zəruridir. Əlbəttə, seçki günü müşahidənin qurulması kimi məsələlər partiyalar arasında funksional əməkdaşlığı zəruri edir.

- İndi seçki hazırlığı varmı?
- Seçkiyə hazırlıq göz önündədir. Düşüncə Mərkəzində bu mövzuda müzakirələr aparılıb. Eyni zamanda da AXCP-Müsavat arasında ilkin danışıqlar başlayıb. Siyasi partiyalar öz fəaliyyətlərində seçkilərə hazırlaşır.

- Müsavatın seçkilərdə kimlərlə bir yerdə olacağı dəqiqləşibmi?
- Müsavat Məclisinin son sessiyasında bu istiqamətdə bir sıra çıxışlar olub. Məclis üzvlərindən bəzisi seçkilərdə partiyanın öz namizədləri ilə iştirakını təklif edib. Həmçinin müəyyən şəxslər seçkilərdə iştirak edəcəyini və namizədliklərini irəli sürəcəyini deyiblər. Həmçinin müəyyən dairələrdə Müsavatın digər partiyalarla vahid namizəd irəli sürə biləcəyinin mümkünlüyü ifadə edilib.

- 20 Yanvar faciəsini Müsavat ayrı, AXCP və Demokratiya Mərkəzi isə ayrı ziyarət etdi. Səbəb nədir?
- Müsavat Bakıda, Sumqayıtda, Ağcabədidə, Masallıda, Biləsuvarda Şəhidlər Xiyabanını ziyarət edib. Fikrimcə, belə ziyarətlər zamanı siyasi spekulyasiyaya yol verilməməlidir. Konkret siz deyən məsələyə gəldikdə, bu haqda məlumatım yoxdur.

- AXCP ilə Müsavatın seçkilərdə birgə iştirakı nə dərəcədə mümkün və realdır?
- AXCP ilə Müsavat arasında rəqabətli seçki mühiti, demokratik seçkilər mövzusunda əməkdaşlıq olmalıdır. Həmçinin məhbuslarla bağlı tədbirlər bütün müxalifət camiəsini əhatə etməlidir. Seçki komissiyaları və seçkilərdə müşahidəçilik institutunun yaradılması istiqamətində bu iki partiya birgə olmalıdır.

- Bu, sizin şəxsi fikrinizdir, bəs reallıq nədən ibarətdir?
- Fikrimcə, mümkün olacaq və bu, zərurətdir. Hətta partiya rəhbərliyi səviyyəsində qərar verilməsə belə, partiyadan olan müşahidəçilər seçkilərdə əməkdaşlıq edəcəklər. Bu, məntiqdir.

- Arif Hacılı ilə Əli Kərimli görüşdü. Ancaq AXCP-yə bağlı şəxslər görüşə isti baxmadı.
- Fikrimcə, bu iki partiyanın birgə olması, seçki müşahidəsi məsələsində əməkdaşlığı ehtimalı kimlərisə narahat edir.

- Kimləri narahat edir?
- Siz bilirsiniz ki, bəzi media qurumlarının əksəriyyətinin məqsədi dedi-qodu yaratmaq və ya olan narazılıqları qabartmaqdan ibarətdir.

- Siz dediyiniz bundan qaynaqlanmır. AXCP funksionerləri elan edirlər ki, bu görüşə iki partiyanın əməkdaşlığı kimi baxmaq olmaz...
- Mən bu görüşə müsbət yanaşıram. Hesab edirəm ki, müzakirələr davam etdirilə bilər. Burada pis şey yoxdur. Düzdür, AXCP-dən bəzi şəxslər elan edib ki, bu görüşdən hansısa nəticələr çıxarmaq tezdir. Mən buna da normal yanaşıram. Görüşlə bağlı fərqli fikirlər var və bu da təbiidir. Mən şəxsən AXCP funksionerlərinin açıqlamalarında qeyri-adi bir şey görmürəm. Hesab edirəm ki, bu görüşdən uzaq gedən nəticələrə gəlmək lazım deyil. Görüş olub, müəyyən müzakirələr aparılıb.

- 2005 və 2010-cu il seçkilərində AXCP sizinlə birlikdə olub, bir blokda iştirak edib. İndi keçmiş müttəfiqiniz Müsavatla niyə birgə olmaq istəmir?
- Mən siyasi partiyaların efir vaxtı əldə etməsi üçün hər bir təşkilatın öz namizədləri ilə seçkiyə getməsinin tərəfdarıyam. Həm də bu zaman hər bir partiya çalışacaq ki, ətrafını səfərbər etsin, daha çox namizəd irəli sürə bilsin.

- 2010-cu il parlament seçkilərində AXCP-Müsavat seçki bloku heç 40 namizəd irəli sürə bilməmişdi, indi bu partiyalar ayrı-ayrılıqda efir vaxtı əldə etmək üçün 60 namizəd irəli sürə biləcək?
- Deməli, mümkün qədər daha çox namizəd irəli sürmək lazımdır. Bəzən namizəd olmaq istəyən şəxs bunu rəsmiləşdirə bilmir, bəzən şəxsin namizədliyi ləğv edilir və s. Odur ki, partiyalar vahid namizəd məsələsi ətrafında öz namizədlərinin imkanlarını məhdudlaşdırmamalıdır. Hər partiyanın öz namizədi olmalıdır, çox namizəd həm də çox insanı seçkiyə cəlb etməkdir. Sonda isə razılaşmaq və anlaşmaq olar.

- Bu halda AXCP və Müsavatın olan-qalan elektoratı parçalanmayacaq?
- Həlledici məsələ bu deyil. Səslər nəticəni müəyyən edəndə müəyyən qərarlar vermək mümkündür. Biz dediyimiz mərhələyə çatanda namizədlərin razılaşdırılması məsələsini həll etmək mümkündür. Ancaq indilikdə səs parçalanmasının seçkiyə təsiri yoxdur. Demək, bu məsələ ortada da deyil.

- Niyə AXCP-Müsavat münasibətləri hamar deyil və ittihamlar hələ də davam edir?
- Siyasi partiyalar arasında münasibətlər uzun müddətdir hamar getməyib. Ancaq bu, o demək deyil ki, partiya özünütəcrid siyasətini yürütməlidir.

- Siz sosial şəbəkədə yazmısınız ki, “Yurd”çularla vuruşmusunuz. Bəs bu cür mövqe qıcıq yaratmırmı və sizə qarşı analoji cavab verilməməlidir?
- Sizi anladım. Ancaq mən həmin statusun sonunda yazmışam ki, gəlin yenidən qayıdaq başa. Bəli, vuruş da, söz atışmaları da olub. Baxmayaraq ki, münasibətlərdə soyuqluq, gərginlik, ittihamlar yaşanıb, ancaq mən bütün bu dövrlərdə cəbhəçiləri başqasının ayağına verməmişəm. Qeyd edim ki, AXCP qərargahından çıxanda bir neçə nəfər aclıq aksiyası keçirdi və onlardan biri də mən oldum. Eləcə də, cəbhəçilərin vəziyyətinin pis vaxtlarında mən onlarla çiyin-çiyinə durmuşam. Bizim birgə mübarizəmiz daha çox olub, nəinki bir-birimizə qarşı mübarizə aparmağımız.

- Nəzərə alın ki, siz cəbhəçilərlə deyil, “Yurd”çularla vuruşduğunuzu yazmısınız...
- Bəli. Nəzərə alaram.

- Niyə AXCP-də olan bir qrup insan sizə və Arif Hacılıya qarşı kəskin mövqe tutur?
- Bunu həmin kəskin mövqedə duranlardan soruşmalısınız. Bu, daha doğru olardı.

- Səbəbini siz də bilirsiniz, buyurun açıqlayın...
- Bu ola bilsin ki, siyasi rəqabətdən irəli gəlir. Mümkündür ki, kimlərsə düşünür ki, Müsavat öndədir, daha öndə ola bilər. Odur ki, bizim partiyanın üzdə olan xadimlərini çalışıb nüfuzdan və gözdən salmaq istəyirlər.

- Ancaq siz eyni partiyada təmsil olunmursunuzsa, hansı rəqabət ola bilər?
- Söhbət hakimiyyət uğrunda olan mübarizədən gedir. Bu motivlə həmin şəxslər Müsavatı gözdən salmaq işində maraqlı ola bilərlər. Məncə, belə ola bilər.

- AXCP fəalları sosial şəbəkələrdə bəyan edirlər ki, Müsavat Milli Şuradan çıxdı, bloka xəyanət etdi, indi də kiçik partiyalarla əməkdaşlıq edir və s. Sizi faktiki olaraq müxalifətdə olmayan partiya kimi dəyərləndirirlər...
- Əvvəla, biz AXCP-yə müttəfiqlik deyil, əməkdaşlıq təklifini vermişik. AXCP bu əməkdaşlığı istəmirsə, açıq şəkildə elan etsin. Biz heç kimlə məcburi əməkdaşlıq etmək niyyətində deyilik.

- Təklif rədd edilsə, nə olacaq?
- Biz heç bir partiyanın zorla əməkdaşlıq mövqeyinə gəlməsinə çalışmayacağıq. Müsavat Partiyası müxalifətdə əməkdaşlığın olmasında maraqlıdır. Biz ötən il AXCP və Milli Şuranın keçirdiyi mitinqə dəstək vermişik, partiyamızın lideri bu aksiyaya qoşulub, çoxlu sayda müsavatçı mitinqdə iştirak edib. Bundan sonrakı dövrdə də, biz bir çox məsələlərdə, eləcə də birgə aksiyaların keçirilməsində tərəfdar olduq.

- Ancaq AXCP və Milli Şura sizin keçirdiyiniz aksiyanı mədəni şəkildə boykot etdi...
- Bəli, dəstəkləmədilər. Özləri bilərlər. Biz dəstəklədik.

- Müsavat Partiyası daxilində yaranan durumu necə qiymətləndirirsiniz, narazı tərəf artıq yerli təşkilatlarda güclənməyə start veriblər?
- Müsavatın yerli təşkilatları olduqca fəaldırlar. Qurultay sayəsində aktivlik artıb, toparlanma prosesi gedir. Bir neçə rayonun Şəhidlər Xiyabanının ziyarət edilməsi də buna bir sübutdur. Fikrimcə, seçkilərdə rayon təşkilatları Müsavatın ümumi mövqeyinə uyğun hərəkət edəcəklər.

- Narazıların mövqeyini necə qiymətləndirirsiniz, doğrudanmı, artıq qırmızı xətti keçiblər və bundan sonra birlikdə olmaq mümkün olmayacaq?
- Hər halda partiyanın başqanı sonuncu müraciətində bütün umu-küsüləri bir kənara qoyaraq birgə hədəflərə doğru irəliləməyi təklif edib. Partiya rəhbərliyinin mövqeyi bundan ibarətdir. Biz daxildə olan məsələləri deyil, seçkilər haqda düşünməliyik.

- Ancaq qarşı tərəf sizin kimi düşünmür, onlar heç 20 Yanvar şəhidlərini ziyarətə də sizinlə birgə getmədilər...
- Onlar elə Müsavatın kolonu ilə hərəkət etdilər. Ola bilsin ki, fotolarını ayrıca paylaşıblar. Bu baxımdan problem yoxdur.

- Partiyadaxili problem nə zamansa həll ediləcək?
- Fikrimcə, artıq həll olunub.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər