“Rusiyada “Exo Moskva”nın siyasi şərhçisi bu hadisəyə çox maraqla yanaşıb. Qeyd edib ki, quyruq görünür. Ermənilər bilməlidir ki, onlar üçün ən yaxşısı Azərbaycanla barışmaq, dil tapmaq və yaşamaqdır. Bunun üçün də işğal edilən torpaqlardan çıxmalı və bizimlə birlikdə dövlət quruculuğu işlərinə, qanunun aliliyinə hörmətlə yanaşmalıdır. Dünya qəbul edir ki, Ermənistan işğalçı dövlətdir. İndi Ermənistan bölgədə sanki mühasirə içindədir, yalnız Rusiya tərəfindən müdafiə olunur. Əgər Ermənistan danışıqlarda torpaqlarımızı geri qaytarsa, bütün yollar ona açıq olacaq”.
Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik:
- Novella xanım, iki gündən sonra Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayacaq. Sessiyada iştirak edəcəksinizmi?
- Biz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu olaraq sessiyaların əksəriyyətində iştirak edir, görüşlər keçiririk. İndi qış sessiyasında iştirakımız dəqiq deyil. Böyük ehtimalla Strasburqa getməyəcəyik.
- Buna səbəb nədir?
- Əvvəla, səhhətimdə müəyyən problemlər var. Digər hüquq müdafiəçiləri də qış mövsümü səbəbindən tez-tez xəstələnir. İkincisi, Avropada müəyyən hadisələr baş verir. Biz də istəmirik ki, özümüzü riskə qoyaq. Əlbəttə, maliyyə problemi də var. Bir çox layihələrimizi ala bilməmişik. Lakin maliyyə problemini yoluna qoya bilərdik, AŞPA-ya yazardıq və onlar da mümkündür ki səfərimizi maliyyələşdirərdilər. Sadəcə olaraq vəziyyət indi adekvat deyil. Odur ki, bu sessiyada iştirakımız olmayacaq.
- Sessiyada Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilirmi?
- Məndə olan informasiyaya görə, sessiyanın gündəliyində Azərbaycanla bağlı müzakirə nəzərdə tutulmayıb.
- Nardaranda mitinq keçirilib, aksiyada ABŞ, İsrail və Fransanın bayrağı yandırılıb. Bunu necə qiymətləndirirsiniz?
- Açığını deyim ki, yaxşı qiymətləndirmirəm. Amerika böyük dövlətdir. Əlbəttə, Azərbaycan hökumətinin Amerika ilə münasibətləri və bu münasibətə uyğun da siyasəti var. Ancaq sadə insanlar hər dəfə Amerikanı söyməməlidir. Amerika böyük dövlətdir, bizim də bu ölkə ilə münasibətlərimiz normal gedir. Sadəcə olaraq siyasəti dərk etməyənən sadə vətəndaşlarımız düşünürlər ki, bu ölkənin bayrağını yandırmaqla nəsə olacaq. Amerikanın bayrağını yandırmağın xüsusi bir nəticəsi yoxdur. Əlbəttə, etiraz aksiyası keçirmək, tənqid etmək, bəyanat vermək olar. Amma bayrağı yandırmaq düzgün iş deyil. Elə bunu İsraillə bağlı da deyə bilərəm. Bayraq yandırmaq nəyə lazımdır? Mən bayraq yandırmağın əleyhinəyəm. Bizim bayrağımız var və onun altında biz dururuq, bunun üçün də çoxlu sayda şəhidlər vermişik. Digər bayraqların altında da insanlar durur. Biz nəzərə almalıyıq ki, Amerika Azərbaycanla bağlı doğru siyasət aparmaya bilər, başqa dövlət də pis siyasət yürüdər. Burada dövlətin bayrağının günahı yoxdur. Bu məsələləri bir-birindən ayırmaq lazımdır. Amerikada, İsraildə yüzlərlə gözəl insan var və bizi dəstəkləyir. Hökumətin də yeritdiyi siyasət bu gün bir, sabah başqa cür ola bilər. Bayraq məsələsinin siyasətə heç bir dəxili yoxdur. Odur ki, hər hansı dövlətin bayrağını yandırmaq düzgün hərəkət deyil. Dövlətin bayrağını yandırmazlar. Baxın, mən gedib Nardaranda İranın bayrağını yandırsam, məni güllələyər, şişə tutarlar. Bəlkə, yalan deyiləm? Mən nə İranın, nə də İsrailin bayrağını yandırmaram. Yandıranlar da bəllidir. Ola bilsin ki, onlara pul verirlər, maliyyələşdirirlər. Onlar da bunu çox rahat şəkildə həyata keçirirlər.
- Nardaranda İraq Şam İslam Dövləti deyilən qurumun bayrağı yandırılsaydı, necə olardı?
- Son dövrlər belə məlumatlar vardı ki, dediyiniz quruma qoşulmaq məqsədilə Azərbaycandan Suriyaya ailələr gedir. Məncə, bu problemdir və onunla ciddi şəkildə məşğul olmaq lazımdır. Bizdə İŞİD-ə qarşı ciddi təbliğat aparılmalıdır. İŞİD deyilən qurum və ya silahlı banda Mosulda, Kərkükdə türkmənləri öldürdü, yurdlarından didərgin saldı. Mənim millətimi öldürən İŞİD-ə üstünlük verərəmmi? Qətiyyən yox. Mən bunu pisləyirəm. Terrora yox demək hər bir insanın borcudur. Burdan ora gedənlərə də yaxşı baxmıram. Belələri geri dönəndən sonra ölkəmizdə sakit dayanmaz. Odur ki, bu halları düşünmək lazımdır. Hesab edirəm ki, İŞİD-ə qarşı iş aparılmalıdır. Guya onlar doğru-dürüst iş görürlər? Dünyada bütün müsəlman əhalisini biabır elədilər. Gah qadın öldürür, gah baş kəsirlər. İslam dini bu kimi halları rədd edir. Bunlar isə İslam adına baş kəsirlər. Demək, həm də İslamı gözdən salırlar.
- Deyirsiniz ki, Avropada müəyyən hadisələr baş verir, siz də Strasburqa həm də vəziyyətin mürəkkəb olması səbəbindən getmirsiniz. Dolayı yolla Parisdə baş verən terror hadisəsi və bundan sonra keçirilən mitinqlərə işarə edirsiniz. Bu olaylara münasibətiniz necədir?
- Mən terrora qarşı olmuşam, bundan sonra da olacağam. Ancaq Fransada baş verən bir qədər müəmmalıdır. Onu kimlər hazırlayıb, kimlər bunda maraqlı olub deyə bilmərəm. Hər halda hadisədən sonra Parisdə baş verənlər bunu göstərdi. İkincisi, müsəlman dünyasında indiyə qədər nə İsa, nə də Musa peyğəmbərin karikaturasını, təhqir edilməsini müşahidə etməmişəm. Ancaq hesab edirəm ki, bu cür hallar, xüsusilə peyğəmbərin təhqir edilməsi səviyyəsizlik, əxlaqsızlıqdır. Məhəmməd peyğəmbərin təhqir edilməsinə də bu prizmadan baxıram. Ancaq onu təhqir etmək olmaz. Bu məsələdə ayrı güclərin marağı var. Yəqin istəyirlər ki, müsəlman xristian münaqişəsini ortaya çıxarsınlar. Mənim gəldiyim qənaət belədir. Ancaq eyni zamanda deyim ki, buna görə 12 nəfəri öldürmək vəhşilikdir, qəbuledilməzdir. Peyğəmbərin karikaturasını çəkənlərin terrorla öldürülməsini bəyənmirəm, ancaq onların belə fəaliyyətini də alqışlamıram. Hər halda bu müsəlmanlara qarşı hazırlanan hərəkət kimi görünür. Fikrimcə, həm karikaturanı çəkənlərə, həm də buna görə onlara terror edənlərə qarşı cəza olmalıdır.
- Siz Avropada çox olursunuz. Bundan sonra oradakı vəziyyət necə olacaq?
- Bu hadisədən sonra Avropada yaşayan müsəlmanlara qarşı münasibət dəyişə bilər, islamafobiya güclənər. Bəlkə də, elə bu məqsədlə məsələləri qaldırırlar. Avropada türklər, ərəblər çoxdur. Məqsəd elə bu insanları sıxışdırmaq, oradan çıxarmaq da ola bilər. Fikrimcə, müsəlmanlar məskunlaşdığı, çörəyini yediyi dövlətin qanunlarını dərindən bilməli, bu qanunlara tabe olmalıdır. Məhəmməd peyğəmbərin karikaturasını çəkənlər ola bilsin ki, bunu kiminsə əli ilə ediblər. Çünki normal jurnalist buna getməz. Əlbəttə, Avropada buna oxşar hadisələr olmuşdu. İndilikdə də kimsə bunu edə bilər. Əsas istəkləri də dünyada İslamı nüfuzdan salmaqdır. Odur ki, mən bu hadisələri müəmmalı hadisə hesab edirəm.
- Ermənistanda baş verən hadisələr, erməni xalqının etiraz aksiyası, rus əsgərinin erməni ailəsini güllələməsi olayını necə qiymətləndirirsiniz?
- Rusiyada “Exo Moskva”nın siyasi şərhçisi bu hadisəyə çox maraqla yanaşıb. Qeyd edib ki, quyruq görünür. Ermənilər bilməlidir ki, onlar üçün ən yaxşısı Azərbaycanla barışmaq, dil tapmaq və yaşamaqdır. Bunun üçün də işğal edilən torpaqlardan çıxmalı və bizimlə birlikdə dövlət quruculuğu işlərinə, qanunun aliliyinə hörmətlə yanaşmalıdır. Dünya qəbul edir ki, Ermənistan işğalçı dövlətdir. İndi Ermənistan bölgədə sanki mühasirə içindədir, yalnız Rusiya tərəfindən müdafiə olunur. Əgər Ermənistan danışıqlarda torpaqlarımızı geri qaytarsa, bütün yollar ona açıq olacaq. Həm Türkiyə ilə münasibətləri düzələcək, həm də Azərbaycanla. Bu gün Ermənistanın vəziyyəti ağırdır, bu ölkədə çoxlu sayda insan xaricə axışır, əhalisinin sayı azalır. Erməni hakimiyyəti anlamalıdır ki, belə davam etsə, durumları yaxşı olmayacaq. Gördüyünüz kimi Gümrü şəhərində baş verən hadisəyə də Rusiya çox soyuq yanaşdı. Bu gün Ermənistan Azərbaycanı qazanmaqla əslində dünyanı qazana bilər. Bunun üçün ağıllı siyasətçiləri olmalıdır. Əks halda Ermənistan “quyruq” kimi qalmaqda davam edəcək.
- Rusiya xarici işlər naziri Kəlbəcərdə əsir götürülən və Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun məsələsini qaldıracağını bəyan etdi. Buna nə dərəcədə inanmaq olar?
- Nazir Lavrov bunu deməkdə haqlıdır. Dilqəm Əsəgorv bu ölkənin vətəndaşıdır və dövlət onunla maraqlanmalıdır. Əgər onun məsələsini qaldırmasalar, bu, təəccüblü olardı. Rus əsgəri bir ailəni güllələyib. Bizim uşaqlarımız isə öz torpaqlarına gediblər, məqsədləri əzizlərinin məzarlarını ziyarət etmək olub. Bunu ruslar da, ermənilər də yaxşı bilir. Odur ki, mən Rusiyanın bu məsələni qaldırmasını doğru hesab edirəm, dəstəkləyirəm. Qeyd edim ki, biz də öz növbəmizdə bu məsələni Avropa Şurasında qaldırmışıq. Bütün görüşlərimizdə də bu haqda danışırıq.
- Müsavat Partiyasının toplantılarına niyə qatılmırsınız?
- Bu aralar başımız çox qarışıqdır, mühüm işlər görürük. Yaxın zamanlarda bunu siz də görəcəksiniz.
- Xəbərlər yayılır ki, siz də Müsavatdan istefa verməyə hazırlaşırsınız...
- Mənim belə bir niyyətim yoxdur, istefa verməyi ağlıma gətirmirəm. Mümkün olan iş də deyil.
- Ancaq bilərəkdən Məclisə seçilmədiniz, rəhbərlikdə təmsil olunmadınız. Demək, partiyadan gedə bilərsiniz..
- Bəli, seçilmədim. Ancaq partiyada demişəm ki, mənə bir ay möhlət versinlər. Çünki müəyyən çətinliklərimiz var, bəzi işlər görürük. Sonra partiyada fəaliyyətimi davam etdirəcəyəm.
- Onsuz da, Müsavat əvvəlki partiya deyil, təşkilatın daxilində aylardır qarşıdurma, qruplar arasında mübarizə davam edir...
- Olsun da. Bu yaxşı haldır. Əgər mübarizə, qarşıdurma varsa, demək partiya yaşayır. Fikir fərqliliyi yoxdursa, demək partiya ölüb.
- Birləşmiş İşçi Qrupunun fəaliyyəti nə yerdədir, iclasınız gözlənilir?
- Bir qədər səbr edin. Bizə yanvarın sonuna qədər möhlət verin. Hər şey yaxşı olacaq.
Nemət