24 Aprel 2015 17:04
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köçkün jurnalist: “Müraciətimə bir-iki həftə ərzində cavab gəlməsə, yenidən səfirliklərlə əlaqə saxlayacağam”

Tanınmış jurnalist, “Həftə içi” qəzetinin redaktoru, Kəlbəcər rayonundan məcburi köçkün Elxan Salahov aprelin 23-də ABŞ, Rusiya və Fransanın dövlət başçılarına müraciət ünvanlayıb. O, müraciətində ata-baba yurdunu, doğmalarının erməni işğalı altında qalan məzarlarını ziyarət etmək üçün Kəlbəcərə getmək istədiyini yazıb. Bunun üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən təhlükəsizliyinə zəmanət verilməsini istəyən müəllif hazırda Ermənstanda olan hər üç ölkənin rəhbər şəxslərindən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün rəsmi İrəvana ciddi təsir etməyə çağırıb.

Müraciətdə həmçinin ötən ilin yayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasına yardımçı olmaları istənilir. Hər üç ölkənin Azərbaycandakı səfirliklərinə göndərilən müraciət ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Teleqraf.com” məsələnin aktuallığını nəzərə alaraq bu müraciət ətrafında yaranmış suallara aydınlıq gətirmək məqsədilə Elxan Salahovun fikirlərini öyrənib:

-ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etmək zərurəti nədən doğdu?
-Bu müraciət əslində mənim torpaqlarımızın sülh yolu ilə azad olunmasına inamımın olmammasının nəticəsidir. İşğal altında olan torpaqlarımızın bu 22 ildə bircə qarışının da azad olunmaması torpaq, vətən yurd həsrəti ilə yaşayan mənim kimi milyonlarla Azərbaycan vətəndaşının ağrı-acısıdır. Xahiş edirəm, hər kəs məni düzgün anlasın, hisslərimi başa düşməyə çalışsın. Adam nə qədər xəyallarla, yuxularla yaşaya bilər?! Mən hər gecə yuxumda Kəlbəcəri, doğma kəndimizi, evimizi, məzarı işğal altında olan atamı görürəm. Gecə uşaq məni yuxudan oyadır ki, ay ata, niyə ağlayırsan? Bu hisslər, bu ağrılar xüsusən yaz-yay mövsümündə məni rahat buraxmır. Mən səmimi şəkildə yay məzuniyyəti dövründə Kəlbəcərə gedib ev-eşiyimiz, doğmaların qəbriniz ziyarət eləmək istəyirəm. Amma ötən yay Həsən Həsənovun ermənilər tərəfindən qətlə yetirilməsini, Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürülməsini və indiyədək qondarma məhkəmə qərarı ilə “həbs”də saxlanılması o deməkdir ki, mən də belə bir təhlükə ilə üzləşə bilərəm. Ona görə də Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəsçilik missiyasını üzərinə götürən ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etmək qərarına gəldim. Mən hər üç ölkənin prezidentindən sadəcə Kəlbəcərə getmək üçün təhlükəsizliyimə zəmanət istəmişəm. Müraciətin məhz aprelin 23-ə təsadüf etməsi isə səbəbsiz deyil. Çünki əvvəlcədən bilirdim ki, Rusiya və Fransa prezidentləri qondarma erməni soyqırımı tədbirlərinə qatılmaq üçün İrəvana səfər edəcək. İrəvandakı tədbirlərə ABŞ-ın da rəsmi dövlət nümayəndələri qatılıb. Ona görə də mən müraciətimi 1 gün əvvəl ünvanına göndərdim və ictimailəşdirdim ki, dünyaya haqqdan-ədalətdən, humanizmdən, bəşəri dəyərlərdən dəm vuranlar əslində haqqqın-ədalətin deyil, nahaqqın yanında olduqlarını anlasınlar. Yüz il əvvəl Türkiyə və Ermənistan arasında nə olub-olmadığını tarixçilər araşdırır. Amma bugünkü gerçəklik hamının gözü qarşısındadır – biz öz torpağımda gəzərkən, doğmalarımızın qəbrini ziyarət edərkən başqa bir dövlətin silahlılarının hücumuna məruz qalırıq, bizə qətlə yetirirlər, girov saxlayırlar, işgəncələr verirlər. Bu gerçəyə göz yumub yalanın dalınca İrəvana gələn hökumət başçılarına müraciət etdirəm ki, Ermənistan hökumətindən təhlükəsizliyimə zəmanət alıb verin ki, yay məzuniyyətimdə öz torpağıma gedə bilim.

- Müraciətə başqaları da qoşula bilərmi?
- Artıq gecdir, müraciət lazım olan ünvanlara çatıb. Həm də bu, mənim şəxsi təşəbbüsümdür. Amma Allah qismət eləyib Kəlbəcərə getmək imkanı qazana bisək, yəqin ki, səfər zamanı tək olmayacağam.

- Müraciətinizə müsbət cavab veriləcəyinə inanırsınızmı?
- Nə qədər sadəlövh səslənsə belə, inanıram. Çünki mənim istəyim və keçirdiyim hisslər səmimi gerçəklikdi, bu həqiqəti hər kəs anlamalıdır. Mən bu müraciəti eyni zamanda həmin ölkələrin səfirliklərinə ünvanlamışam, mətbuatda yayılıb və yəqin ki, saytlardan, qəzetlərdən də oxuyublar. Ona görə də bir-iki həftə ərzində cavab gəlməsə, yenidən səfirliklərlə əlaqə saxlayacağam və xahiş edəcəyəm ki, müraciətimə rəsmi cavab verilsin. Hətta cavab müsbət olmasa belə, mən istənilən halda rəsmi qaydada cavab almağa çalışacağam.

- Onlar sizin Dağlıq Qarabağa səfərinizi necə təşkil edə bilər?
- Əvvala Kəlbəcər Dağlıq Qarabağın ərazisinə daxil deyil. Çox istərdim ki, həm də sərbəst şəkildə Qarabağa gedib bu müqəddəs torpaqlarımıza da baş çəkim. Amma mən Dağlıq Qarabağa yox, Kəlbəcərə, doğulduğum Başlıbel kəndinə getmək, evimizi, oradakı qəbirlərimizi ziyarət etmək istəyirəm. İkincisi, mən ABŞ, Rusiya və Fransa prezidentlərindən mənim üçün belə bir səfər təşkil etməyi yox, sadəcə təhlükəsizliyimə zəmanət verilməsini istəyirəm. Qoy, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan hökumətinə, lap elə qondarma Dağlıq Qarabağ Respublikasına məktub yazsınlar ki, öz torpağını, kəndini, yaxınlarının məzarlarını ziyarət etmək bu adamın beynəlxalq hüquq normaları ilə qorunan haqqıdır, Kəlbəcərdə ona hücum olunsa, başına bir iş gəlsə məsuliyyəti Ermənistan dövləti daşıyır.

-Siz Kəlbəcərə hansı yolla getmək istəyirsiniz? Ermənistan vasitəsilə, yoxsa...?
Niyə Ermənistan vasitəsilə? Öz dövlətimin sərhədləri daxilindən bir addım da kənara çıxmayacağam. 1993-cü ilin aprelində Kəlbəcər işğal olunarkən öz torpağımdan, öz kəndimizdən hansı yolla çıxmışamsa, elə o yolla da qayıtmaq istəyirəm. Təki ABŞ, Rusiya və Fransa prezidentləri özlərində güc tapıb Ermənistana belə bir məktubla müraciət etsinlər və həmin məktubun bir surətini də mənə ünvanlasınlar ki, biz sənin xahişini yerinə yetirdik. Bundan sonra Ermənistanın nə cavab verəcəyi, yaxud heç cavab verməməsi mənim üçün əhəmiyyətli deyil. Həmsədr ölkələrin prezidentləri dediyim məzmunda Ermənistana müraciət etsə, istənilən halda mən Kəlbəcərə gedəcəyəm. Sadəcə kiçicik bir sumkada geyim və yemək ehtiyatı götürüb təxminən 2 həftəlik yurdumun ziyarətin çıxacağam.

Ruslan


Müəllif:

Oxşar xəbərlər