29 İyun 2015 11:46
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordudan, xidmətdən danışarkən ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir. Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı durmadan artmaqdadır.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən zərif cinsin nümayəndəsi olmasına baxmayaraq, bu peşəni seçməyi özlərinə borc bilən snayperdən müsahibəni təqdim edir.

“Hər sərrast atıcı snayper deyil, amma hər snayper sərrast atıcı olmalıdır”

Vüsalə Həsən qızı Məmmədova - 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Ailəlidir, 1 övladı var. 2014-cü ildən hərbi xidmətdədir.

- Vüsalə xanım hansı səbəbdən hərbçi olmaq qərarına gəldiniz?
- Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Ordu sıralarına daxil olmaqda məqsədiniz nə idi?
- Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər yaxındadır.

- Neçə müddətdir snayper hazırlığı keçirsiniz, bu dövrdə hansı nailiyyətləriniz olub?
- Artıq xeyli müddətdir snayper hazırlığı kursundayam. OSV-96 təcrübəli snayper tüfəngi yüngül zirehli texnikalara qarşı tətbiq olunur. Silahımdan məharətlə istifadə etməyi bacarıram. Hazırlıq dövründə təlimlərdə iştirak edib təyin olunan hədəfə dəqiq atəş açmaqla “əla” qiymət almışam. Həmçinin Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin may ayında keçirilən birgə taktiki təlimlərində iştirak etmişəm.

- Snayper olmaq həvəsi sizdə necə yaranıb?
- "Qadın snayper" müasir dünyada elə də nadir anlayış deyil. Hələ Böyük Vətən müharibəsi zamanı qadın snayperlərin adları bütün dünyaya məlum olub. Onlar arasında həmyerlimiz – ilk azərbaycanlı qadın snayper, Ziba Qəniyeva da vardır. O 129 düşmən əsgərini məhv edib.
Həmçinin snayper üçün lazım olan keyfiyyətlərin məndə də yetərincə olduğunu bilirəm.

- Snayper üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
- Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla maskalanaraq gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə qadınlarda güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci tərpənən ölümə məhkumdur.

- Ailəniz seçdiyiniz çətin və şərəfli yolda sizi dəstəkləyir?
- Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük dayağım ailəmdir. Hər gün xidmətimlə, atışların necə keçməsi ilə maraqlanır, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər.
Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub. Deyirlər ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim kimi ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var. Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək.

- Orduda xidmət etmək istəyən qadınlara nə demək istərdiniz?
- Onu deyə bilərəm ki, torpaqlarımız işğal altındadır. Bu torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında olmalıdır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər