“Cənab prezident şeyxülislam Allahşükür Paşazadə ilə iftar süfrəsində də bu məsələyə toxundu ki, Azərbaycanda multikulturalizmi öyrənmək lazımdır. Ölkəmizdə bütün dinlərə eyni dərəcədə hörmət var. Söhbət ayrı-ayrı kəşfiyyat orqanlarının yaratdığı müxtəlif dini qruplar və ya qadağan olunmuş dini cərəyanlardan getmir. Bu gün dünyada qəbul edilmiş dini istiqamətlər mövcuddur ki, bunların hər biri üçün Azərbaycanda şərait yaradılıb. Həm xristianlıq, həm də iudaizm və başqa din təmsilçiləri üçün bərabər imkanlar mövcuddur, müsəlmanlar, katoliklər birgə fəaliyyət göstərirlər və bir nöqtəyə vururlar. Dəfələrlə NATO Parlament Assambleyasında ayrı-ayrı məruzəçilər tərəfindən eşitmişəm, deyiblər ki, gedin dini tolerantlığı Azərbaycandan öyrənin”.
Bunu Teleqraf.com-a müsahibəsində Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib. Müsahibəni təqdim edirik:
- Siyavuş müəllim, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında Almaniya Bundestaqının və Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə barədə sərt çıxış etdi. Bu çıxışı necə qiymətləndirirsiniz?
- Avropanın ayrı-ayrı təşkilatları və qurumları, erməni lobbisinin vəsaiti hesabına çalışan qüvvələr Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirləri gözdən salmaq məqsədilə qərəzli iş aparırlar. Həmin dairələr Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır və ölkəmiz haqqında mənfi imic yaratmağa çalışır. Avropa Şurasının son iclasındakı Azərbaycanla bağlı qətnamədə əvvəlki prinsiplərindən fundamental şəkildə geri çəkilərək özünün qəbul etdiyi qərarın əleyhinə yenidən qərar qəbul etməsi tam ədalətsiz və qeyri-obyektiv idi. Həmçinin, Almaniya Bundestaqında qəbul edilən qərar da eyni mahiyyət daşıyır. Almaniya Bundestaqı BMT Təhlükəsizlik Şurası və ya dünya yığıncağı deyil. Baxmayaraq ki, bu gün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr belə icra edilmir. Halbuki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamə qeyri-şərtsiz yerinə yetirilməlidir. Bu gün görürük ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan belə ayrı-ayrı ölkələrə qoşun yeridilir, ərazilər işğal edilir, dövlətçilik darmadağın edilir. Bu gün dünyada belə halların şahidi oluruq. Bu baxımdan Almaniya Bundestaqında hər hansı xarici ölkənin məsələsinin müzakirə olunması, doğrudan da, gülüncdür. Almaniya Bundestaqının qəbul etdiyi hər hansı sənəd yalnız bu ölkənin sərhədləri çərçivəsində şamil oluna bilər. Bu sənəd nəinki Azərbaycanda, heç yaxın qonşusu olan ölkələrdə belə keçə bilməz. Bunu Almaniya Bundestaqı üzvləri də çox yaxşı dərk edir. Onlar gözəl bilir ki, bu qərarın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur, adi kağız parçasıdır, Azərbaycana qarşı bir qarayaxmadır. Hesab edirəm ki, cənab Prezidentin ötən gün keçirdiyi müşavirədə bu məsələ ilə bağlı mövqeyi bütün Avropaya bir mesaj idi. Yəni, Azərbaycan bütün dünya ilə səmimi və qarşılıqlı tərəfdaşlığa açıqdır. Kim istəyirsə, gəlib Azərbaycanla səmimi münasibətlər qura bilər. Kim istəmirsə, artıq bizim onlarla münasibət qurmaq fikrimiz də yoxdur.
- Prezident vurğuladı ki, bu gün biz hazırkı vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına üzv olmazdıq. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. Ölkəmizin Avropa Şurası üzvlüyündən çıxması məsələsi gündəmə gələ bilərmi?
- Biz vaxtilə Avropa Şurasına üzv olmağı özümüz seçmişik. Biz Avropa Şurasına nə isə güdmək üçün getməmişik. Avropa dəyərlərinə olan hörmətimizə görə, eyni zamanda, Azərbaycan dəyərlərinin də Avropada qəbul olunması şərtilə bu təşkilata qoşulmuşuq. Bu gün Azərbaycanın kifayət qədər elə dəyərləri var ki, Avropanın bu dəyərlərə ehtiyacı var. Yəni Azərbaycan Avropa Şurasına qarşılıqlı dəyərlərin mübadiləsi çərçivəsində üzv olub. Biz Avropa Şurasına daxil olmamışıq ki, kimsə bizə müəllimlik etsin. Kimsə Azərbaycana nəyisə diktə edə bilməz. Azərbaycan Demokratik Respublikasında qadınlara seçki hüququ veriləndə, dünya ölkələrinin 60 faizində qadınların seçki hüququ yox idi. Azərbaycanda dövlət strukturu demokratik əsaslarla formalaşan zaman dünyanın əksər ölkələrində imperializm hökm sürürdü. Azərbaycanda ilk opera yarananda dünyanın çox yerində heç məktəb yox idi. Mən anlaya bilmirəm ki, Avropa bizə nəyi öyrətmək istəyir. Hesab edirəm ki, Azərbaycanın qədim tarixə malik olması, zəngin mədəniyyəti, müstəqillik mübarizəsi və sürətli inkişafı çox dövlətləri narahat edir. Ona görə də həmin dövlətlər Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirir, ölkəmizi gözdən salmağa çalışır.
- İclasda həmçinin torpaqlarımızı işğal edən ölkənin təkcə Ermənistan olmadığı səsləndi. Dövlət başçısı qeyd etdi ki, gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, bir həftə ərzində orada daş daş üstündə qalmaz. Torpaqlarımızın azad edilməsi ilə bağlı dövlətin hazırkı planı nədən ibarətdir?
- Azərbaycan ordusu təkcə Cənubi Qafqazın deyil, ümumiyyətlə, Avropada ən güclü ordulardan biridir. Həm təchizat, həm büdcə, həm ordumuzun əhval ruhiyyəsi, keçdiyi təlimlər, tədris və təhsili imkan verir ki, bu gün Azərbaycan istənilən ordu ilə qarşı-qarşıya gələrək öz qələbəsini tam şəkildə təmin etsin. O cümlədən işğal edilmiş ərazilərimiz bərpa edilə və ata-baba yurdumuz, qədim Azərbaycan torpaqlarının qaytarılması təmin oluna bilər. Bəzən belə sual qoyulur: niyə ordu bunu etmir? Bu gün mövcud situasiya buna imkan vermir. Gürcüstan praktikasında bunun şahidi olduq. Biz bu gün tək Ermənistanla döyüşmürük, bu ölkəni himayə edən tərəflər var. Onlar həm siyasi, həm hərbi baxımdan havadarlıq edirlər. Xristianlıq nöqteyi-nəzərindən olan dəstək də var. Bu məsələ Ermənistanla Azərbaycan arasında qalsa, ölkəmizə 1 həftə vaxt lazımdır ki, Azərbaycan qoşunları qədim torpağımız İrəvanda dayansın. Ona görə də bu sualları qoyan insanlar dayaz insanlardır ki, belə fikir irəli sürürlər. Ordumuzun mövcud potensialı yüksəkdir. Həm Azərbaycana qarşı ola biləcək təxribatların qarşısını almaq iqtidarındadır, həm də zamanı çatanda, o situasiya yarananda ərazi bütövlüyümüzü bərpa edib dədə-baba torpaqlarımızı bərpa etməyi öz öhdəsinə götürəcək.
- Azərbaycanda multikulturalizm sahəsində hansı irəliləyişləri qeyd edərdiniz?
- Cənab prezident şeyxülislam Allahşükür Paşazadə ilə iftar süfrəsində də bu məsələyə toxundu ki, Azərbaycanda multikulturalizmi öyrənmək lazımdır. Ölkəmizdə bütün dinlərə eyni dərəcədə hörmət var. Söhbət ayrı-ayrı kəşfiyyat orqanlarının yaratdığı müxtəlif dini qruplar və ya qadağan olunmuş dini cərəyanlardan getmir. Bu gün dünyada qəbul edilmiş dini istiqamətlər mövcuddur ki, bunların hər biri üçün Azərbaycanda şərait yaradılıb. Həm xristianlıq, həm də iudaizm və başqa din təmsilçiləri üçün bərabər imkanlar mövcuddur, müsəlmanlar, katoliklər birgə fəaliyyət göstərirlər və bir nöqtəyə vururlar. Dəfələrlə NATO Parlament Assambleyasında ayrı-ayrı məruzəçilərdən eşitmişəm, deyiblər ki, gedin dini tolerantlığı Azərbaycandan öyrənin. Avropada İslama və digər dinlərə qarşı olan cərəyan və qüvvələr var ki, kimliyindən asılı olmayaraq insanları fəaliyyəti ilə deyil, dini münasibəti ilə qiymətləndirirlər. O baxımdan yanlış yoldadırlar, insanları düzgün istiqamətə aparmırlar. Müsəlmanlardan düşmən obrazı yaratmaq, onların ərazilərinə göz tikmək, təbii sərvətlərini mənimsəmək üçün addımlar atırlar ki, bunun da axırı yaxşı olmayacaq.
- Bir neçə aydan sonra ölkə həyatında aktiv prosesə keçid olacaq. Növbəti parlament seçkilərinə qısa müddət qalıb. Yeni Azərbaycan Partiyasının hazırlığı nə yerdədir? Namizədlərin siyahısı nə zaman bəlli olacaq?
- YAP taktiki cəhətdən bütün işlərini aparır. Yerlərdə bütün praktiki məsələlər öz əksini tapıb. Hər bir iş görülür və öz qaydasındadır. Seçkiyə az müddət qalmış siyahını açıqlayacağıq. Seçki noyabrın 1-dədir, Seçki Məcəlləsinə görə seçkiyə 60 gün qalmış təbliğat-təşfiqat başlayır. YAP-ın namizədlərlə bağlı siyahısı avqustun axırlarında elan ediləcək.
- Bu seçkilərdə YAP tərəfindən iqtidaryönlü partiyalara güzəştdən söhbət gedə bilərmi?
- Keçmiş seçkilərdə güzəşt belə olurdu ki, iqtidaryönlü partiyaların bəzi nümayəndələrinin, o cümlədən Azərbaycanın tanınmış, hörmətli ziyalılarının namizədliyi irəli sürülən dairədən biz namizəd irəli sürmürdük. Ötən dövr ərzində bu praktika olub. Növbəti seçkilərdə 125 dairənin hər birindən namizəd irəli sürməyi planlaşdırırıq. Amma yekun qərar partiyanın rəhbər orqanının olacaq. Qərar nədən ibarət olacaqsa, ona uyğun addımlar atılacaq.
- Müxalifətin bu seçkilərdə potensialını necə dəyərləndirirsiniz?
- Müxalifət birnövlü deyil, Azərbaycanda parlamentdəki müxalifət, parlamentdən kənar müxalifət var. Ədliyyə Nazirliyində 50-yə yaxın partiya qeydiyyatdan keçib, onların böyük əksəriyyəti müxalifətyönlü partiyalardır. Partiyaların bir hissəsi mərkəzçi, bir hissəsi iqtidaryönlüdür, sosial və sosial demokrat yönlü və s. partiyalar da mövcuddur. Elə partiyalar var ki, qəzet səhifəsində fəaliyyət göstərir, elektoratı yoxdur, elələri də var, ancaq keçmiş təfəkkürlə yaşayırlar, 25 ildə heç bir islahat getməyib, ancaq eyni düşüncənin daşıyıcılarıdır, mövcud reallıqla heç cür ayaqlaşa bilmirlər. Partiyalar da var ki, yeni formalaşmasına baxmayaraq cəmiyyətdə özünü müxalifətyönlü partiya kimi tanıda bilib. Ancaq onlarda cəmiyyətə alternativ bir layihə vermək potensialı görmürəm.
- Bir müddət öncə Müsavat Partiyasındakı istefa dalğası AXCP-də yaşanır. Bu proses barədə fikirləriniz nədən ibarətdir?
- Müsavat adlı partiya yoxdur. Vaxtilə Müsavatın adı mənimsənildi, amma Müsavata layiq olmadılar. Ad götürməklə deyil, əməl uyğun gəlməlidir. Müsavatçılıq ideologiyası ilə deyil, əksinə, bolşevik ideologiyası altında fəaliyyət göstərdilər. Söz və fikir azadlığının boğulması, bir neçə nəfər tərəfindən partiya rəhbərliyinin ələ keçirilməsi, monopoliyaya alınması halları yaşandı. Partiyanın müsavatçılıq ideyası uğrunda deyil, şəxsi mənafe və gəlir uğrunda istiqamətləndirilməsi, özlərinə uyğun insanların toplanması, plüralizmin qarşısının alınması, hətta üzvlərin partiya sıralarından çıxarılması, ədalətsiz və qeyri-qanuni qurultayın keçirilməsi partiyanın darmadağın olması ilə nəticələndi. Xalq Cəbhəsi vaxtilə müstəqillikdən öncə Azadlıq Hərəkatı dövründə aparıcı hərəkat idi. Rəhmətlik Elçibəydən sonra Əli Kərimli monopoliyasının oraya gəlməsi, yurdçuların fəthi nəticəsində partiya dağıldı. AXC-nin tərkibində 8 partiya yarandı. Elçibəyin müavinlərinin hər biri özü üçün bir partiya yaratdı. Xalq Cəbhəsində olan şəxslərdən artıq heç kəs AXCP-də yoxdur. O, erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin vəsaiti hesabına, onların diktəsi ilə fəaliyyət göstərən təşkilatdır. Azərbaycan xalqının və dövlətçilik maraqları deyil, ayrı-ayrı qüvvələrin və kəşfiyyat orqanlarının, erməni lobbisinin maraqlarını həyata keçirən 5-ci kolonun nümayəndələridir.
Nərgiz Ehlamqızı