Müsahibim "Muğam Televiziya müsabiqəsi- 2013"-də "Tamaşaçıların rəğbəti" mükafatına layiq görülən gənc xanəndə Ayşən Mehdiyevadır. Hazırda AzTV-nin Səsyazma Evində solist kimi yaradıcılıq fəaliyyətini davam etdirən xanəndəmizlə sənətə gəlişindən, əldə etdiyi uğurlardan və bundan sonrakı məqsədlərindən, ailəsindən söhbət açdıq.
- Səsinizin olduğunu ilk kim hiss edib?
- Bu, musiqi məktəbində olub. Mən fortepiano təhsili almaq istəyirdim. Lakin imtahan zamanı səsimi də yoxladılar, musiqi məktəbinin direktoru Nəriman Əliyev "bu uşağın səsi var, gələcəkdə gözəl oxuyacaq" deyib adımı xanəndə sinfinə yazdırdı. Musiqi məktəbində ilk müəllimin Məmmədbağır Bağırzadə olub. Ondan dörd il dərs almışam. Sonra müəllimim Ağaxan Abdullayev olub. Daha sonra Bülbül adına orta ixtisas musiqi məktəbində və Mədəniyyət və İncəsənət Universitetində təhsilimi davam etdirdim. Universitetdə müəllimim Qəzənfər Paşayev, Ruzi İbişova idi. Həmin illərdə müsabiqədə iştirak etdim. Müsabiqədə müəlliməm Gülyaz Məmmədova oldu.
- Muğam müsabiqəsinə qatılmağınız necə baş verdi?
- Muğam müsabiqəsindən öncə də "Xalq ulduzu 4" yarışmasına qatılmışdım. O yarışmadan sonra Ağacəbrayıl müəllimlə işlərimiz oldu. Birgə işbirliyimiz nəticəsində 2011-ci ildə 11 klassik bəstəkar mahnılarından ibarət "Tək ümid qalsın" adlı albom işıq üzü gördü. Ağacəbrayıl müəllim barəsində bir musiqiçi kimi ancaq xoş sözlər demək olar. Virtuoz sənətkardır, musiqimizi dərindən bilir. Muğam müsabiqəsinə daha öncələr sənəd verməməyimin səbəbi mənim klassik bəstəkar mahnılarına olan meylim idi. Sonralar muğama daha çox meyilləndim. Və müsabiqəyə sənədlərimi verdim, elə birinci turdan keçdim. Sonra da ardı gəldi.
- "Xalq ulduzu" yarışması həmkarlarınız arasında heç də birmənalı qarşılamırdı...
- Səhnə təcrübəm "Xalq ulduzu"ndan başladı. Beş həftə orada qaldım. Narazılığım yoxdur, çünki SMS-lə olan yarışmadır. Kim sevirdisə, SMS göndərirdi, sevmirdisə, göndərmirdi. Orada kimsə deyə bilməzdi ki, yarışmada qalıb qalmamam yaxşı, yaxud pis oxumağınla bağlıdır. Bu daha çox SMS-lə bağlı idi. Beş həftə ərzində iki dəfə birinci oldum, sonra SMS-lərim az olduğu üçün yarışmadan ayrılmalı oldum. Mənim üçün obyektiv yarışma oldu.
- Muğam müsabiqəsi bir çox sizin kimi xanəndələrin həyatında mühüm rol oynayır. Həm muğam sferasında tanınmaq, həm ustadların qarşısında imtahan vermək adına böyük təcrübədir. Bu müsabiqə sizin həyatınızda nə kimi rol oynadı?
- Muğam müsabiqəsi, deyə bilərəm ki, bir məktəbdir. Hər həftə yeni qəzəli yeni muğamla təhvil vermək çox çətin idi. Həm də məsuliyyət var idi. Həyatımdakı roluna gəldikdə isə, müsabiqənin sonunda aldığım "Tamaşaçı rəğbəti" mükafatı mənə tamaşaçı sevgisini qazandırdı.
- Müsabiqə vaxtı müəllimlərinizdən necə dəstək alırdınız?
- Müsabiqədə müəllimim ustadım Gülyaz xanım idi. Onunla müəllim-tələbə münasibətindən əlavə həm də gözəl dostuq. Ustadıma fikirlərimi sərbəst şəkildə deyə bildiyim üçün həm dərs prosesimiz çox gözəl keçirdi, həm də o, öz tövsiyələrini verirdi. "Ayşən nə olur, olsun oxumalısan" deyirdi, Gülyaz xanım. Təbii ki, dərs zamanı zarafatlarıyla bizi hər şeyə kökləyirdi. Bəlkə, ən çox Gülyaz xanım həyəcanlı olurdu. Onun həyəcanını tək mən yox, müsabiqəyə baxan hər bir tamaşaçı ekrandan görürdü.
- Ayşən xanım, adətən, gənclər daha çox pop estrada janrına yönəlirlər. Siz də qeyd etdiniz ki, öncələrdə bəstəkar mahnıları ifa edirdiniz. Estradada uğur qazanmaq barədə düşünmüsünüzmü?
- Estrada janrında mahnılar ifa etmişəm. Muğam isə bizim öz janrımızdır. Fikrimcə, muğamı başa düşmək yaşla əlaqəlidir. Yəni 18 yaşımda mən estrada ifa edirdimsə, indi muğama daha çox üstünlük verirəm. Hazırda hər iki janrda ifa edirəm. Hansı uğurlu alınır, o, artıq tamaşaçının seçimi olsun.
- AZTV-nin solistisiniz. Oradakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Muğam müsabiqəsindən sonra finalçılar Azərbaycan Televiziyasının solisti oldu. Mən də həmçinin. Mütəmadi olaraq AzTV-nin efirlərində qonaq oluram. Ansamblla, orkestrlə məşqlərimiz, səs yazmalarımız, əlavə trio məşqlərimiz olur.
- Bəs toylara necə, gedirsiniz?
- Yalnız dövlət tədbirlərində oluram. El şənliklərinə getmirəm.
- Bu, nə ilə əlaqədardır?
- Çox müraciətlər olub, amma doğrusunu desəm, bu haqda fikirləşməmişəm.
- Həmkarlarınızın əksəriyyəti el şənliklərinə gedir. Bunu həm də maddi gəlirlərinin aşağı olması ilə əlaqələndirirlər.
- Toya gedib əziyyət çəkib pul qazanırlar. Mən buna pis baxmıram. Pul hər kəsə lazımdır. Sadəcə, bu haqda heç fikirləşməmişəm.
- Siz ailəlisiniz. Ailəniz sizə sənətiniz baxımından maneə olurmu?
- Xeyr, əksinə dəstək olur.
- Yəqin, ailə quranda şərtinizi kəsmisiniz...
- Əslində, hər kəsin bir sənəti var. Mənim də sənətim bu idi və ailə quran insan da məni belə qəbul edib, belə tanımışdı. Yəni sənətə görə problemimiz olmadı ki, şərt də kəsməyə gərək olsun.
- Yoldaşınız səsinizin vurğunu olar, yəqin...
- Yəqin ki, elədir. Çünki əvvəllər xarici, rus estradasına qulaq asırdı. İndi isə janrı dəyişib və yalnız xalq musiqisinə qulaq asır.
- Hansı musiqini, yaxud muğamı Sizin ifanızda dinləməyi sevir?
- İfa etdiyim klassik bəstəkar mahnılarını çox sevir. Muğamlardan Mirzə Hüseyn segahını bəyənir.
- Ayşən xanım, bir oğul anasısınız. Analıq hissini necə ifadə edərsiniz?
- İfadə etməkdə bir az çətinlik çəkirəm. Çünki ifadəsi mümkün olmayan bir hissdir. Tək onu deyə bilərəm ki, oğlum üzümə güləndə hər şeyi unuduram.
- İfanızda ən xoşladığınız mahnı hansıdır? Çünki ifaçı ilə dinləyicinin sevdiyi mahnılar bəzən heç üst-üstə düşmür.
- Hər kəsin musiqi zövqü eyni deyil. Əslində ifaçı öz sevdiyi mahnını ifa edəndə bunu dinləyici də bəyənir. Bəzən elə mahnılar var ki, ifaçı bəyənmir, amma dinləyici tələb edir. Amma mahnıların gözəl alınması üçün birinci ifaçı sevməlidir mahnını. Mən mahnılarda bir az deməyim, çox seçiciyəm. Lirikanı sevirəm, sevdiyim mahnıları oxumağı sevirəm.
- Ad çəksək, necə bir siyahı alınar?
- Bütün klassik bəstəkar mahnıları.
- Sizin də Leylini ifa etmək kimi bir arzunuz var?
- Məncə, hər bir gənc xanəndənin arzusu "Leyli və Məcnun" operasının baş qəhrəmanı olmaqdır. Eynilə də mənim.
- Leylinin cazibəsi nədədir ki, xanım xanəndələr bunu arzulayır?
- Adi tamaşaçı belə bu operanı izləyəndə təsirlənir. İncəsənət adamları daha da duyğulu olduğumuz üçün bu ikiqat bizə təsir edir. Bəzən deyirlər, ifaçı həm də aktyor olmalıdır. Cazibə olmasa belə hər bir xanəndəyə lazımdır bu təcrübədən keçmək, çünki burada böyük Üzeyir Hacıbəyov dəsti-xətti var.
- Muğama bir zamanlar daha az axın var idi, gənclərin əksəriyyəti bayaq da dediyim kimi estradaya yönəlirdi: populyarlıq, şöhrət və pul olduğuna görə.... Son illər muğama olan diqqət və qayğı gənclərin də bu sahəyə yönəlməsinə səbəb olub. Bu, indi həm də prestij hesab olunur. Amma o da məlumdur ki, kəmiyyət heç də keyfiyyəti şərtləndirmir və bəzən əksinə, keyfiyyəti məhv edir... Hər halda bu proseslərin içində olan biri kimi fikrinizi bilmək maraqlı olardı...
- Bilirsiniz, muğam bizim qanımızda var. Düzdür, nə qədər çoxluq olur olsun seçilən seçilir. Tamaşaçı özü seçir. Buna prestij kimi baxanlar da var, baxmayanlar da. Əslində, nə qədər axın olsa, o qədər yaxşıdır. Çünki biz muğamımızı yaşatmalıyıq, ələkdən keçənlər isə onsuz da əvvəl, axır keçəcək.
- Bu sahədə üzləşdiyiniz ən böyük problem nədir?
- Səmimi olaraq deyim ki, ən böyük problemim tənbəlliyimdir.
- Hazırda muğama yaradılan şərait sizi qane edirmi?
- Sözün həqiqi mənasında, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamımıza verdiyi dəyər sayəsində bu janr gənclər arasında ən çox sevilən, muğam ifaçıları isə ən çox hörmətlə qarşılanan sənətçilər sırasında yer almaqdadır. Son illərdə xüsusi muğam ensiklopediyası işıq üzü görüb. Muğam müsabiqələri keçirilir. Bu müsabiqələr sayəsində nə qədər gənclərimiz öz potensialını xalqımıza nümayiş etdirir, bizim üçün gözəl şərait yaradılır. Bunun nəticəsidir ki, biz müsabiqədən sonra diqqətdən kənarda qalmayıb Dövlət Televiziyasında solist kimi fəaliyyət göstəririk.
- Ayşən xanım, bir də xanəndələrin geyim məsələsi tez-tez gündəmə gəlir. Yəni "muğamı qısa ətəklə, sinəsi açıq donla ifa etmək olmaz" kimi məsələlər ətrafında müzakirələr olur. Sizin buna münasibətiniz necədir? Siz ifa zamanı hansı geyimlərə üstünlük verirsiniz?
- Təbii ki, olmaz. Təsəvvür edin, mən əlimdə qaval, cins şalvarda, yaxud rok oxuyanlar kimi geyinmişəm. Zənnimcə, bunu qəbul etmək çətin olar. Siz baxın, bizim milli geyimlərdə əlimizdə qaval musiqimiz necə gözəl səslənir, bu özü bir gözəllik verir muğamımıza. Əgər söhbət muğam ifaçısından, xanəndədən gedirsə, burda millilik mütləqdir.
- Sirr deyilsə, geyimləriniz neçəyə başa gəlir?
- Sirr deyil, burada qiymətlər müxtəlifdir. 200-500 manat arası dəyişə bilər.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Hazırda tarzən Mehman Mikayılovla fərdi məşqlər edib, yeni mahnılar, təsniflər, eyni zamanda, unudulmuş, çoxdan ifa olunmayan mahnılar, muğamlar üzərində çalışırıq. Yəqin ki, bu yaxınlarda bir neçəsini tamaşaçılarımıza təqdim edəcəyik. Bundan əlavə, qarşımıza xarici dövlətlərdə muğam sənətimizi layiqli təmsil və təbliğ etmək kimi bir məqsəd də qoymuşuq.
Nərmin Muradova