3 Avqust 2015 17:33
3 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD Türkiyə üçün PKK-dan daha təhlükəlidir. İŞİD-i yaradanlar, ona pul verənlər Türkiyəni hədəfə alsalar, vəziyyət ağır olacaq. Amma Türkiyə İŞİD-lə bağlı səhv etməyib, bu qurumun əlinə bəhanə verməyib. Cəmi bir dəfə o tərəfi vurdu. Mənə elə gəlir ki, İŞİD hədəfini Türkiyəyə çevirsə, ağır itkilər ola bilər. Çünki İŞİD indiyə qədər tarixdə mövcud olan terror təşkilatları içərisində ən güclüsü, ən fəalı, ən imkanlısıdır. Məsələn, Əl-Qaidə bu səviyyədə deyildi. Əl-Qaidə dağıdırdı, partladırdı. İŞİD isə qarşısına məqsəd qoyub ki, dövlət qururuq. Üstəlik İslam dövləti. Yəni ideoloji baza var və hər kəs də bu baza ətrafında toparlanır”.

Bunu Teleqraf.com-a müsahibəsində sabiq nazir, istiqlalçı deputat, professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik:

- Firudin müəllim, ərəb coğrafiyasında nə baş verir ki, bunun bir tərəfi də qardaş Türkiyəyə qədər gəlib çıxır?
- “Ərəb baharı” adlanan proseslərdən üzü bu günə qədərki vəziyyəti müşahidə edəndə qarşımıza aydın mənzərə çıxır. Qərb ölkələri İslamın üzdə olan “terror”larını aradan qaldırmaq üçün yeni biçim verirlər. Türkiyə də bu prosesin içərisində oyunçu oldu. Amma aradan keçən müddət göstərdi ki, bu ssenarilər boş şeydir. Sosial toplum öz içindən dəyişməlidir, onu kənardan dəyişmək mümkün deyil. Ərəb baharı ilə bağlı ölkələrdə olan hadisələri və nəticələri gördük. Misirdə, Liviyada, Yəməndə baş verənlərin nəticəsi ortadadır. Eyni xarakterli ssenarilər həyata keçirilmişdi. Ancaq görürsünüz ki, indi bu ölkələrin çoxunda daxili müharibələr gedir. Türkiyənin başı isə bəlalıdır və həmişə də belə olacaq. Çünki Türkiyənin yerləşdiyi coğrafiyanın özü konfliktlərə yol açır. Tarixən belə olub. Türkiyənin yerləşdiyi Ön Asiyanın son 5 min illik tarixinə baxanda görürük ki, burada müharibə heç zaman dayanmayıb. Yalnız 600 illik Osmanlı İmperiyası zamanı bir qədər sakitlik hökm sürüb.

- Ona görə də Osmanlını dağıtdılar...
- Osmanlının çöküşündən sonra vəziyyət dəyişdi. Daha sonra İraq böyük müharibə ocağına çevrildi. ABŞ İraqa hücum çəkdi, Səddam Hüseyn öldürüldü. Amma ABŞ bu ərazidən çıxandan sonra bölgə daha da alovlandı. Bu gün Türkiyə artıq böyük bir oyunun içindədir. Türkiyənin bu oyundan çıxmaq şansı yoxdur. Amma bu oyunu necə başa vurmaq məsələsi var. Bu prosesdə Türkiyə başarılı olacaq, yoxsa uduzacaq? Əsas məsələ budur. Son 10-15 günün hadisələri göstərir ki, Türkiyə rəhbərliyi əvvəlki səhvlərini başa düşüb. Onlar indiyə qədər məsələnin klassik həllini yaxına buraxmırdılar. Yəni 30 ildən çoxdur ki, PKK problemi var, bu müddətdə Ankarada hakimiyyətlər gedib-gəlib, lakin bu problem həll edilməyib. Bülənd Ecəvitin, Tansu Çillərin baş nazir olduğu vaxt PKK lazım olduğu formada susdurulurdu. Çünki onlarla ayrı dildə danışmaq mümkün deyil. İndiki Türkiyə hakimiyyəti kürdlərə kifayət qədər güzəşt edib, dəstək olub. Hazırda daha çox kürd partiyası hesab olunan HDP parlamentdə 80 deputatla təmsil olunur. Bundan artıq nə ola bilər? Amma onlar daha çox şey istəyirlər. Görünür ki, bunların dövlətçilik tərbiyəsi yoxdur. Türkiyənin başına bəla fırlanır. Amma mən narahat deyiləm. Türkiyə tarixi dövlətdir, böyük ənənəsi var. İndi bu dövləti idarə edənlər səhvlərini anlayıblar. Əlbəttə, Türkiyədə hökumətin formalaşması məsələsi də var. Artıq orada koalisiya hökuməti qurulmayacaq. Erkən seçkilərə gediləcək və AKP daha çox səs toplayacaq. Yəni bu proseslər məhz seçki və hökumətin formalaşması məqsədilə başlanılmayıb. Ancaq bu proses həm də seçkiyə təsir edəcək.

- Hazırda PKK terror törətməklə nə qazanmaq istəyir?
- PKK-nın nə istədiyini bilmək üçün PKK-nın özünün nə olduğunu bilmək lazımdır. PKK-nı kimlər, nə üçün yaradıblar məsələsi var. Bunu biləndə bəlli olur ki, nə istəyirlər. PKK meydanda olmalıdır ki, onların pulu gəlsin. Bunlar bir maşadır. Bu maşanı bir gün Rusiya istifadə edər, bir gün Avropa. PKK özü marksist partiya olaraq qurulub. Rusiya bu qurumdan Türkiyəyə qarşı istifadə edib. Sonra bu, Rusiyaya sərf etmədi. Bu zaman PKK-nı başqaları ələ aldı. Zamanla Almaniya, Fransa, İngiltərə, İsrail, Amerika götürdü. PKK-nın əlinə silah verib dağa çıxarıblar. Kimin Türkiyə ilə problemi varsa, bunu PKK əli ilə həyata keçirmək istəyir. Türkiyənin inkişaf etməsini istəməyənlər, anti-türk mövqedə olanlar PKK-dan maşa kimi istifadə edirlər. PKK-nı son zamanlar oynadanların istəyi nədir? Bu istək yüz ildir davam edir. Sevrdə plan vardı ki, Türkiyəni parçalasınlar. Hətta bunu reallaşdırmışdılar. İngiltərə, Yunanıstan, Fransa, İtaliya Türkiyəni parçalamış, hərəsi bir hissə götürmüşdü. Türklərə ortada kiçik ərazi qalmışdı. Belə situasiyada Atatürk meydana çıxaraq planı pozdu, Türkiyəni indiki sərhədləri çərçivəsində dövlət kimi qurdu. İndi həmin Qərb ölkələrinin Türkiyəni parçalamaq istəyi durur və düşünürlər ki, bu ölkəni içindən bölüb federal ölkəyə çevirsin, kürdlərə dövlət qursunlar. Amma bu, mümkün deyil. Tarixin gedişatı var, Türkiyə də təsadüfi dövlət deyil. Türkiyəyə qarşı yüz il əvvəl erməni kartından istifadə edirdilər. İndi ermənilərin sayı, imkanları kifayət qədər deyil. Odur ki, erməni kartını kürd kartına çeviriblər. Məsələnin mahiyyəti budur. Burada əsas vurğu PKK nə istəyir məsələsi deyil, PKK-dan nə istəyirlər məsələsidir.

- PKK ilə HDP də bir-birinə bağlı qurumdur...
- Bunlar bir medalın iki üzüdür. HDP-nin sədri Dəmirtaşın qardaşı dağda PKK komandiridir. Sadəcə iki qrupa ayrılıblar, biri dağda, digəri aranda mübarizə aparır. Arandakı qrup siyasətlə məşğul olur, dağdakı terrorla. Onların prinsipcə heç bir fərqi yoxdur.

- İŞİD də Türkiyəni hədəfə alır. Bu qurum Türkiyədən nə istəyir?
- İŞİD Türkiyə üçün PKK-dan daha təhlükəlidir. İŞİD-i yaradanlar, ona pul verənlər Türkiyəni hədəfə alsalar, vəziyyət ağır olacaq. Amma Türkiyə İŞİD-lə bağlı səhv etməyib, bu qurumun əlinə bəhanə verməyib. Cəmi bir dəfə o tərəfi vurdu. Mənə elə gəlir ki, İŞİD hədəfini Türkiyəyə çevirsə, ağır itkilər ola bilər. Çünki İŞİD indiyə qədər tarixdə mövcud olan terror təşkilatları içərisində ən güclüsü, ən fəalı, ən imkanlısıdır. Məsələn, Əl-Qaidə bu səviyyədə deyildi. Əl-Qaidə dağıdırdı, partladırdı. İŞİD isə qarşısına məqsəd qoyub ki, dövlət qururuq. Üstəlik İslam dövləti. Yəni ideoloji baza var və hər kəs də bu baza ətrafında toparlanır.


- İŞİD-i kimlər yönəldir?
- İŞİD Əl-Qaidə kimi qurum idi. Sadəcə Ərəb baharından, xüsusilə İraq vurulandan sonra gücləndi. ABŞ İraqdan getdi, amma İraqın Səddam dövründən qalan böyük ordusu var idi. Bu ordu başsız qaldı. İŞİD bu ordunun zabitlərini özünə cəlb etdi. İŞİD-in maddi və insani bazası çox fərqlidir. Birdə baxırsınız ki, bir fransız saqqal uzadıb İŞİD-ə qoşuldu. Yəni İŞİD İslam ideologiyası adı altında elə qurulub ki, kim böyüyündən, ölkəsindən, ətrafından narazıdırsa, qoşulur, acığını orada çıxır. Çünki orada meydan var. Əlbəttə, İŞİD-ə maddi yardım edənlər, onun ağıl babaları var. Ancaq onların konkret kim olduğunu demək olmur. Lakin İŞİD-in arxasında böyük dövlətlər dayanır. Bu dövlətlərin daha hansı planları var? Biz bunu bilmirik. Zaman özü bunu tədricən ortaya qoyacaq.

- İŞİD-in Türkiyəni hədəfə alması nə dərəcədə gözləniləndir?
- İŞİD bilir ki, Türkiyə Suriya və ya İraq deyil. Yəni İŞİD-i idarə edənlər bu reallığı bilir. Bu qruplaşmanın Türkiyəyə qarşı müharibə açmasına bəhanə yoxdur. Bir zamanlar İŞİD türk diplomatlarını girov götürdü, əsir saxladı, amma incitmədi. Əgər İŞİD-in Türkiyə ilə qəsdi olsaydı, bu diplomatların başını kəsərdi. Bu terrorçu qurum az qala hər gün insan başı kəsir. Ancaq Türkiyə vətəndaşlarına qarşı buna getmədilər, risk etmədilər. Çünki Türkiyə ordusu dünyanın ən qüdrətli ordularından biridir və İŞİD-i 2-3 ay içərisində kül edər. Amma özü də itki verər. İnanmıram ki, İŞİD açıq formada Türkiyəni hədəfi elan etsin. Amma gizli terror hadisələri ola bilər.

- Ancaq indi durumu daha pis olan türkmənlərdir. Siz bu haqda nə deyə bilərsiniz?
- Mənim Orta Şərqdə gedən proseslərə marağım türkmənlərlə bilavasitə bağlıdır. Ən acınacaqlı durum türkmənlərindir. İraqda 4-5, Suriyada 3-4 milyon türkmən var. İraqda da, Suriyada da türkmənlər əzilir. Onların sahibi yoxdur. Bizim ora əlimiz çatmır, Türkiyə üçün də türkmənlər maraqlı deyil. Türkmənlər başsız durumdadır. Son zamanlar Türkiyə ayılıb, türkmənlərin 5 min ordusunu qurmaq istəyir. Məqsəd isə Türkiyənin tampon bölgə dediyi əraziyə nəzarətin türkmənlərin əlinə keçməsidir. Bu proses indi başlayıb. Türkmənlərin arxasında duran, onlara sahiblik edən, istiqamətləndirən, canı yanan yoxdur. Amerika İraqı alandan bu günə qədər türkmənlər repressiya məruz qalır, sıxışdırılır və ərazilərinə kürdlər yerləşdirilir. Türkmənlərə də pul verən, istiqamətləndirən olmalıdır. Yoxsa kütləni özbaşına burax və düşün ki, bu təşkilatlanacaq, doğru deyil. Bu kütlə içərisində siyasi söhbət getməlidir. Türkmənlərin kənar dayağı yoxdur. Onların vəziyyəti çox bərbaddır.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər