9 Sentyabr 2015 14:48
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçkilərdən gözləntiləri və s. məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Mütəllim bəy, Ədalət Partiyasında seçkiyə hazırlığı necə gedir?
- Proporsional seçki sistemi olmadığından partiya üzvləri seçkilərə fərdi qaydada hazırlaşırlar. Seçki Məcəlləsində siyasi partiyaların seçkilərdə iştirakı məsələsi öz əksini tapıb, amma bu siyasi qüvvələrin siyahı əsasında deyil, namizədlərlə seçkilərdə iştirakını ehtiva edir. Ədalət Partiyası Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərə hazırlaşır. Bu gün, ya da sabah namizədlər siyahısını açıqlayacağıq. Təbi ki, partiya adından ümumi təbliğat-təşviqat kampaniyasının aparılması mümkün deyil. Ona görə də seçkilərə qatılacaq namizədlərimizin şəxsi keyfiyyətlərinin qabardılması və onların proqramları önə çəkiləcək. Təbliğat kampaniyasının aparılmasında namizədlərə tövsiyə xarakterli köməklik göstərəcəyik.

- Təxminən neçə dairə üzrə namizəd irəli sürəcəksiz?
- Təxminən 30 dairədən namizədlərimiz olacaq.

- Digər partiyalarla əməkdaşlıq edəcəksiz?
- Azərbaycanda proporsional seçki sistemi olmadığından digər partiyalarla birgə seçkilərə qatılmaq mümkün deyil. Söhbət ayrı-ayrı dairələr üzrə eyni namizədlə çıxış etməkdən gedirsə, bununla bağlı heç bir partiya ilə razılığa gəlinməyib.

- Nə üçün siyasi partiyalar namizəd tapmaqda çətinlik çəkirlər?
- Bunun bir neçə səbəbi var. İnsanlar ümidlərini itiriblər. Ümidsizlik müxalifətdəki siyahıların kiçilməsinə, namizədlərin sayının azalmasına səbəb olur. Proporsional seçki sisteminin olmaması da siyasi partiyaların inkişafını ləngidir. Bu, heç də yaxşı əlamət sayıla bilməz.

- Ümimiyyətlə, sizcə parlament seçkiləri hansı ab-havada keçəcək?
- Mən başqalarından fərqli olaraq Don Kixotluq etməyin əleyhinəyəm. Bəri başdan nəyisə qaralamaq, tərifləmək düzgün deyil. Seçkilər keçirilməmiş onun nəticələrinə qiymət vermək olmaz. Bu günə qədər olan prosedurlar şəffaf keçib. Ümid edirəm ki, seçkilər yüksək səviyyədə keçiriləcək və Azərbaycan dövlətinin nüfuzunun yüksəlməsinə, demokratiyanın inkişafına səbəb olacaq.

- Bəzi siyasi partiyalarda seçkiləri boykot etmək təklifləri səsləndirilir. Sizcə, boykot çıxış yoludurmu?
- Hər bir partiyanın öz arqumenti var. Boykot çağırışı edənləri başa düşürəm. Amma sual olunur, siyasi mübarizənin nəticə vercəyinə inanmırsansa, nə üçün mübarizə aparırsan? Siyasi partiyanın əsas vəzifələrindən biri seçkilərdə iştirak etməkdir. Ədalət Partiyası bu prinsipi uca tutaraq seçkilərə qatılır. Azərbaycana qarşı təzyiqlərin olduğu bir dövrdə parlament seçkilərinə xüsusi münasibət olmalıdır. Ötən gün prezident İlham Əliyev də çıxışında bildirib ki, Azərbaycana qarşı çox güclü təzyiqlər olub. 2003-cü il prezident seçkiləri ərəfəsində ölkədə "Maydan hərəkatı"nı təkrarlamaq istəyən qüvvələr oldu. İndinin özündə də müəyyən maraqlı dairələr var ki, ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Ona görə də biz çalışmalıyıq ki, Azərbaycana təzyiq etmək üçün kimlərinsə əlinə bəhanə verməyək.


- Bir müddət öncə Ədalət Partiyası ilə REAL hərəkatı arasında anlaşılmazlıq yaranmışdı. Partiyanızın üzvü başqa bir siyasi qüvvənin vahid namizədi kimi göstərilmişdi. Məsələ həllini tapdımı?
- Ədalət Partiyasının üzvü, bizim 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyasındakı üzvümüz Əlayif Həsənov REAL-ın vahid namizədi kimi göstərilmişdi. O, 2000-ci ildən Ədalət Partiyasının üzvüdür, Zərdab rayon təşkilatının sədridir. Azərbaycanda tanınmış vəkillərdən biri, hüquq müdafiəçisidir. Hər bir siyasi təşkilat istəyər ki, Əlayif Həsənovun adı onun namizədlər siyahısında olsun. Hesab edirəm ki, onun adının REAL-ın siyahısında olması bu arzudan doğub. Əlayif Həsənov özü bununla bağlı açıqlama verdi ki, onun qəti mövqeyi olmayıb. Sadəcə REAL-dakı dostları belə bir addım atıblar. Əlayif Həsənovun adı Ədalət Partiyasının siyahısında olacaq. Düzdür, o, hazırda partiyanın Dairə Seçki Komissiyasındakı üzvü olduğu üçün namizədliyini verə bilməz. Biz onu başqa bir şəxslə əvəz edən kimi, təbii ki, o, seçkilərə qatılacaq.


Müəllif:

Oxşar xəbərlər