22 Sentyabr 2015 15:21
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

- Hüseyn bəy, iki ay əvvəl kinematoqrafiya sahəsində “Qızıl pəri” mükafatını təsis etdiniz. Çoxdan idi ki, belə təşəbbüslər gözə dəymirdi. Məqsədiniz nədir?
- Belə bir mükafatın təsis olunması haqqında qərar Kinorejissorlar Gildiyasının İdarə Heyəti tərəfindən çoxdan qəbul olunmuşdu. Uzun illərdir ki, biz bu qərarı həyata keçirməyə çalışırdıq, amma hər dəfə problemlər ucbatından uzanırdı. Bu il bunu həyata keçirməyə imkan yarandı və biz bunu realizə etdik.

- Mükafat bütün yaş kateqoriyalarını əhatə edir? Yoxsa ancaq gənclərə xitab edilib?
- Belə deyək, professionallara aid edilir. Bizim gənclərə aid “Audiovizual” festivalımız var idi. 8 festival keçirdik və deyim ki, uğurlu bir layihə idi. Festivalda qalib olan həm əcnəbi, həm də azərbaycanlı gənclərin hamısı bu gün də uğurlarını davam etdirirlər. Bu onun göstəricisidir ki, seçim obyektiv olub. Mən öyünmək istəmirəm. O vaxt bizdə elə bir mexanizm qurulmuşdu ki, tanış-biliş, qohum, tapşırılma kimi hallar işə yaramırdı. İndi Azərbaycanda ən istedadlı rejissorların çoxu həmin o festivaldan çıxıb.

- Yəni demək istəyirsiniz ki, “Qızıl Pəri” də tam obyektiv olacaq?
- Heç şübhə etməyə bilərsiniz. Çünki bu, daha asandır. Bir var biz hansısa audivizual əsəri beynəlxalq müqayisədə qiymətləndiririk, bir də var Azərbaycan çərçivəsində. Bizdə nə yaradılıbsa, hamısı göz qabağındadır. Onu da deyim ki, mükafatın idarə və münsiflər heyəti peşəkarlardan ibarətdir.

-Kimlər var o tərkibdə?
-Rejissorlar, operatorlar, ssenaristlər, rəssamlar, aktyorlar, prodüserlər, kinotənqidçilər...

-Təxmini neçə nəfər?
-30 nəfər. Çalışmışıq bütün sahəni əhatə edək. Obyektivliyin başqa cür olması mümkün deyil. Hamı bilir ki, hansı film dünyanı gəzib, tanınıb, mükafatlar alıb. Ola bilər ki, hansısa meyarlarla mükafatı o yox, başqası alsın. Bu, istisna deyil. Amma hər halda beş ildə gedən proseslərdə bizim qiymət verdiyimiz əsərlər haqqında ümumi təsəvvür yaranıb. Ona görə mənə elə gəlir ki, heç bir problemlə qarşılaşmayacağıq.

-Müraciətlərin sayını bilmək olar?
- Bunu dəqiq bilmirəm. Qəbulla təşkilat komitəsi məşğul olur. Təşkilat Komitəsinin sədri kinorejissor Şahirə Tacəddindir və onu da deyə bilərəm ki, artıq nominantların Seçim Komissiyasının sədri də müəyyənləşib: o Azərbaycanın xalq artisti, kinorejissor Yalçın Əfəndiyevdir. Yalçın müəllim bir neçə dəfə beynəlxalq festivallarda Münsiflər Heyətinin sədri olub və onun bu sahədə təcrübəsi çoxdur. Oktyabr ayının 1-nə kimi vaxt var, hələ qəbul davam edir.

-Qəbuldan sonraki prosesləri qısaca olaraq şərh edə bilərsinizmi?
-Seçim komissiyası filmləri və peşə müsabiqəsinin namizədlərini seçəcək. Hər nominasiyada ən azı üç namizəd müəyyənləşdirəcək. Əgər nominasiyaya üç layiqli namizəd olmasa, o nominasiya müsabiqədən çıxarılacaq. Münsiflər heyəti həmin üç namizəddən birini seçəcək. Bu yaxınlarda İdarə heyətində reqlamentə bir balaca dəyişiklik etdik. Yəni nominantların hamısına sertifikat veriləcək və münsiflər heyətinin “Xüsusi diplomu” ilə təltif olunacaqlar. Artıq nominant olmaq özü şərəf olacaq.

-Pul mükafatı varmı?
- Soruşardın ki, pulunuz varmı? (gülür) Pulumuz olsaydı, bunu edərdik. Amma yoxdur. Hər yaradıcı insana maddi mükafat versəydik, necə yaxşı olardı.

-Xaricdə bəzən bir mükafatın puluna sonradan film də çəkmək olur.

- Bu, dünyada belədir, təəssüf ki, bizdə belə deyil. Qrantların dayandırılmasından sonra vəziyyət pisləşib. Halbuki əvvəllər bunu etmək daha asan idi. Qrant verən təşkilatlar çox idi və biz də bütün məsələləri: festivalları, əcnəbi ölkəyə səfərləri qrantlar vasitəsilə həll edirdik. Bu baxımdan gildiyanın ictimai fəaliyyətinin əsas maliyyə mənbəyi qrantlar olub. Müəlliflər üçün yığdığımız qonorarlardan isə çox cüzi hissə istifadə edirdik. Çünki istəyirik ki, pulun çox hissəsi müəlliflərə çatsın. İndi qrant yoxdur, pulumuz da yoxdur. Bu çox mənfi haldır. Ümumiyyətlə, əcnəbi ölkələrdə kinematoqrafiya sahəsində çoxlu təşkilatların fondları var. Orada hər bir sənətçinin sponsor tapmaq imkanından başqa öz layihəsini həyata keçirmək üçün qrant tapmaq imkanı da çox genişdir. O qədər təşkilatlar, fondlar, nazirliklər var ki. Məsələn, Almaniyada müxtəlif nazirliklər kino ilə bağlı layihələri maliyyələşdirirlər. Belə olan halda sənətçi üçün imkan genişlənir. Bir var mənbə birdir, bir də var ki, bu mənbə yüzdür. Ona görə orda inkişaf var.

- Kino çəkmək üçün darıxmamısınız?
- Əlbəttə ki, darıxmışam. Mənim gənclərə bir məsləhət var: nə olur olsun, mütləq iki ildən bir film çəksinlər. Çünki ancaq belə olan halda inkişaf mümkündür. Fasilə çox olanda yaradıcı insanın vaxtı və enerjisi itirilir, bir sözlə, ritmdən düşür.

-Hüseyn müəllim, rejissor kimi mesajınız nədir?
-Yaradıcılığıma başlayandan mənim əsas mövzum - insanın daxili azadlığıdır, insanla təbiətin harmoniyasıdır. Harmoniya yarananda, əxlaq və mənəviyyat da istər-istəməz bəşəri dəyərlərə söykənir. Bu təkcə mənim mövzüm deyil, yüzlərlə sənətçini narahat edən problemdir. Mən hesab edirəm ki, insan daxilən azad olmasa, ona nə qədər azadlıq verirsən ver, heç nə alınmayacaq. O azad olmayacaq, deməli fanatik, kor-korana olaraq, ona “yedizdirilən” dəyərləri qəbul edəcək. O gərək öz şüuru ilə təbiəti arasında harmoniya yaratsın. O harmoniya yarananda insan azad olur və cəmiyyət şəxsiyyət əldə edir. Cəmiyyətdə də vətəndaşların azad və müstəqil olmağı onların ölkəsinin azad və müstəqil olması deməkdir. Azad və müstəqil vətəndaşı olmayan ölkə isə azad və müstəqil ola bilməz.

- Sizə kino çəkməyə nə mane olur?
- Pul vermirlər.

- Dövlətdən başqa mənbənin da axtarışına çıxmaq olmur?
- Əfsuslar olsun ki, yalnız bir mənbədən maliyyə gəlir. Bu çox pis haldır, amma təəssüf ki, belədir. Dövlət vəsaitindən başqa vəsaitin tapılması və onun realizə olunması Azərbaycanda müşkül məsələdir.

- Ötən ilin sonlarından gənclər özləri maliyyə tapıb film çəkdilər və kommersiya bazarına girdilər. O filmlərə baxa bilmisiniz?
-Mən bunu çox müsbət qiymətləndirirəm. Kinematoqrafın kommersiya istiqaməti dövlətdən asılı olmamalıdır. Dövlət kommersiyaya pul ayırmamalıdır. Ola bilsin ki, layihələrin hazırlanmasına kömək etsin. Amma kommersiya filminə dövlət vəsaiti ayırmaq çox gülməlidir. O zaman bu kommersiya olmur. Kommersiya filmlərinə pul tapanlara isə paxıllığım tutur.
Bilirsiniz, sənət baxımından çəkilən filmlərə dövlət tərəfindən qayğı və diqqət olmasa, bu sahə dövlətdən möhkəm qorunmasa, kommersiya kinosu da istədiyimiz səviyyədə inkişaf etməyəcək. Bu aksiomadır. Hər sənətdə belədir. Və təbii ki, burda söhbət kökündə milli dəyərlər dayanan milli kinodan gedir. Mən kommersiya kinosu üçün pul tapan gəncləri alqışlayıram. Amma tapdıqları pullar nədir? Qəpik-quruşdur. Yaxşı kino yaxşı pul tələb edir.

-İndi dünyada başqa arqument də səsləndirilir: az maliyyə ilə də yaxşı film çəkmək olar.
- Qətiyyən bu fikirlə razı deyiləm. Bunu bəziləri hansısa nüanslara bəraət qazandırmaq üçün ortalığa atıb. Mən “Özgə vaxtı” filmini çəkəndə ona ayrılan vəsait xaricdə bir filmin ancaq qrim hissəsinə ayrılan maliyyəyə bərabər idi. Bunu o vaxt kinostudiyanın direktoru film çəkənlərə deyirdi və ardınca əlavə edirdi ki, deməli keyfiyyət pulla ölçülmür. Bu, düz fikir deyil. Mən əminəm ki, pul olsaydı, “Özgə vaxtı”n həm keyfiyyəti, həm də səviyyəsi indikindən qat-qat artıq olardı. Bu gün texnologiya o qədər inkişaf edib ki, müəllifin fantaziyasının həddi-hüdudu yoxdur. Nə istəyirsən, onu realizə etmək olar. Əgər əvvəl kinematoqrafiyada fantaziyanı gerçəkləşdirmək üçün məhdudiyyətlər vardısa, indi bu, yoxdur. Prezidentin qızı Leyla xanım Əliyevanın prodüserliyi ilə “Əli və Nino” filmi çəkilir. Filmə təxmini 20 milyon vəsait ayrılıb. Aydın məsələdir ki, 20 milyon minimum rəqəmdir. Çünki çox bahalı, çox böyük və çox yaxşı proyektdir. Arzu edirəm ki, istehsal prosesi uğurla başa çatsın və təqdim olunsun. Bu rəqəmlər bizim maliyyəçilərin gözü qabağındadır...Onlar görməlidirlər ki, film neçəyə başa gəlir. Ancaq belə maliyyə ilə çəkilən normal filmlər dünya miqyasına çıxıb, əks-səda doğura bilər.
Qəpik-quruşa çəkilən filmləri nə keyfiyyətindən, nə də məzmunundan asılı olmayaraq, alqışlayıram, amma baxın o filmlərə... ayıbdır, bununla fəxr etməyə dəyməz. Həmin uşaqlara o puldan on dəfə artıq pul verin, ondan on dəfə artıq film çəkərlər. İstehsal prosesində müxtəlif mərhələlər var və bu mərhələlərdə prosesə qoşulan insanlar var. Əgər sən o insanları məhdudlaşdırırsan, deməli onun keyfiyyətinə təsir edirsən. Dünyada proses necə gedirsə, bizdə də elə olmalıdır. Filmin heç bir mərhələsində qənaət etmək olmaz. Əks halda şikəst film yaranır.

-Onda hesab edirsiniz ki, dövlət hesabına çəkilən filmlərin maliyyəsi çox-çox aşağıdır.
- Bəli, çox- çox aşağıdır.

-Tarixi filmlərin istehsalına ayrılan maliyyəni də az hesab edirsiniz?
- Digərlərinə nisbətdə çox olsa da, bütün hallarda azdır. “Babək”lə müqayisə ediləcək tarixi film çəkilib? Yaxud “Nəsimi” kimi film çəkilib? Bəs niyə çəkilməyib? Nə olub bizə? Axı sovet vaxtında çəkə bilirdik, indi nə oldu? Hamısının səbəbi xəsislikdir. Kinoda qənaət etmək düzgün deyil, bu proses beynəlxalq standartlara uyğun aparılmalıdır. Başqa variantda o özfəaliyyətdir. Ona görə də özfəaliyyət sahəsində belə kommersiya filmləri çəkməyə məcburdurlar. İmkan yaradın, onlar normal səviyyədə çəksinlər.

-Bəs uzun müddət direktor müavini olduğunuz “Azərkinovideo” Birliyinin dönəmində maliyyə necə ayrılırdı? Ədalət prinsipi qorunurdumu?
-Mənə elə gəlir ki, ədalətli bölünürdü. Bilirsiniz, o vaxt bir az başqa cür idi. Dövlətin büdcədən ayırdığı vəsait monopoliyada deyildi. Mən rejissorlar tanıyıram ki, dövlətin ayırdığı pulla kino çəkməyə bir o qədər də həvəs göstərmirdilər. Yaxşı mənada bunu özlərinə sığışdırmırdılar. Çünki kommersiya hesabına əldə olunan maliyyə dövlətdən ayrılan vəsaitdən qat-qat çox idi. Yəni hər rejissorun qarşısında bu müqayisə, bu seçim var idi. Bu seçimin olması vacibdir. Və bu seçim olanda demək olar ki, film çəkmək istəyən az maliyyə ilə də film çəkəcək. Bax o zaman bu sözü demək olar.

-“Azərkinovideo”nun dönəmində ildə neçə film çəkilirdi?
-“Azərkinovideo” dövlətdən maliyyələşmirdi və tam təsərrüfat hesablı təşkilat idi. Sadəcə olaraq dövlət filmlərin istehsalına müəyyən vəsait ayırırdı və o vəsait hesabına da bədii, cizgi, sənədli filmlər çəkilirdi. O vaxt filmlərin sayı çox idi, çünki özəl sektor da var idi. Ona görə bizə ayrılan vəsait ancaq 3-4 bədii filmə çatırdı.

-O birlik yaşasaydı, kinomuzda indi başqa mənzərə olardımı?
-Mənə elə gəlir ki, hə. “Azərkinovideo”ya daxil olan obyektlərin sayı o vaxtkı Mədəniyyət Nazirliyinin tərkibində olan obyektlərinin sayından az deyildi. Siz təsəvvür edin, 2001-ci ildə “Azərkinovideo”nu ləğv etmək eyni həcmdə olan təşkilatın işinə xitam verib, o biri təşkilatın caynağına atmaq idi. Və bu da nəticəsi...Hər şey məhv oldu, hər şey dağıldı. Kino sistemində hansısa sistem mövcud idisə, o tamamilə sıradan çıxdı. Və kino tənəzzülə getdi.

-İndi hansı mərhələdir?
-İndi lap pis mərhələdir. İndi elə mərhələyə çatmışıq ki, mütləq nəsə etmək lazımdır. Təcili.

-Məsələn...
-“Azərbaycanfilm” kinostudiyanı götürək...Sovet vaxtında bu boyda ərazini kinostudiyaya dövlət ona görə vermişdi ki, kino işçilərinə aşiq olmuşdu?! Əlbəttə ki, yox! Bunlar hamısı əsaslandırılmışdı. Bütün dünyada belədir. Romanın mərkəzində yerləşən “Çineçitta” kinostudiyasına getdim, dəhşətə gəldim. Necə də qoruyub saxlayırlar...Təsəvvür edin interyerlər 60-cı illərdə necəydisə, elə də saxlayıblar. Amma texnologiya və texnika super, müasir... Kinostudiyanı Azərbaycanda böyük kino məzkəzinə, kino şəhərciyinə çevirmək olar, kinoakademiya, studiyaları, yaradıcılıq təşkilatlarını burda yerləşdirmək olar. Mədəniyyyət və Turizm Nazirliyinin tərkibində qalsın, amma onu avtonom etmək, büdcədən ona ayrıca maliyyə vəsaiti ayırmaq lazımdır.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nı sanki unudublar. Bu gün kinoda proseslər pərakəndə şəkildə gedir. Kimin ağlına nə gəlir, onu edir. Kinonun nə qədər spesifik sahə olduğunu indiyə kimi heç kim dərk etmir. Yaxud da dərk etmək istəmir. Burda söhbət bəzi məmurlardan gedir. Çünki indi hər şey onların əlindədir.
Kino ictimaiyyəti ölkədə gedən kinematoqrafik proseslərdən uzaqlaşdırılıb. Hələ hansı proseslərin getdiyi də şübhəlidir, çünki mənim fikrimcə, heç bir proses getmir. Milli kinematoqraf - xüsusi fondlardır, studiyalardır, distribyutor təşkilatlarıdır, kinoteatrlardır, festivallardır, təhsil müəssisələri, yaradıcı təşkilatlardır, analitik mərkəzlərdir, filmlərin qorunub saxlanmasıdır, muzeydir, mətbuatdır, jurnalistikadır, təbliğatdır. Bunlar hamısı bir-birinə zərcirvari bağlıdır. Rusiyada, Türkiyədə onlarla təşkilatlar kinonun inkişafı ilə məşğuldur... Bəs bizdə?...
Vaxtilə yarım əsirdən çox yaşı olan “Kino” qəzeti fəaliyyət göstərirdi. İndi kino qəzetini ləğv ediblər. Niyə? Onlar o qəzeti bağlamaqla kinonu təbliğatdan, filmlərin analizindən məhrum etdilər. Müəyyən dərəcədə o qəzet kinematoqrafın bir hissəsi idi, orda müzakirələr, mübahisələr gedirdi. Komanda yığışmışdı. Bu proses gedirdi, onu niyə dağıtdınız, ay kinonun inkişafına cavabdeh olan müəllimlər?!...

-Sonda son illər bəyəndiyiniz Azərbaycan filmlərinin adını çəkməyinizi istərdim.
- Yavər Rzayevin “İlahi məxluq”, Elçin Musaoğlunun “Nabat”, Elxan Cəfərovun “Yarımçıq xatirələr” və “Dolu”, Şamil Əliyevin “Çölçü” filmləri... Son vaxtlar bizim məmurlar öyünərək deyirlər ki, cavanlara şərait yaradırıq. Artıq bu “cavan” mövzusu çevrilib alverə. Sənətdə cavan, qoca anlayışı yoxdur. Sənətdə istedadlı sənətçi var, bir də istedadsız sənətçi var. Bu gün zənnimcə, çox professional, çox ardıcıl olan sənətçilərimiz var. Mən onlara tam arxayınam. Onlar istədiklərini bilirlər və görürlər. Rejissor üçünsə bu, çox vacibdir. Mən əminəm ki, bizdən sonra elə nəsil gəlir ki, onlar həm bilirlər, həm də görürlər. Və onlar ardıcıl olaraq öz sözlərini deyirlər və deyəcəklər...

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər