AXCP sədrinin keçmiş müavini Asəf Quliyev partiyanın sentyabrın 27-də keçirilmiş qurultayı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- AXCP-nin sonuncu qurultayı ilə bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz. Qurultayda sizin üçün hər hansı bir yenilik oldumu?
- AXCP nizamnamədə nəzərdə tutulduğu kimi növbəti qurultayını keçirdi. Bu dəfəki qurultayın fərqliliyi orada sədrliyə alternativ namizədin olması idi. Sahib Kərimli ilk dəfə olaraq iddiasını ortaya qoydu. İlk dəfə olaraq Sahib Kərimli çalışdı ki, partiyada demokratik mühit yaratsın. Təəssüf ki, sona qədər namizədliyinin üzərində dayana bilmədi, qurultayda iddiasını geri götürdü. Gizli səsvermə də keçirilmədi. Əgər sədr seçkiləri rəqabət şəraitində olsa və gizli səsvermə keçirilsəydi, AXCP imicini yaxşılaşdırardı.
- Qurultayda irəli sürülən təklif və iradlardan biri də səsvermənin gizli keçirilməsilə bağlı idi. Sizin buna münasibətiniz?
- Əgər qurultayda alternativ namizəd varsa, səsvermə gizli keçirilməlidir. Əvvəldən də bəlli idi ki, Əli Kərimli AXCP-nin növbəti dəfə sədri seçiləcək. Amma partiyada demokratiyanın nümayişi üçün müəyyən addımlar atıla bilərdi. Təəssüf ki, bu yöndə addımlar atılmadı. Heç kəs məndən inciməsin. Biz iqtidarı ittiham edirik ki, 20 ildir hakimiyyətdədir, getmək istəmirlər və s. Amma özümüzün durumu hakimiyyətinkindən heç də yaxşı deyil. Eyni vəziyyət digər partiyalarda da hökm sürür. AXCP-nin əlinə fürsət düşmüşdü ki, demokratiyaya doğru addım atsın, dəyişikliklər olsun. Təəssüf ki, bu, baş vermədi.
- Sahib Kərimli namizədlik iddiasını ortaya qoyanda və iradlarını bildirəndə təhqirlərə məruz qaldı. AXCP-də fərqli mövqedə olan şəxslərə qarşı bu cür hücumların olması nədən xəbər verir?
- Sahib Kərimlini təhqir edənlər, əsasən adi üzvlər idi. Rəhbərlikdə təmsil olunanlardan kiminsə Sahib Kərimlini təhqir etməsinə rast gəlməmişəm. Amma bu faktdır ki, Azərbaycanda bütün siyasi partiyalarda, təşkilatlarda avtoritarlaşma gedir. Balaca idarədə də görürsən ki, birincilər diktatura yolunu seçirlər. Sıravi cahil adamlar birinciləri müqəddəs, toxunulmaz insanlar kimi qəbul edirlər. Lideri tənqid edəni təhqir edirlər, aşağılayırlar. Hakimiyyətdə tənqid etdiyimiz cəhətlər müxalifətin özündə də mövcuddur. Sahib Kərimlini təhqir etmək əvəzinə onun təkliflərini dinləmək və müzakirəyə çıxarmaq olardı. Təəssüf ki, bunlar baş vermədi.
- Əli Kərimlinin sədrlikdən getsəydi, AXCP mövcudluğunu saxlaya bilərdimi?
- Düşünmürəm ki, AXCP-də Əli Kərimlidən başqa partiyanı idarə edə bilən ikinci bir şəxs olmasın. Var, amma onlara dəstək lazımdır. Əli Kərimli sədrlikdən getməklə AXCP-nin nüfuzu qalxa bilərdi. O, partiyanın lideri olaraq qalacaqdı, yalnız sədr başqası olacaqdı.
Ayxan