“MSK xarici müşahidəçiləri ölkədə keçiriləcək seçkiləri müşahidə etməyə dəvət edib. Seçkini müşahidə etmək istəyən əcnəbi müşahidəçilər gəlib müşahidə apara bilərlər. Kim gəlmək istəməsə, bu, onun öz problemidir. Azərbaycan hökuməti marağındadır ki, seçkilərdə beynəlxalq müşahidəçilər müşahidə aparsınlar. Biz beynəlxalq qurumlara, ölkələrə bu məqsədlə dəvət göndərmişik. Ümid edirik ki, çoxlu sayda beynəlxalq müşahidəçi seçkilərdə iştirak edəcək”.
Bunu qəzetimizə müsahibəsində Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli bildirib. Müsahibəni təqdim edirik:
- Mikayıl müəllim, artıq neçə gündür seçki prosesi başlayıb. Ümumi vəziyyəti necə qiymətləndirirsiniz?
- Artıq seçkidə iştirak etmək istəyən şəxslərin namizədliyinin irəli sürülməsi prosesi arxada qalıb. Hazırda onların qeydə alınması prosesi gedir. Bu mərhələ də yekunlaşmaq üzrədir. Bundan sonra isə təbliğat-təşviqat kampaniyası start götürəcək. Ümumən prosesi müsbət qiymətləndirirəm. Respublika üzrə xeyli sayda namizəd irəli sürülüb. Hazırda min nəfərdən çox şəxsin namizədliyi qeydə alınıb. Uğurlu seçki prosesi gedir. Bu günə qədər Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyalarına o qədər də şikayət daxil olmayıb. Daxil olan şikayətlər isə operativ araşdırılır, dərhal münasibət ifadə olunur. Çalışırıq ki, seçkilərdə iştirak etmək istəyən vətəndaşlarımız seçki prosesində sona qədər iştirak etmək imkanı əldə etsinlər. Əlbəttə, seçki komissiyaları bu istiqamətdə əlindən gələni edirlər. Hesab edirəm ki, seçki prosesini uğurla davam etdirə biləcəyik.
- Hər seçkidə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi aparılır. Bu məqam nəzərə alınıbmı?
- Bu proses də qanunauyğun olaraq davam edir. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq seçici siyahıları seçkilərə 35 gün qalmış bütün seçki məntəqələrinin müvafiq bölməsində yerləşdirilir. Həmçinin seçicilər gedib seçki siyahıları ilə tanış ola bilərlər. Əgər adlarına rast gəlməsələr, dərhal siyahılara düzəliş edə, adlarını ora əlavə edə bilərlər. Yox, əgər adlarında texniki səhvlərə yol verilibsə, onu da qaydaya sala bilərlər. Seçkilərə 20 gün qalmış seçici siyahıları ilə bağlı proses sona çatır, MSK-nın verdiyi siyahıya uyğun olaraq təsdiq edilir və seçki günü də bu siyahıya uyğun olaraq seçkilər keçirilir.
- Namizədliyi qeydiyyata alınmayan da çoxdur?
- Hazırda namizədlərin qeydiyyata alınması prosesi davam edir. Biz deyə bilmərik ki, kimlərinsə namizədliyi qeydə alınacaq, kimlərinsə namizədliyi qeydə alınmayacaq. Bu, qanunvericiliyə uyğun olaraq aparılan prosesdir. İkincisi, bəzən Mərkəzi Seçki Komissiyası müvafiq Dairə Seçki Komissiyalarının qərarlarını ləğv edə bilir. Dairə Seçki Komissiyalarının hüquq pozuntusuna yol verməsi, namizədlərin hüququnu pozması halları müşahidə ediləndə dərhal MSK aşağı seçki komissiyalarının qərarlarını ləğv edir. Bu günə olan məlumata görə, 1001 nəfərin namizədliyi qeydə alınıb. Əslində, bu az rəqəm deyil və görünən budur ki, hələ proses davam edəcək.
- Seçki günü hansı sayda seçki məntəqəsi fəaliyyət göstərəcək və ümumilikdə MSK-da hansı sayda insan bu prosesdə iştirak edəcək?
- Seçki komissiyaları sistemində 30 mindən çox insan fəaliyyət göstərir. Söhbət MSK, DSK və məntəqə seçki komissiyalarının üzvlərindən gedir. Bizim 5200-dən artıq daimi fəaliyyət göstərən məntəqə seçki komissiyalarımız var. Müvəqqəti seçki komissiyaları da fəaliyyət göstərəcək və ümumilikdə seçki məntəqələri 5500-dən az olmayacaq. Eyni zamanda xatırladım ki, məntəqə seçki komissiyasında 5-6, dairə seçki komissiyasında 9, MSK-da isə 18 nəfər bu prosesin həyata keçirilməsini təmin edəcək. Bir daha qeyd edim ki, bu, təxminən 30 mindən yuxarı rəqəmdir. Hesab edirəm ki, MSK-nın apardığı iş müsbət nəticələr əldə etməyə əsas verir. Dairə, məntəqə və mərkəzi seçki komissiyasının üzvləri üçün maarifləndirici tədbirlər həyata keçirilir. Digər seçki subyektləri ilə ötən dövr ərzində çoxlu sayda maarifləndirici tədbirlər keçirilib. Həmçinin dövrü mətbuatda və televiziya kanallarında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Hesab edirik ki, qanunun tələb etdiyi formada seçkilərin keçirilməsi üçün seçki komissiyaları tam hazırdır və biz bunu həyata keçirə bilərik.
- Seçkini müşahidə edəcək yerli müşahidəçilərlə bağlı durum necədir?
- Bu proses də davam edir. Seçkilərə 10 gün qalmışa qədər MSK seçkiləri müşahidə etmək istəyən şəxsləri qeydə alır. O cümlədən DSK-lar seçkiyə 5 gün qalmışa qədər müşahidəçiləri qeydə almaq hüququna malikdir. Artıq müşahidəçilik etmək üçün vətəndaşlarımız müraciət etməyə başlayıb və qeydə alınma prosesi də gedir. Seçkilərə 10 gün qalmışa qədər biz çoxlu sayda müşahidəçini qeydə ala biləcəyik. Təcrübəyə istinad edərək deyim ki, ötən seçkilərdə 40 mindən çox yerli müşahidəçi qeydə alınmışdı. Bu seçkilərdə isə 40 min və bəlkə də, bundan çox müşahidəçi qeydə alınacaq. Biz görürük ki, Azərbaycanda siyasi institutların hamısı seçkilərə kifayət qədər maraq göstərir. Həm partiyalar, həm də partiyaların yaratdığı seçki blokları namizədlər irəli sürüb. Onlar həm də maraqlıdır ki, seçki prosesini müşahidəçilərinin iştirakı ilə keçirsinlər. MSK bu prosesdə açıq qapı siyasəti yürüdür. Müşahidəçi olmaq istəyən hər kəsi qeydə alır. Bunun üçün mürəkkəb proseduraya ehtiyac da yoxdur. MSK və DSK-ya müraciət etməklə müşahidəçi statusu almaq və seçki günü müşahidə aparmaq olar. Seçkiyə 5 gün qalmış biz müşahidəçilərlə bağlı konkret rəqəm səsləndirə biləcəyik.
- Xarici müşahidəçilərlə bağlı vəziyyət nə yerdədir?
- MSK xarici müşahidəçiləri ölkədə keçiriləcək seçkiləri müşahidə etməyə dəvət edib. Seçkini müşahidə etmək istəyən əcnəbi müşahidəçilər gəlib müşahidə apara bilərlər. Kim gəlmək istəməsə, bu, onun öz problemidir. Azərbaycan hökuməti marağındadır ki, seçkilərdə beynəlxalq müşahidəçilər müşahidə aparsınlar. Biz beynəlxalq qurumlara, ölkələrə bu məqsədlə dəvət göndərmişik. Ümid edirik ki, çoxlu sayda beynəlxalq müşahidəçi seçkilərdə iştirak edəcək.
- Siz MSK-dan öncə aktiv peşəkar siyasətlə məşğul olmusunuz. Avropa Parlamenti və ATƏT-in Varşava Bürosu seçkiləri müşahidə etməkdən imtina edib. Bunu necə şərh etmək olar?
- Əvvəla deyim ki, çoxlu sayda beynəlxalq qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi haqda danışmaq yersiz olardı. Burada söhbət ATƏT-in Varşava Bürosu və Avropa Parlamentinin yanaşmasından gedə bilər. Onlar elan ediblər ki, seçkiləri müşahidə etməyəcəklər. Ancaq çoxsaylı beynəlxalq müşahidəçinin seçki prosesində iştirakını gözləyirik. Sadaladığınız bu iki qurum istisna olmaqla bütün beynəlxalq qurumlar seçkilərdə müşahidə aparacağını bəyan edib. Biz də gözləyirik ki, parlament seçkilərində çoxlu sayda xarici müşahidəçi iştirak etsin. Konkret olaraq Avropa Parlamenti və ATƏT-in Varşava Bürosunun seçkiləri müşahidə edib-etməməsi onların problemidir. İştirak etməsələr, əvvəla heç bir informasiyaları olmayacaq. İkincisi, onların seçkilərdən məlumatı olmayacaq. Nəzərə alın ki, seçkiləri xalqımız üçün keçiririk. Azərbaycan xalqı da ölkəmizdə keçirilən seçkilərə qiymətini verməlidir. Bunun üçün seçki məntəqələrinə gedib səsini verməlidir. Seçki komissiyaları buna tam hazırdır. Hesab edirəm ki, sağlam, qanuna istinad edən seçkilər keçirməklə xalqımızın etimadını doğruldacağıq. İndi kimsə müşahidə aparacaqsa, seçkilərdən məlumatı olacaq, aparmayacaqsa, bu da öz işi və mövqeyidir. Bir məqamı da xüsusilə vurğulayım. Nəzərə alın ki, Azərbaycan parlamentinə legitimliyi hansısa xarici təşkilat vermir. Legitimliyi xalqımız verir. Xalqımız da seçkilərə gəlməli, bu prosesdə iştirak etməli və münasibətini bildirməlidir. Başqa sözlə, seçkinin nəticələrini və legitimliyini xalqımız müəyyən edəcək. Çünki seçkilər xalqımıza və vətəndaşımıza bağlı məsələdir. Ölkə xaricində legitimlik aramaq niyyətində deyilik.
- Şikayətçilərin narazılığına və narahatlığına anında reaksiya vermək olurmu?
- Heç bir maneə və problem yoxdur. Qanunun tələbləri çərçivəsində DSK və MSK-ya istənilən seçki subyekti ərizə və şikayət vermək hüququna malikdir. Qeyd edim ki, şikayətlərin verilməsi asanlaşdırılan sistemdir. Odur ki, hüquq pozmaları görən vətəndaşın MSK və DSK-lara müraciət etmək imkanı var. Bunun üçün lazımı şərait yaradılıb. Hazırda MSK-ya şikayətlər daxil olur və biz də vaxtı uzatmadan bu şikayətlərə baxırıq. Bəzən bu səbəbdən MSK-nın toplantıları hər gün keçirilir. Odur ki, burada hansısa nöqsandan və hüquq pozmadan danışmaq yersizdir. Eyni zamanda bizim qaynar xəttimiz fəaliyyət göstərir. Vətəndaşlar rastlaşdığı istənilən qanun pozuntularına dair məlumatları qaynar xəttə deyə bilərlər. Tam məsuliyyətlə deyirəm ki, ərizə və şikayətlərin daxil olması ilə bağlı heç bir maneə yoxdur.
- Siz MSK-da katibsiniz. Şəxsən özünüzə şikayətlər və müraciətlər olurmu?
- İndi siz məndən informasiya ala bilirsinizsə, ayrı-ayrı seçki subyektləri də mənə seçkilərlə bağlı müraciət edə bilər. Yəni, bu məsələdə tam açığıq. Demək olar ki, MSK-nın üzvlərinin hamısı bir nəfər kimi iş yerlərindədir. Odur ki, istənilən şikayətlə bağlı üzvlərimizə müraciət oluna bilər. Burada hər hansı baryerdən danışmaq doğru olmazdı.
- Pulsuz efir vaxtı əldə edə bilən seçki blokları və ya partiyalar varmı?
- Yox. Yalnız Yeni Azərbaycan Partiyası bu imkanı əldə edib. Ancaq bildiyim qədər bu partiya elan edib ki, ödənişsiz efir vaxtından istifadə etməyəcək. Hələ bu proses başlamayıb. Proses başlayanda MSK bu məsələni müzakirə edərək müvafiq qərarını verəcək.
- 1 noyabrdan nə gözləyirsiniz?
- Şəffaf, ədalətli və Azərbaycan xalqının iradəsini ifadə edən seçki gözləyirik. Xalqımızı da aktiv olmağa, seçkiyə gəlməyə, inandığı namizədə səs verməyə dəvət edirik. Seçki prosesində ən ali söz xalqımızın sözüdür. MSK-da bu mövqenin ortaya çıxması üçün lazım olan şəraiti təmin etmək gücündədir.
Nemət