Cəbhə xəttində atəşkəsin tez-tez pozulması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı məsələlərə səbəb olub.
Belə ki, ötən gün ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetində dərc olunan “Dağlıq Qarabağ hadisələrinə yenidən baxış” sərlövhəli yazıda bildirilir ki, Ermənistan beynəlxalq institutları, məhkəmələri və qanunun aliliyini görməzlikdən gəlir. Yazının müəllifi Aleksandr Murinson Dağlıq Qarabağ hadisələrinin qısa xronikasını verərək qeyd edir ki, Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır. Ermənistan bu gün beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi sayılan torpaqların qeyri-qanuni işğalını davam etdirir. Kapitol Hilldə olan çoxsaylı ermənipərəst qüvvələr bunun əksini iddia etməyə çalışsalar da, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələyə həqiqi qiymət verir və faktları təbliğatdan ayırır.
Yazıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr, eləcə də “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı xüsusi qeyd edilib: “Ən əsası məhkəmə qərarı Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayon üzərində effektiv hakimiyyəti və yurisdiksiyasının olmadığı barədə Ermənistan hökumətinin etirazlarını əsassız sayıb. Ermənistana görə Dağlıq Qarabağ suveren dövlətdir. Avropa İnsan Haqları Məhkəməsinin məsələ ilə bağlı yekun qərarı isə belədir: Ermənistan hazırda Dağlıq Qarabağ və ətraf ərazilərdə effektiv nəzarət həyat keçirir. Lakin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan münaqişənin Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində və ya onun vasitəçiliyi ilə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu çərçivəsində aparıldığını deyərək məhkəmənin qərarını ciddiyə almadığını göstərib”.
Münaqişə ilə bağlı Belarusun Ermənistandakı səfəri İqor Nazarukun verdiyi açıqlama gözlənilməz olub. O, jurnalistin KTMT-nın cəbhədə baş verən son gərginliklərə reaksiya verib-verməyəcəyinə dair sualını da cavablandırıb: “Ötən həftə, ”Baqramyan" poliqonu da daxil olmaqla, Ermənistan ərazisində KTMT xətti üzrə təlimlər keçirildi. Təlimlərdə Ermənistan, Rusiya, Belarus və təşkilata üzv digər ölkələrin hərbçiləri iştirak edib. Təbii ki, bu növ təlimlərə qonşu ölkələr maksimum diqqət ayırırlar. Bu, Ermənistanın Qarabağ münaqişəsində tək qalmayacağına dair aydın siqnal idi. O, öz tərəfdarlarının, dostlarının, mən deyərdim ki, qardaşlarının əhatəsindədir. Əgər sadə danışsaq, bu təcavüzün kollektiv müdafiə ilə qarşılaşacağına dair bütün dünyaya bir mesaj idi".
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Belarusun Ermənistandakı səfirinin ciddi fikir söyləmədiyini deyib: “Çünki belə fikir söyləmək onun səlahiyyətində deyil. Görünür, ermənilərlə bir məclisə düşüb və onu yaxşıca içirib və o ifadəni səfirdən alıblar. İnanmıram ki, Belarusun yüksək siyasi dairələri belə bir fikri təsdiq etsinlər. Yəqin ki, yaxın günlərdə Belarus rəhbərliyi bu ifadələri təkzib edən bəyanatlarla çıxış edəcək.
Digər tərəfdən, Rusiya Belarusu 200 milyon dollarlıq qaz borcuna görə sıxışdıranda Azərbaycan öz kömək əlini uzatdı. Belə ki, Azərbaycan Belarusa bu məbləğdə borc pul verdi və qazın bu ölkəyə daxil olması bərpa olundu. Üstəlik, Belarusla Azərbaycan arasında normal ikitərəfli münasibətlər hökm sürür. Hansısa bir səfirin fikri ilə münasibətlər korlana bilməz. Hesab edirəm ki, Belarus rəhbərliyi səfirə yaxşı bir qulaqburması verəcək".
Q.Hüseynlinin sözlərinə görə, Amerika tərəfi son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha obyektiv mövqe sərgiləməkdədir: “Onlar Dağlıq Qarabağdakı seçkiləri qəbul etmirlər və bu işğal olunmuş ərazilərin Azərbaycana məxsus olduğunu qeyd edirlər. Bunu ayrı-ayrı şəxslərin bəyanatı ilə deyil, o cümlədən qəzet materiallarında da ifadə edirlər. Bu, onu göstərir ki, ABŞ Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi ilə bağlı yeritdiyi siyasətlə razılaşmır və bu istiqamətdə özünün ayrıca siyasətini formalaşdırır. Hələ ki, bu siyasət Azərbaycanın xeyrinədir və onu müsbət dəyərləndirmək lazımdır”.
Politoloq Natiq Miri qeyd edib ki, Ermənistanın beynəlxalq hüquqa əməl etməməsi, bilavasitə özü ilə bağlı məsələ deyil: “Bunu dünya gücləri də çox dəqiqliklə bilirlər ki, Ermənistanın havadarları BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvləri sırasındadır. Məhz burada Ermənistan əleyhinə qərar olanda dərhal havadar dövlətlər tərəfindən veto qoyulur. Bu baxımdan Ermənistan əleyhinə hər hansı qərarın çıxarılması mümkün olmur. Ona görə də BMT-dən beynəlxalq səviyyədə narazılıqlar artmaqdadır.
“Vaşinqton post” qəzeti bu məsələni vurğulayanda Ermənistanın beynəlxalq hüquqa əməl etməməsi kimi deyil, bunun arxasında duran dünya güclərinin siyasi iradəsini qeyd etsə, daha doğru olardı. Onu nəzərə almaq lazımdır ki, bu gün “beynəlxalq hüquq” termini işləmir və hazırda birinci yerdə güc faktorudur. Hər hansı bir istəyi həyata keçirmək üçün birinci güc faktoru, ondan sonra beynəlxalq hüquq tətbiq olunur. Bu mənada arxasında dünya güclərinin dayandığı Ermənistan beynəlxalq hüququ tanımayacaq".
N.Miri deyib ki, Belarus səfirinin Ermənistanda dediyi fikirlər erməni ictimaiyyətinə ünvanlanıb: “Ancaq səfir bu addımı ilə öz diplomatik həddini aşıb. Çünki bu gün Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatına başlasa və BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz işğal olunmuş torpaqlarını azad etmək istəsə, Belarus ermənilərin yanında olmayacaq. Təbii ki, Belarus səfiri öz fikirlərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontekstində dilə gətirib. Bu təşkilatın digər üzvləri türk toplumunun ayrı-ayrı dövlətləridir. Bu dövlətlər də heç bir vəchlə Azərbaycana qarşı silah işlətməz. Eyni zamanda Belarus da Azərbaycana qarşı bir qurumda olmaz. Düşünürəm ki, bu, həddini aşmış bir diplomatik jestdir”.
BƏXTİYAR