16 Oktyabr 2015 17:20
2 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com 8 saylı Binəqədi 1-ci seçki dairəsindən deputatlığa namizəd Aysel Əlizadə ilə müsahibəni təqdim edir:

– Aysel xanım, 125-lər hərəkatının namizədisiniz. Bu hərəkatın adı daha çox İqbal Ağazadə ilə hallanır. Son günlər isə onun deputat seçilməyəcəyi ilə bağlı iddialar səslənir. Liderlik funksiyasını öz üzərinə götürən İqbal bəyin namizədliyi belə mübahisəlidirsə, siz öz perspektivinizi necə görürsünüz?
– İqbal bəy bu günə qədər bir neçə seçkidə iştirak edib. Bu seçkilərdə onun rəqibləri ilə heç bir qaranlıq motivli görüşü olmayıb. Mübahisəyə səbəb olan budur. Mən belə düşünürəm ki, İqbal bəy bu günə qədər müxalif tərəfi təmsil edib. Biz bunu yaxşı bilirik. İqbal bəyin yanındayıqsa, onun dostu ola bilmişiksə, bu seçkiyə komanda şəklində qoşulmuşuqsa, deməli, onun barədə yaxşı məlumatlıyıq. Biz avam adamlar deyilik. İqbal müəllimi müəyyən dairələrin adamı kimi qələmə verib vurmaq istəyərlər, belə söz-söhbət yarada bilərlər. Bunlar boş söhbətlərdir. Söz-söhbətlə iş olmur. İş görülür, danışılmır.

– Bəs öz şanslarınız?
– Paralel olaraq, öz şanslarımı da yaxşı qiymətləndirirəm. Mən bilsəydim ki, şansım yoxdur, Azərbaycan xalqından dəstək ala bilməyəcəm, tərəddüd edərdim. Çünki dəstək almadığım, hörmət qazanmadığım yerlərdə olmuram.

Bəzən adamlar dost xəyanətindən danışırlar. Ancaq mən heç vaxt dost xəyanəti görməmişəm. Bunun səbəbini artıq tapmışam. Çünki mənim dostum olan adamlar nəyəsə görə mənim yanımda olmayıblar ki, onları nə vaxtsa itirim. Onlar mənim dəyərlərimə, xarakterimə, dünyagörüşümə, kimliyimə görə yanımda olublar. Əgər mənim kimliyim dəyişərsə, onları itirə bilərəm. Bu, dostların mənə xəyanəti yox, mənim onlara xəyanətim olar.

Bizim cəmiyyət mənim xəyanətimi görməyib. Onların da mənə xəyanət edəcəyinə inanmıram. Seçici ilə işləyə bilirəm, seçicini tanıyıram. Mən Binəqədi ərazisində yaşayıram və özüm də özümün seçicisiyəm. Ona görə də seçicilərimin ruhunu, onların nə ilə sevinib, nə ilə kədərləndiklərini yaxşı duyuram. Real şanslarımı da bu cür qiymətləndirirəm.

– Sizin rəqibiniz olan Aysel Əlizadə ilə bağlı nə fikirdəsiniz?
– Həyatım boyu heç kimi özümə rəqib görməmişəm, heç kimə düşmən gözü ilə baxmamışam. Bütün gəncliyimi maarifçilik yolunda qoymuşam. Ona görə də heç kim mənim üçün düşmənə çevrilməyib. Aysel Əlizadəyə də düşmən kimi baxmıram. Biz Mirzə Cəlil irsinin davamçılarıyıq, maarifçilərik.

– Siz dediyiniz mənəvi kriteriyalardır. Ancaq bu, konkret seçki prosesi, şahmat ouyunudur və burda sizə qarşı bir gediş olub. Bunun qarşısını necə almağı düşünürsünüz?
– Ayselə düşmən kimi baxmıram, özünə görə bir xanımdır, onu da bir oyuna salıblar. Təsadüfən gəlib bura düşüb. Bircə bildiyim odur ki, o, bu seçkiyə qoşulana qədər Aysel Əliyeva olub. Mənim qarşıma çıxarılandan sonra Əlizadəyə çevrilib. Bələdiyyə seçkilərində sənəddə onun adı Aysel Əliyeva olub. Bunu indiyə kimi ona görə deməmişəm ki, belə şeylərlə məşğul olmuram, daha vacib işlərim var. Seçkiyə gedirəm, dostlarım var, yanımda bu işə inanan adamlar var.
Mənim sayəmdə o qız da tanındı. Əgər onun tanınmağında bir rolum oldusa, nə xoş. Buna çox sevinirəm, qoy uşaqlar tanınsın. Biz də elə o adamlar üçün çalışırıq. O qızı özüm üçün təhlükə hesab etmirəm. Ola bilər ki, bu, insanları çaşdırsın. Hətta məni müğənni Aysel Əlizadə ilə də qarışdırırlar.

– Başqa nə kimi maneələr var?
– Bu prosesdə qarşıma çox maneələr çıxarmağa çalışırlar. Biz “Aqora” restoranı ilə danışmışdıq, orda görüş keçirəcəkdik, əvvəl razılaşdılar, sonra nədənsə fikirlərini dəyişdilər. Əlimizdə olan məlumatlara görə onlara müəyyən dairələrdən təzyiq ediblər.
Bilirsiniz, parlamentdə daha çox kişilər təmsil olunur, kişi-qadın bərabərliyi kobud şəkildə pozulur. İnanmıram ki, bu qədər kişi toplaşıb bir Aysel Əlizadə ilə əlləşsin. Məncə, bu, konkret olaraq bəzi rəqiblərin işidir. Ancaq mən o maneələrə də fikir vermirəm. Öz yolumla gedirəm.

– Hazırda qərargahınızda vəziyyət necədir, hər hansı çatışmazlıq varmı?
– Qərargahda aktivlik var. Hər şey normal gedir. Hamı bu işə o qədər ürəyini qoyub ki... Mən bu adamları pulla gətirməmişəm. Hamısı əzizlərim, dostlarımdır. Aralarında tanımadığım adamlar da var. Mən Azərbaycan xalqını yenidən kəşf etdim, yenidən tanıdım, dostlarımı yenidən sevdim. Bu prosesdə elə nöqtələrə gedib çıxırsan ki, onları bilmədən yazıçı olmaq, ölkə haqqında danışmaq olmaz.

– Saytımız vasitəsiylə seçicilərə çatdırmaq istədiyiniz hansısa mesaj varmı?
– Onları seçkiyə qoşulmağa, mənim yanımda olmağa çağırıram. Seçkiyə gəlsinlər, imkan verməsinlər ki, kimsə onların yerinə səs versin.

Sevinc


Müəllif: