“Ermənilər Kəlbəcəri işğal etdikdən sonra burada qızıl zavodu qurdular və deyilənlərə görə, hazırda qızıl istehsalı ilə məşğuldurlar. Yəni, Azərbaycanın milli sərvətlərini talan edirlər. Bildiyim qədər, İsveçrədə olan bir şəxsi məhkəməyə vermişik. Bu, normal haldır, lakin biz daha ciddi fəaliyyət ortaya qoymalıyıq. Məsələn, beynəlxalq geologiya, beynəlxalq ekologiya ilə bağlı fəaliyyət göstərən qurumlara, rəsmi təşkilatlara müraciət etməliyik. Bizim müvafiq nazirliklərimiz bu məsələdə yubanmamalı, dərhal hərəkətə keçməlidir. Bizim işğal edilən torpaqlarımızda böyük və zəngin yataqlarımız var”.
Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Müsahibəni təqdim edirik:
- Novella xanım, siz, əsasən, qadın hüquqlarının müdafiəsi ilə məşğulsunuz. Hazırda bu istiqamətdə cəmiyyətiniz hansı addımlar atır?
- Biz qadınların hüquqlarını qoruyur, məhkəmələrdə onların hüquqşünası, nümayəndəsi kimi çıxış edirik. Pulumuz olanda da, olmayanda da bu istiqamətdə fəaliyyətimiz var. 20 ildir ki, işləyirik. Bəyəm, həmişə qrantla çalışmışıq? Elə iş var ki, uduruq, eləsi də var uduzuruq. Adətən, qarşı tərəf imkanlı olduqda işimiz çətin olur. Məsələn, bir xanım bizə şikayət verib. 18 yaşında evlənən bu xanımın 3 övladı olub. Sonradan onu evdən qovub, övladlarını da əlindən alıblar. Səbəb də odur ki, həyat yoldaşı imkanlıdır. Məhkəmələrdə əsas gətirirlər ki, övladlarını saxlamağa imkanı yoxdur, ona görə də uşaqları həyat yoldaşına veririk. Təsəvvür edin, qızı gətirib on il evində saxlayasan, sonra da buraxasan küçələrə, üstəlik də övladlarını əlindən alasan. Bu, hansı ədalətdir? Hazırda bu xanımın işi ilə məşğuluq.
- Tiflisdə keçirilən konfransdan yenicə qayıtmısınız. Sirr deyilsə, konfransda kimlərlə və hansı məsələləri müzakirə etmisiniz?
- Məlumat üçün deyim ki, Cənubi Qafqazda Qadınlar Konqresi təsis etmişik. Bu qurumu 3 il əvvəl yaratmışıq. Bura Ermənistan, Azərbaycan və Gürcüstandan olan QHT-lər daxil olub. Məqsəd qadınların fəallığının artırılmasıdır. Məsələn, qadın məktəbinin açılması, 20-35 yaşlı xanımlara diplomatiya, iqtisadiyyat, biznes, liderlik xüsusiyyətləri, siyasət və münaqişələrin çözülməsi sahələrində dərslər keçməyi vacib hesab edirik. Əsasən, bu məsələləri müzakirə etdik, məktəb açmaq üçün maliyyənin necə əldə olunması haqda fikir mübadiləsi apardıq. Məqsəd qadın mütəxəssisləri formalaşdırmaq, sonradan bu xanımların siyahısını hökumətə təqdim etməkdir. Hökumət də xanımları irəli çəksin. Konqres haqqında hər kəs bilir, 3 ildir fəaliyyət göstəririk. Biz gənc xanımların fəallığının artırılması kimi mövzularda xanımlara dərs keçmişik, eləcə də, münaqişələrə yanaşmalar da öyrədilib. Bir neçə dəfə İstanbulda da bir araya gəlmişik. Azərbaycandan 7 təşkilat konqresdə fəaliyyət göstərir.
- Konqresdə ermənilər iştirak edir, onlarla münasibətlər necədir?
- Münasibətlər normaldır. Səmimi deyim ki, onlar anlayırlar ki, münaqişə heç kəsə lazım deyil. Biz də sözümüzü deyirik.
- Söhbət ermənilərdən düşmüşkən, indi bəlli olur ki, ermənilər işğal etdikləri Zəngilan rayonunun Vejnəli kəndində qızıl mədənlərinin istismarına başlayır, bura xaricdən kimlərisə dəvət edir. Bu faktı necə qiymətləndirirsiniz?
- Mən bu haqda sentyabrın 20-də məlumat tutmuşam. Orada qızıl mədəni var. Bu xəbər mənə pis təsir etdi. Bu qızıl mədənlərinin çoxu vaxtilə bizim əlimizdən gəlib keçib. Nəzərə alın ki, mən Naxçıvanda işləyəndə laboratoriyanın rəhbəri idim. Orada qızıl olduğunu da bizim laboratoriya müəyyən etmişdi. İndi mənə pis təsir edən odur ki, bu ərazidə qızıl olduğunu biz müəyyən etmişdik, lakin işğaldan sonra ermənilər burada qızılın işlənməsinə başlayıb. Kəlbəcər rayonunda zəngin qızıl mədənlərimiz var. Xüsusilə, Zod deyilən ərazidə. Ermənilər Kəlbəcəri işğal etdikdən sonra burada qızıl zavodu qurdular və deyilənlərə görə, hazırda qızıl istehsalı ilə məşğuldurlar. Yəni, Azərbaycanın milli sərvətlərini talan edirlər. Bildiyim qədər, İsveçrədə olan bir şəxsi məhkəməyə vermişik. Bu, normal haldır, lakin biz daha ciddi fəaliyyət ortaya qoymalıyıq. Məsələn, beynəlxalq geologiya, beynəlxalq ekologiya ilə bağlı fəaliyyət göstərən qurumlara, rəsmi təşkilatlara müraciət etməliyik. Bizim müvafiq nazirliklərimiz bu məsələdə yubanmamalı, dərhal hərəkətə keçməlidir. Bizim işğal edilən torpaqlarımızda böyük və zəngin yataqlarımız var. Ola bilsin ki, yataqların bir çoxu, ümumiyyətlə, kəşf edilməyib. Lakin 1988-ci ildən bu yana kəşf edilən zəngin yataqlar da var və hazırda ermənilər tərəfindən mənimsənilir. Bu mövzu mənim üçün çox ağrılıdır. Çünki bu mədənlərin bir çoxunu mən, yoldaşım və o dövrdəki dostlarımızla birgə açmışıq. Hamısı da bizim əlimizdən gedib. İndi mənə pis təsir edən odur ki, ermənilər Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan bölgələrində də yataqları istismar etməyə girişiblər. Bu, birbaşa beynəlxalq qanunların pozulmasıdır. Beynəlxalq təşkilatlar hara baxır, bizi niyə müdafiə etmir, hansı səbəblərdən işğal edilən ərazilərimizdən aparılan milli sərvətlərimiz məsələsində susur? Mən bunu qətiyyən qəbul etmirəm. Bu, millətimizin milli sərvətidir, Vejnəli də, Zod da Azərbaycan xalqının haqqıdır, xalqa məxsusdur. Hələ çox yerlər var ki, orada ermənilərin hansı xarici şirkətlə işlədiyini bilmirik. Niyə biz bu məsələni beynəlxalq məhkəmədə qaldırmırıq, niyə beynəlxalq ekologiya qurumlarına müraciət etmirik? Dövlətimiz bu məsələdə hərəkətə gəlməlidir. Dövlət bu ərazilərimizdə işləmək istəyən və ermənilərlə müqavilə bağlamağı düşünən xarici şirkətlərlə bağlı addımlar atmalıdır. Bu mədənlər xalqımızın sərvətidir. Nəyə görə, onlar bundan istifadə etməlidir? Səsimizi dərhal qaldırmalı və beynəlxalq təşkilatlara bu haqda danışmalıyıq.
- Bu məsələnin qadın hüquqları ilə məşğul olan bir xadim tərəfindən qaldırılması bir qədər təəccüblü görünür. Adətən, siz qadın hüquqları, əfv, insan haqları barədə danışırsınız...
- 26 il geologiyada işləmiş, kəşfiyyat işləri aparmış, qızıl mədənlərini kəşf etmişik. Ömrümün əhəmiyyətli bir hissəsini bu peşəyə sərf etmişəm. Filizçay, Kələki, Vejnəli, Kəlbəcər, İstisuda işləmişəm. Kələkidə işləyəndə Vejnəlidəki qızıl mədəni bizə tabe idi. Odur ki, indi ermənilərin buralarda işləməyə başlaması haqqında xəbərlərə rast gələndə çox təəssüflənirəm. Mən bu ərazilərdəki qızıl ehtiyatını, onun gətirəcəyi gəlirləri təsəvvür edirəm. Onları beynəlxalq məhkəməyə vermək lazımdır. Avropanı, Amerikanın diqqətini buna cəlb etmək lazımdır ki, qəsbkarlar milli sərvətlərimizi oğurlayırlar. Bunlar Kəlbəcərdə olan yataqları necə talayırlarsa, Vejnəlini də o cür talayacaqlar. Bizim işğal altında olan ərazilərimizdə milli sərvətlərimiz çoxdur. Təkcə qızıl yataqları deyil, isti suyumuz, minlərlə mədənimiz var. Nəzərə alın ki, biz yalnız açılan mədənləri bilirik. Biz neçə illər bu məqsədlə işləmiş, dağlarda geoloji kəşfiyyatlar, araşdırmalar aparmışıq. Dövlət bu məsələyə xüsusi diqqət göstərməli, lazım gəlsə, beynəlxalq məhkəməyə qədər getməlidir. 20 ildir ki, Zod yatağını istismar edirlər, təsəvvür edin ki, bizim hesabımıza nə qədər maliyyə əldə ediblər.
- Sizcə, bu prosesi dayandırmaq olar?
- Olar. Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağda və Qarabağa aid olmayan rayonlarımızda milli sərvətlərimizlə bağlı geniş və dolğun informasiyalar var. Təbii ki, ermənilərin bütün bu sərvətlərin eyni anda istismar etməsi mümkünsüzdür, çünki bunun üçün potensialları yoxdur. Ancaq zaman keçdikcə, onlar bunu edəcək. Odur ki, bu məsələdə düşməni dayandırmaq lazımdır. Böyük bir konfrans təşkil olunmalı, beynəlxalq ekspertlər dəvət edilməlidir. Yüz cür iş etmək olar, əsas odur ki, düşməni dayandıraq. Bu məsələni ictimailəşdirmək, beynəlxalq ictimaiyyətdə iş aparmaq lazımdır. Yerli media və kanallar bu işdə aktiv olmalıdır. Azərbaycanda olan xarici ölkə səfirliklərinə müraciət olunmalıdır.
- Ancaq təcrübə var, Azərbaycan tərəfi işğal faktı, qanunsuz yerləşdirmə və digər məsələlərlə bağlı dəfələrlə beynəlxalq qurumlara müraciət edib, addımlar atıb, BMT-nin məlum qətnamələrini əsas gətirib. Lakin beynəlxalq ictimaiyyət bütün bunları bilsə də, sonda susqunluq nümayiş etdirib, ortaya nəticə qoymayıb, işğalçını cəzalandırmayıb...
- Sizi anlayıram, dediklərinizdə həqiqət var. Mən demirəm ki, biz ümumiyyətlə bu istiqamətdə işləməmişik. Amma bəlkə də az işləmişik. Daha çox işləməliyik ki, ortada nəticə də olsun. Bizə vacibdir ki, bunu beynəlxalq səviyyədə ictimailəşdirək. Vejnəli yatağının, Zod mədəninin bizdə çəkilişləri var. Müəyyən tarixi hadisələrlə bağlı çoxlu sayda xadimlər xarici ölkələrə səfərlər edir, Azərbaycanı təbliğ etməyə çalışırlar. Həmin şəxslər getdikləri hər ünvanda bu məsələni açıqlamalı, faktları deməlidir. Avropa İttifaqında, ATƏT-də, Avropa Şurasında bu haqda danışmalıdır. Bizim diaspora qurumlarımız bu məsələdə aktiv olmalıdır.
- Siz Avropa Şurasında çox olursunuz, bu haqda danışırsınızmı?
- Sözsüz ki, deyirəm. Bu saat Avropa Şurasına və digər qurumlara məktub hazırlayırıq. Bir var mən tək deyim, bir də var böyük kampaniya başladılsın. Bu prosesə dövlət də öz imkanlarını səfərbər etsin, biz də, dünyada yaşayan azərbaycanlılar da. Bu məsələyə dair ciddi kampaniya aparılmalıdır. Torpağımızı işğal edənlərin orada istədiyi fəaliyyəti göstərməsi, yataqları istismar etməsinə imkan vermək olmaz.
- 2015-ci ilin başa çatmasına 2 ay qalır. Əfv gözləyirsinizmi?
- Bəli, ilin sonuna əfv gözləyirik və ümid edirik ki, gözəl bir əfv sərəncamı olacaq.
Nemət