2 Dekabr 2015 12:34
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn "Azərbaycan Naminə Həmrəylik" adı altında yeni birliyə müxalif cameədən gələn reaksiyaları şərh edib. O, ideya müəllifi olduğu təsisatın reallaşma imkanlarına toxunub, müxalifət partiyalarına etdiyi çağırışlardan danışıb.

- Pənah bəy, "Azərbaycan Naminə Həmrəylik" adlı yeni bir hərəkatın təşəbbüskarı kimi çıxış etmisiniz. Belə bir təsisatı zəruri edən şərt nədən ibarətdir?
- Ad şərti olaraq deyilib. Azərbaycanın inkişafı, təhlükəsizliyi naminə xalq hərəkatı tipli təsisata ehtiyac var. Təbii ki, ideya və istiqamətlər formalaşacaqsa, kollektiv şəkildə müzakirələrdən sonra həmin hərəkat elan olunmalıdır. Bunun konkret olaraq müxalifət və iqtidar hərəkatı kimi yox, adından da göründüyü kimi, milli birlik və həmrəylik naminə adlandırılması daha məqsədəuyğundur. Hərəkata daxil olan şəxslərin hansısa siyasi partiyalarda, digər birliklərdə fəaliyyəti üçün əngəl olmamalıdır.

- Partiya sədrləri ilə məsləhətləşəcəyinizi bildirmişdiniz, görüşlərin nəticəsindən razısınız?
- Bu ideyaya müxtəlif yanaşmalar var. Belə fikirlər səslənir ki, bu tipli toparlanma radikallaşmaya aparıb çıxara bilər. Bəziləri yalnız siyasi partiyalardan ibarət hərəkatın olmasını istəyir, bir qism insanlar fərdlərin hərəkatının yaradılmasının tərəfdarıdır. Sözün doğrusu, iştirak etdiyim məsləhətləşmələrə əsasən, bu günə gəldiyim qənaət ondan ibarətdir ki, hərəkat Azərbaycan ictimai-siyasi elitasından daha çox orta və aşağı kəsimdəki insanlar tərəfindən yaradıla bilər. Ola bilsin, Azərbaycan ictimai-siyasi spektrində yeni bir elitanın formalaşması prosesi getsin. Hərçənd özüm də mövcud köhnə kəsimin nümayəndələrindən biriyəm, odur ki, prinsip etibarilə yeni simaların olmasının işə daha fayda verəcəyi qənaətindəyəm. Yeni simaların titullu şəxslər olması vacib deyil. Dekabr ayında bu istiqamətdə müəyyən dəyirmi masaların, qapalı yerlərdə toplantıların keçirilməsi nəzərdə tutulub. Əlbəttə, bu, hərəkat kimi yalnız o vaxt özünü təsdiqləyər ki, minlərlə insanın iştirak etdiyi həmrəylik mitinqi şəklində ortaya çıxsın.

- Mediada olan yanaşmalardan belə görünür ki, ideyanıza yalnız "Azadlıq-2015" blokunda təmsil olunan partiyalar dəstək verir. Kənardan dəstəkçilər varmı? Konkret ad çəkə bilərsiniz?
- Əvvəla, onu qeyd edim ki, bu, təkcə mənim ideyam deyil. Seçkidən əvvəl və sonra bu cür formatlaşma, ictimai-siyasi qüvvələrin səfərbər olunması müxtəlif tərəflərdən səslənir. Deməzdim ki, bu, orijinal və bir şəxsin ideyasıdır. Tənqidi və ehtiyatlı yanaşmalar var. Bu ideyanı, ümumiyyətlə, qəbul etməyən kəsim də var. Gəldiyim qənaət budur ki, hərəkatın bu günədək ictimai-siyasi elitanın üzdə olmayan nümayəndələrindən formalaşması ehtimalı daha çoxdur. Yalnız partiya sədrləri, məşhur olan ictimai-siyasi xadimlərlə deyil, həmçinin fəal mövqe tutmaq istəyən, özünün fikri, düşüncəsi, bu məsələlərlə bağlı müəyyən baxışları olan şəxslərlə də məsləhətləşmələr aparılıb. Bu istiqamətdə daha irəliyə gedən uğurdan, ideyanın qəbul olunmasından danışmaq mümkündür. Təşəbbüs qrupunun yaradılması ideyası var. Təkrar edirəm, hansısa bir təsisat, təsis qrupunun yox, təşəbbüs qrupunun yaradılması ideyası var. Mənə də belə təkliflər olub. Nəzərdən keçiririk, yəqin yaxın vaxtlarda ölçülüb-biçilər, qəbul olunarsa, reallaşma istiqamətində addımlar atılacaq. İstər "Azadlıq-2015" blokundakı partiyalar, istərsə də digər siyasi partiyalardan daha çox mənim fikrimcə, vitrində görünməyən kəsimlə aparılan danışıqlar daha perspektivlidir.

- Dediniz ki, nəzərdə tutulan ideyanı müxalif yoxsa, iqtidar istiqamətə bölmək istəmirsiniz...
- Gizlətmirəm, bəzi məsləhətləşdiyimiz şəxslər deyirlər ki, istənilən hərəkat başlasa, bunun radikallaşması labüddür, ona görə də bu məsələdən ehtiyat edirlər. İndiki dönəmdə situasiya elədir ki, fəal ictimai-siyasi mövqe istər-istəməz müxalif mövqe olmaya bilmir. Amma bunu cəmiyyətin vərdiş elədiyi mənada sırf siyasi partiyalaşma, qruplaşma kimi yox, bir qədər müxtəlif kəsimləri əhatə edən hərəkat kimi nəzərdə tuturuq. Doğrusu, bu, real görünmür. Prinsip etibarilə iqtidardan olmasa da, bəzi iqtidaryönlü şəxslərin hərəkatda bu və ya digər dərəcədə iştirakını mümkün hesab edirəm.

- Bəs yeni təsisatla bağlı Müsavat və AXCP-nin mövqeyi necədir?
- Bu partiyaların mövqeyini onların əvəzindən açıqlamaq etik olmaz. Yeni təşəbbüslə bağlı yanaşmalar içərisində ən müxalif olan kəsim Müsavat və AXCP-nin olması da mənə məlumdur.

- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Pənah Hüseynin liderliyinə şübhə ilə yanaşıram. Onun fikirlərinə münasibətiniz necədir?
- Mən heç kəsə özümü lider kimi təqdim etmirəm. Ümumiyyətlə, kütlə üçün kimisə təqdimatla lider etmək mümkün də deyil. Bir məsələni də deyim, xalq hərəkatının ilkin dövründə Türkiyədə çıxan qəzetlərdə Azərbaycan Xalq Cəbhəsinin lideri sözü işlənirdi. Biz lider kimi Əbülfəz Elçibəyi qəbul edirdik. Sonra məlum oldu ki, Türkiyə türkcəsində lider cəm halında işlənir. Yuxarı kəsimdə olan bütün şəxslər lider adlanırdı. Bu mənada əlbəttə ki, söhbət burada hansısa tək şəxsin liderliyindən getmir. Yeni mərhələnin başlandığı göz önündədir. Fikrimcə, yeni mərhələ Azərbaycanın ictimai-siyasi spektrində də mütləq olacaq və zəruridir. Bəzi titullu müxalifət generallarına çağırış etmişəm ki, yeni mərhələnin liderliyinə iddialılardan biri də mənəm. Sözümün də üstündə dururam. Bəzilərinə bir qədər şübhə kimi gələ və hətta ironiyaya səbəb ola bilər. Bu haqda deyilənləri bəzən eşidirəm. Amma proses və hadisələrin obyektiv gedişi nəyin mümkün olub-olmadığını həmişə göstərir. Bu məsələləri də proseslərin gedişi müəyyən edəcək.

Nərgiz EHLAMQIZI


Müəllif: