9 Dekabr 2015 14:28
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcü Arzusu" Avropaya və NATO-ya inteqrasiya baxımından ortaya ciddi bir fəaliyyət qoya bilmədi. O cümlədən də, özlərinin iqtisadi-sosial proqramları əsasında ciddi bir fəaliyyət izlənilmədi. Yəni onların seçki ərəfəsində verdiyi vədlərin yerinə yetirilməsinin şahidi olmadıq. 2016-cı ildə Gürcüstanda yeni parlament seçkiləri keçiriləcək. Növbəti parlament seçkilərində indiki hakimiyyət bir neçə kombinasiya barədə düşünür. Bu, çox hiyləgər kombinasiyalardır".

Bunu Teleqraf.com-a müsahibəsində "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Müsahibəni təqdim edirik:

- Zəlimxan bəy, müavininizin Gürcüstana buraxılmamasına dair qadağa aradan qaldırılıb. Sizinlə bağlı durum necədir?
- Mən Gürcüstanın yanlışlığını bir daha qeyd etmək istəyirəm. Gürcüstanın indiki hökuməti koalisiyalıdır. Burada xeyli fərqli insanlar, təşkilatlar təmsil olunur, rusiyameyilli qüvvələr də var. Əlbəttə, bəzən milli maraqları fərdi maraqlara qurban verməyə hazır olanlar da var. Salman bəylə bağlı qadağa götürülüb və bu proses davam edir. Hazırda biz prosesi izləyir, nələrin baş verdiyini müşahidə edirik.

- Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevin qəbulunda olmusunuz, Gürcüstana buraxılmamağınızla bağlı məsələ müzakirə edilib. Bu haqda məlumat verə bilərsinizmi?
- Mən hər zaman dövrü mətbuatda söyləmişəm, hətta bununla bağlı üzərimə də gələnlər olub. Azərbaycanın milli təhlükəsizliyi Gürcüstanda da təhdid edilir deyə bəyanat vermişəm. Həmçinin Azərbaycanda gəncləri aparıb hansısa xarici ölkədə dini təhsil vermək və sonra isə onların əli ilə Azərbaycana barmaq silkələndiyini zamanla qeyd etmişəm. Bildirmişəm, bu şəxsləri sonradan anti-türk ovqatı ilə geri göndəriblər. Mən bunları təhlükə mənbəyi hesab etmişəm. Sözsüz ki, islam dini müqəddəsdir. Amma məzhəb adı ilə özümüzə qarşı aparılan siyasət olub və bunun təzahürləri də zamanla ortaya çıxır. Bu məsələlər daima diqqətimdə olub. Mən Milli Təhlükəsizlik Nazirliyinə əvvəllər də müraciət etmişəm. O cümlədən Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyinə də zamanla müraciətlərimiz olub. Hesab edirəm ki, şəxsən mənim Gürcüstana buraxılmamağım bu ölkədə anti-Azərbaycan mövqeyində və fəaliyyətində olan halqanın işidir. Borçalı cəmiyyəti öz layiq olduğu dəyərləri soydaşlarımızın kompakt yaşadığı yerlərdə qabartmasını, təbliğatını istəyir. Türkçülüyün təbliğinin, qabardılmasının əleyhinə olan qüvvələr də yaratdıqları QHT, media, dini ad altında və digər mərkəzlərlə üzərimizə gəlir. Bu qurumların arxasında duranlar 35 milyonluq türkün əziyyət çəkməsində maraqlı olan mərkəzlərdir. Əlbəttə, fikirlərimi Milli Təhlükəsizlik nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən şəxsin diqqətinə çatdırdım. Onlar da fikirlərimi anlayışla qarşıladı. Qeyd edim ki, mən milli təhlükəsizlik səviyyəsində ciddi reformaların aparıldığı, kəşfiyyat və əks kəşfiyyat sahəsində ciddi, işini bilən peşəkar işlərin aparılmasını vacib hesab edirəm. Görüşlərimizdə əsasən bu məsələləri müzakirə etdik. Düşünürəm ki, mənim görüşümdən sonra Gürcüstanda bəlli anti-Azərbaycan fəaliyyətində olan mərkəzə daha diqqətlə yanaşılacaq.

- Borçalı Cəmiyyəti olaraq hazırkı fəaliyyətiniz nədən ibarətdir?
- Qarapapaq türklərinin konfransı keçirildi. Konfransda 2500 nəfər iştirak edirdi. Bu tədbirdə də əsas fiqur Borçalı türkləri idi. Biz bu tədbirdə 35 nəfərlik heyətlə təmsil olunduq. Eyni zamanda, Türkiyədən gələn vəqfin nümayəndələri ilə görüşümüz olacaq. Cənab Prezidentin Gürcüstana səfərindən sonra müəyyən fəaliyyətimiz oldu, sərhəd keçid məntəqəsində monitorinq təşkil etdik. Gündəlik fəaliyyətimiz davam edir. Dekabrın 25-də ənənəvi həmrəylik bayramına hazırlaşırıq, Gürcüstan türklərinin həmrəylik gecəsi keçiriləcək. Təbii ki, tədbirdə Gürcüstandan, Avropadan, Güney Azərbaycandan, Türkiyədən gələn qonaqlarımız iştirak edəcək. Biz 2015-ci ilə bu tədbirlə yekun vuracağıq. Qarşıdan gələn yeni illə bağlı hədəflərimiz, proqramlarımız da bəllidir. Yəqin ki, dekabrın 25-də keçirəcəyimiz tədbirdə bunu da təqdim edəcəyik. Bir sözlə, yolumuza davam edirik. Gürcüstan tərəfinin tətbiq etdiyi qadağa bir gün də, on il də davam edə bilər. Və ya bu gün də aradan götürülə bilər. Ancaq bütün hallarda Gürcüstan anlayacaq ki, onun gələcəyi, varlığı bu bölgədə Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlıqdan, hərbi müttəfiqlikdən keçir. Borçalı Cəmiyyəti isə heç vaxt buna qarşı olmayıb, əksinə, bu dostluq üçün əlindən gələni edir. İndiki halda bizə tətbiq edilən qadağadan yalnız zaman itirə bilərik. Lakinin bunun məsuliyyəti də indiki Gürcüstan iqtidarının üzərinə düşür.

- Gürcüstandakı mövcud siyasi durumu necə qiymətləndirirsiniz?
- Qeyd etdiyim kimi, Gürcüstanda hökumət siyasi partiyaların koalisiyasından qurulub. Biz zaman-zaman istefalar görürük, bəyanatların şahidi oluruq. Eləcə də, hansısa nazirlər istefaya göndərilir. Yəni bu müddət ərzində kifayət qədər hökumət üzvlərinin istefaya getməsinin şahidi olmuşuq. Açıq-aydın bəllidir ki, hökumət koalisiyası yekdil deyil. İkincisi, "Gürcü Arzusu" koalisiyası hakimiyyətə gəldikdən sonra Mixail Saakaşvilinin islahatlarından sonra ortaya yeni və ciddi reformalar qoya bilmədi. Üçüncü, indi ayrı-ayrı yerlərdə rüşvət elementləri hallarının mövcudluğu və güclənməsini hamı görür və danışır. Eyni zamanda, "Gürcü Arzusu" Avropaya və NATO-ya inteqrasiya baxımından ortaya ciddi bir fəaliyyət qoya bilmədi. O cümlədən də, özlərinin iqtisadi-sosial proqramları əsasında ciddi bir fəaliyyət izlənilmədi. Yəni onların seçki ərəfəsində verdiyi vədlərin yerinə yetirilməsinin şahidi olmadıq. 2016-cı ildə Gürcüstanda yeni parlament seçkiləri keçiriləcək. Növbəti parlament seçkilərində indiki hakimiyyət bir neçə kombinasiya barədə düşünür. Bu, çox hiyləgər kombinasiyalardır. Onların əsas hədəflərindən biri də postsovet məkanında ən böyük islahatların müəllifi olan Saakaşvilini tamamilə yox etməkdir. Məndə olan məlumata görə, müxtəlif adda və formada milliyətçi şüarlarla silahlanan qruplar düzəldirlər. Ola bilsin ki, parlament seçkilərində bu qruplar indiki hakim koalisiyaya əsas alternativ olsun. Ancaq mahiyyətcə bu, eyni oyun ola bilər.

- Gürcüstanda keçiriləcək parlament seçkilərində Borçalı Cəmiyyətinin mövqeyi necə olacaq?
- Mən heç zaman Gürcüstanın siyasi proseslərinə qarışmamışam. Ancaq şübhəsiz ki, seçkilərdə bizim də mövqeyimiz olacaq. Demokratik seçkilərin keçiriləcəyi təqdirdə indiki komandanın 50 faizdən artıq səs ala biləcəyini düşünmürəm.

- Saakaşvilinin Gürcüstan vətəndaşlığı aradan qaldırılıb. Yəni sabiq prezident artıq Gürcüstan vətəndaşı hesab olunmur. Sizcə, buna səbəb nədir?
- Məsələ ondadır ki, Saakaşvili Gürcüstanı tərk etsə də, Ukraynada ciddi siyasi fiqura çevrilə bildi. Təbii ki, Saakaşvilinin Gürcüstanda əsas opponenti indi hakimiyyətdə olan siyasi komandadır. Odur ki, indiki siyasi komanda Mixail Saakaşvilinin varlığından qorxur, ehtiyat edir. Bu mənada onun Gürcüstanda siyasi fiqur olaraq körüklənməsi prosesi həyata keçirilir. Hesab edirəm ki, bu, Rusiyanın da maraqlarına tam uyğun prosesdir və onlar bundan ancaq sevinirlər. Hər halda Saakaşvilinin ciddi səhvləri də var. Onun təqib edilməsinin anlamı yoxdur. Sadəcə olaraq, indi Gürcüstanda siyasi situasiya elədir ki, şəxsi münasibətlər siyasətə daşınır, əsas rəqib bu formada sıradan çıxarılır. Hakimiyyət bilir ki, onun əsas rəqibi Saakaşvilinin əsasını qoyduğu siyasi cərəyandır. Bu səbəbdən də keçmiş prezident aşağılanır, ona qarşı piar kampaniyası aparılır. Normalda bizdən fərqli olaraq Gürcüstanda ikili vətəndaşlıqla bağlı problem yoxdur. Bu mənada Saakaşvilinin Ukrayna vətəndaşlığını alması ciddi qanun pozuntusu deyil. Amma buna baxmayaraq onun yox edilməsi üçün addımlar atılır.

- Saakaşvilinin Gürcüstanda yenidən iqtidara qayıtmaq şansı varmı?
- İndi dünyada proseslər elə sürətlə gedir ki, bu, baş verə bilər. Qafqaz da dünyada gedən proseslərin içindədir.

- "Gürcü Arzusu" koalisiyası seçkilərə qatılanda soydaşlarımız tərəfindən ciddi dəstək almışdı. Bu koalisiya soydaşlarımızın problemlərinin həlli istiqamətində ciddi tədbirlər həyata keçirə bilibmi?
- Təbii ki, azərbaycanlıların indiki hakimiyyətdə olan qüvvəyə səs verməsində bir sıra faktorlar rol oynadı. Birincisi, Saakaşvilinin radikal islahatları bir sıra fəal insanların cərimələnməsinə səbəb oldu. Eyni zamanda "beşinci kolon"un xidməti oldu. Məsələn, mənim tanıdığım, lakin siyasətdən anlayışı olmayan şəxslər "Gürcü Arzusu" üçün təbliğat aparmağa başlamışdı. Təbii ki, ciddi bir mərkəz işlədi, yaxşı maliyyə buraxıldı və ciddi iş aparıldı. Nəticə etibarilə seçkini uddular. Yəni radikal və populist şüarlar da öz işini gördü. Bizim soydaşlarımızdan nazir, qubernator, icra başçısı qoyulacağı vədi də verildi. Qeyd olundu ki, torpaq islahatı yenidən aparılacaq, toponimlərlə bağlı məsələ həll ediləcək. Lakin bu şüarların heç biri həyata keçirilmədi. Sadəcə olaraq baş nazirin müşaviri olan Savalan Mirzəyevin işi dəyişdi. Ancaq iş ondadır ki, bu şəxsin də təsir imkanı yoxdur ki, milli məsələ ilə bağlı hansısa problemi qaldırsın, millətin iradəsini ifadə etsin və buna nail olsun. Heç bir rayonda kadr dəyişikliyinin soydaşlarımıza müsbət təsiri olmadı. Eləcə də, azərbaycanlılardan heç kim nəinki nazir, heç nazir müavini də təyin edilmədi. Torpaq məsələsinin üzərindən sükutla keçildi, toponimlərlə bağlı problemin üzərinə gəlinmədi, əvəzində milli məktəblərimizin gürcüləşdirilməsi istiqamətində addımlar atıldı. Yəni, bizim soydaşlarımız aldandı. Məncə, bizim soydaşlarımız artıq kifayət qədər təcrübə keçiblər. Növbəti seçkilərdə bu vədlərin hesabı sorulacaq.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər