“Əvvəla, həmin müqavilə iki dövlət arasında sərhədi müəyyən edir. Bunlar sərhədi təzədən müəyyənləşdirmək istəyirlər?! İkincisi, bu təşəbbüsdə bulunanlar Rusiya Kommunist Partiyasının üzvləridir. O kommunistlər ki, onların babaları Azərbaycan Xalq Cümhuriyyətini işğal ediblər, Azərbaycanın Zəngəzur bölgəsini Ermənistana veriblər, Naxçıvanla Azərbaycan arasında quru əlaqəni kəsiblər, Dağlıq Qarabağı ermənilərə vermək istəyiblər. İndi bu insanların nəvələri gəlib oturublar Dumada və kommunist əqidəsində fəaliyyət göstərirlər. Amma dünya həmin dünya deyil”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib. Müsahibəni təqdim edirik.
- Milli Məclisdə qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrupun yaradılması nə ilə bağlıdır?
- Məqsəd bələdiyyələrin işinə daha çevik münasibət bəsləmək, onların problemlərini vaxtında bilmək, üzləşdikləri problemlərin həllinə nəzəri cəhətdən hansısa formada kömək etmək, ümumən fəaliyyətlərinə təkan verməkdən ibarətdir. Bu, işçi qrup çevik bir iş üslübunu özündə ehtiva edir. Məsələn, bələdiyyədən hansısa müraciət Milli Məclisə daxil olur, gərək bu müraciətə baxılması üçün bələdiyyə Regional məsələlər komitəsinin növbəti iclasınadək gözləsin. Amma indi işçi qrupu müraciətlərə dərhal baxacaq. İşçi qrupuna Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov rəhbərlik edəcək. Qrupa komitənin bütün üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov və bir neçə şəhər və kənd bələdiyyə sədrləri daxil olublar.
- İşçi qrupunun bələdiyyələrin fəaliyyətinə hansı təsirləri olacaq?
- İndidən işçi qrupunun bələdiyyələrin fəaliyyətinə hansı formada təsirləri olacağını demək çətindir. Yaşayaq, görək... Təbii ki, biz də işçi qrupunun bələdiyyələrin fəaliyyətinə müsbət mənada təsirinin olmasını istəyirik. Amma buna nə dərəcədə nail olub-olmayacağımız sualına bir ildən sonra cavab verə biləcəyik. Bir daha qeyd etmək istəyirəm ki, məqsədimiz çevik iş prosesi yaratmaq, tez-tez görüşmək, əlaqələr yaratmaqdan ibarətdir. İşçi qrupunun rəhbərinin müstəsna səlahiyyəti var ki, istənilən vaxt bələdiyyə sədrlərini dəvət etsin, onlarla görüşlər keçirsin, onların problemlərini Regional məsələlər komitəsində qaldırsın və sair.
- Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş üzrə Mərkəz varkən, Milli Məclisdə işçi qrupunun yaradılmasını nə ilə izah edərdiniz?
- Mərkəz Ədliyyə Nazirliyinə tabe olan rəsmi dövlət qurumudur. Uzun illərdir fəaliyyət göstərir. Mərkəzin rəhbərliyi tərəfindən hər il Milli Məclisin komitəsinə bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat verilir. Biz isə Milli Məclisin komitəsinin nəzdində işçi qrupu yaratmışıq. Belə bir təşəbbüslə çıxış etdik. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzi bütün respublika üzrə bələdiyyələrə nəzarətə cavabdehdir, biz isə bələdiyyələrə müstəqil şəkildə kömək etmək məqsədilə işçi qrupunu yaratmışıq. Bölüşmə, dərdləşmə, problemləri gündəmə gətirmək, Milli Məclis deputatlarının vasitəsilə hansı problemlər həllini tapa bilər və sair məsələlər gündəmimizdədir. Yəni bunlar bir-birinə alternativ qurum deyil, eyni zamanda Milli Məclisin qərarı ilə yaranmayıb. Bir işçi qrupu kimi komitə sədrinin məsləhəti ilə yaradılıb, biz də müsbət səs vermişik və bu istiqamətdə fəaliyyətə başlayacağıq.
- Yeri gəlmişkən, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olundu. Müzakirələri necə qiymətləndirirsiniz?
- Biz məruzəni səsvermə yolu ilə qəbul etdik. Əgər qəbul etmişiksə, demək o, müsbətdir. Bundan sonra sənədi müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə etdik. Məruzə plenar iclasda müzakirə olunacaq və səsverməyə çıxarılacaq.
- Vaxtaşırı olaraq bələdiyyə institutunun özünü tam mənası ilə doğrultmadığına dair fikirlər səslənir. Bələdiyyələrə ünvanlanan əsas ittiham da onların yalnız torpaq satışı ilə məşğul olmaları ilə bağlıdır...
- Vaxilə, bələdiyyələr yeri yaranarkən torpaq məsələsində kifayət qədər müstəqil addımlar atan, torpaq satışı ilə məşğul olanlar olub. Bu, ilk dövrlər idi. Artıq 5-7 ildir ki, torpaq alqı-satqısı bələdiyyələlərin müstəsna hüququ olsa da, burada müəyyən qadağalar var. Məsələn, hazırda torpağın hərrac yolu ilə satılma prosesi gedir. Burada şəffaf bir proses var. Digər tərəfdən bələdiyyələr haqqında mənfi fikirlər ona görə formalaşıb ki, onlar müraciət olunan bütün istəkləri yerinə yetirmək iqtidarında deyillər. Çünki onların büdcəsi buna yol vermir, vəsait çatışmazlığı olur. Bundan əlavə, kifayət qədər uğurlu işlər görən bələdiyyələr var. Yol çəkilməsində, qəsəbələrdə abadlıq işlərinin aparılmasında kifayət qədər uğurlu addımlar atan bələdiyyələr var. Amma özünü maliyyələşdirə bilməyən zəif bələdiyyələr də mövcuddur. Bunu nəzərə alaraq biz bələdiyyələrin sayını azaltmaq qərarına gəlmişdik. Əvvəllər bələdiyyələrin sayı lap çox idi, onların gücünü-qüvvətini bir yerə toplamaq üçün bir birləşmə prosesi getdi. İndi də qanunlar, hüquqi baza var və bu baza əsasında bələdiyyələr öz fəaliyyətlərini həyata keçirirlər. Qüsurları da, uğurları da var. Birmənalı şəkildə bələdiyyələrin üstündən xətt çəkmək olmaz. Bu, bir qədər ədalətli münasiəbt olmaz.
- Təmsil olunduğunuz Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasının qanunvericilik işləri planına nələr daxildir?
- Yaz sessiyasının qanunvericilik işləri planı var. Komitə həmin plana əsasən hərəkət edir. Görəcəyi işlərə də qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi, bələdiyyələrin statusunun artırılması ilə müəyyən addımların atılması daxildir. Komitə qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirəcək. Regional məsələlər komitəsinin yaz sessiyasının qanunvericilik işləri planında fövqəladə, xüsusi məsələlər yoxdur. Bələdiyyələrlə işin davam etdirilməsi, yer adlarının dəyişdirilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması, qanunvericiliyə ediləcək dəyişikliklərin bələdiyyələrin statusuna uyğunlaşdırılması kimi məsələlər müzakirəyə çıxarılacaq.
- Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Bu sazişin ləğvi mümkündürmü?
- O vaxt dünya tərəfindən qəbul edilməyən bolşeviklər özləri üçün çıxış yolu, arxa-dayaq, güc axtarır, sərhədlərini müəyyən etmək istəyirdilər. Onlar üçün həmin dövrdə siyasi münbit şərait Türkiyə dövləti idi. Düzdür, Türkiyədə hələ dövlət qurulmamışdı, Atatürkün rəhbərlik etdiyi bir qurum formasında fəaliyyət göstərirdi. Amma artıq xalqın etimadını doğruldan bir hakimiyyət idi. Ona görə də Türkiyə ilə Rusiya arasındakı sərhədləri müəyyən etmək lazım idi. Rusiya artıq Qafqazı işğal etmişdi. Bu sərhədlərin müəyyən edilməsi prosesində bizim üçün Naxçıvan məsələsi çox həssas problem idi. Ona görə də “Dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi” imzalandı. Müqavilədəki bəndlərdən biri Naxçıvanın Azərbaycanın tərkibində olması barədə idi. Sənədin imzalanmasını Rusiya tərəfi daha çox istəyirdi. Təsəvvür edin, müqavilə martın 16-da imzalandı, martın 20-də isə RSFSR Mərkəzi İcraiyyə Komitəsi bunu qəbul etdi. Türkiyə tərəfindən isə sənəd iyulun 17-də ratifikasiya olundu. Yəni, o vaxt bu sənədin imzalanması Rusiya üçün həyati əhəmiyyətə malik idi. İndi başa düşmürəm, bunlar həmin müqavilədən imtina etməklə nəyə nail olmaq istəyirlər? Əvvəla, həmin müqavilə iki dövlət arasında sərhədi müəyyən edir. Bunlar sərhədi təzədən müəyyənləşdirmək istəyirlər?! İkincisi, bu təşəbbüsdə bulunanlar Rusiya Kommunist Partiyasının üzvləridir. O kommunistlər ki, onların babaları Azərbaycan Xalq Cümhuriyyətini işğal ediblər, Azərbaycanın Zəngəzur bölgəsini Ermənistana veriblər, Naxçıvanla Azərbaycan arasında quru əlaqəni kəsiblər, Dağlıq Qarabağı ermənilərə vermək istəyiblər. İndi bu insanların nəvələri gəlib oturublar Dumada və kommunist əqidəsində fəaliyyət göstərirlər. Amma dünya həmin dünya deyil. Bir məsələni də qeyd edim ki, bu məsələyə Rusiya-Azərbaycan dövlət münasibətləri kontekstində baxmaq olmaz. Burada hansısa Duma üzvünün təşəbbüsündən söhbət gedir. O vaxt bunu dövlət səviyyəsində müzakirə etmək olar ki, Duma hansısa bir qərar qəbul etsin. Bu, ortalığa atılan bir təşəbbüsdür. Ya erməni lobbisinin ağuşuna atılmış, ya özünün qəhrəman obrazını yaratmaq istəyən, ya da keçmiş SSRİ-ni bərpa etmək istəyində olan kommunist əqidəli bir Duma üzvüdür. Ola da bilər ki, bu müqavilənin ləğvi məsələsinin gündəmə gəlməsi Türkiyəyə bir təzyiq vasitəsidir. Bu səbəblərdən doğan bir məsələdir. Güman edirəm ki, onların arzuları ürəklərində qalacaq.
- Bu müqavilə Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin etdiyinə görə, bizim üçün daha çox əhəmiyyətə malikdir. Müqavilə pozularsa, Naxçıvanla bağlı hansı proseslər baş verə bilər?
- Hətta, müqavilənin pozulması belə, Naxçıvanın hansısa ölkəyə veriləcəyi anlamına gələ bilməz. Azərbaycan dövləti, Naxçıvan camaatı, dünya birliyi var. 1921-ci ilin dekabrın 1-də Naxçıvanın və Zəngəzurun Ermənistanın tərkibinə daxil olmasına dair bəyanat verildi. Naxçıvan camaatı heç buna tabe olmadı. Naxçıvan camaatı 1918-ci ildə Araz-Türk Respublikası yaratdı, özünü müdafiə etdi, ermənilərlə vuruşdu. Yenə deyirəm, bu müqavilənin ləğvinin gündəmə gəlməsi Azərbaycana və Türkiyəyə təzyiq etməyin bir formasıdır.
Səxavət Həmid