Hikmət Babaoğlu: “Ağlımıza deyil, emosiyalarımıza güvənsək uğursuzluğa düçar ola bilərik”
Azərbaycan Ordusu aprelin 2-5-də cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirib və orada möhkəmlənib.
Bununla da ordumuz qısa müddətdə qarşısına qoyulan strateji missiyanı yerinə yetirib. Bu yüksəkliklərin alınması qoşunların təmas xəttində reallığı dəyişdirib. İndi Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir.
ATƏT-in Minsk Qrupu, beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, burada intensiv atışmalar hər gün müşahidə olunur, insanlar ölür. Bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir. Hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur, Minsk Qrupu isə danışıqlar prosesini uzatmaq fikrindən daşınıb.
Yekun nəticə olaraq qeyd etmək olar ki, Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyir. Bu vəziyyət produktiv danışıqlar prosesinə maneçilik törədir.
Bəs, Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi nə ola bilərdi? Ölkəmizə qarşı beynəlxalq ictimai rəy dəyişərdi. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi. Nəticədə Azərbaycan beynəlxalq arenada təklənərdi. Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi. Azərbaycan müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdi və onu cəzalandırdı.
Bütün bunlara görə hazırda cəmiyyətdə olan yüksək əhval-ruhiyyədən irəli gələn çağırışlar ziyanlı hal kimi davam etdirilə bilməz. Hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artıb, mövqeyi möhkəmlənib. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, Azərbaycana dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. Cəmiyyət hazırda bütün mümkün vasitələrdən istifadə edərək ermənilərə qarşı informasiya müharibəsi gücləndirilməlidir.
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu da deyir ki, son günlər təmas xəttində baş verən hadisələrdə Azərbaycan özünün hərbi üstünlüyünü nümayiş etdirə bildi və bu, ölkəmizdə, ictimai rəydə olduqca müsbət qarşılandı.
Onun sözlərinə görə, bu, onun göstəricisidir ki, Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır: “Ancaq biz bilməliyik ki, hazırkı beynəlxalq münasibətlər və beynəlxalq şərtlər daxilində güc təkcə hərbi güc deyil. Məqsədə nail olmaq üçün milli gücün digər komponentləri də var. Bunlar diplomatiya, əməkdaşlıq, intellektual güc və sairdir. Ona görə də müasir, mürəkkəb şərtlər daxilində məqsədə nail olmaq, milli maraqları təmin etmək əlbəttə, hər nə qədər hərbi gücdən asılıdırsa, bir o qədər də diplomatik gücdən asılıdır. Məsələ ondadır ki, biz hazırda hərbi sahədə əldə etdiyimiz uğurları diplomatik sahədə uduza bilmərik. Azərbaycan diplomatiyası, Azərbaycanın siyasi iradəsi elə şərtlər formalaşdırmalıdır ki, beynəlxalq aləmdə təklənməsin və hərbçilərimizin əldə etdiyi uğurları diplomatik müstəvidə də davam etdirsin.
Ona görə də hesab edirik ki, bu, əhval-ruhiyyə çox yaxşıdır. Amma əsas, strateji məqsədimizə nail olmaq üçün mütləq milli gücün digər komponentləri olan diplomatik, siyasi gücdən istifadə olunmalıdır. İnanırıq ki, məhz bu cür yanaşma Azərbaycanın bütövlükdə qələbəsini təmin edən yanaşmadır. Ona görə də hesab edirəm ki, atəşkəsin yenidən əldə olunması növbəti mərhələdə bizim hərbi uğurlarımızın diplomatik uğurlarla tamamlanmasına gətirib çıxaracaq”.
Politoloq qeyd edib hazırkı mərhələdə təmkinli olmağa və Azərbaycan diplomatiyası üçün meydan açılmasına ehtiyac var: “Əks-təqdirdə hərbi ritorika, hərbi çağırışlar Azərbaycanın sülhpərvər imicini korlaya bilər. Ona görə də düşünürəm ki, istər Azərbaycanın media ictimaiyyətinin nümayəndələri, istər cəmiyyətin intellektual təbəqəsi və ziyalılar bu fikri təbliğ etməlidirlər ki, biz hazırkı mərhələdə növbəti mərhələ üçün çox gözəl bir zəmin əldə etmişik və növbəti mərhələdə daha böyük uğurlar əldə etmək üçün hazırda hərbi ritorikanı bir qədər arxa plana keçirmək lazımdır. Əminəm ki, Azərbaycan mediası və ictimaiyyəti də bu çağırışın məntiqini düzgün qavraya və cavab verə biləcək”.
Hərbi əməliyyatların davam etdirilməsinə dair çağırışların ziyanlı olub-olmamasına dair sualımızı cavablandıran H.Babaoğlu bütövlükdə Azərbaycan cəmiyyətinin uzun müddətdir bu qələbəni gözlədiyini vurğulayıb: “Bir də deyirdik ki, beynəlxalq şərtlər Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycandakı siyasi iradə bu addımları atacaq və doğrudan da, belə oldu. Amma ağıl emosiyalardan üstün olmalıdır. Əgər biz emosiyalarımıza güvənsək, strategiyamızda müəyyən uğursuzluqlara düçar ola bilərik.
Ona görə də əqli, idraki keyfiyyətlərimizi də önə çıxararaq hazırkı mərhələdə bu ritorikanı yumşaltmalıyıq. Tam əksinə, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilikləri, kəndləri, mülki əhalini gülləbaran etməsini, bir daha qlobal informasiya məkanına, dünya ictimaiyyətinə çatdırmalıyıq ki, biz nə cür təhlükəli, amansız və mənəviyyatsız bir işğalçı ilə üz-üzəyik. Azərbaycan ictimaiyyəti də bunu doğru qəbul etməli, yəni, hərbi ritorikaya, hərbi əməliyyatların davam etdirilməsi niyyətinə bir qədər təmkinli yanaşmalıdırlar”.
Səxavət HƏMİD