15 Aprel 2016 20:00
2 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq dövlət müşaviri, deputat Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Aprelin 2-5-də cəbhədə baş verən hərbi əməliyyatlar fonunda regiondakı durumu necə qiymətləndirirsiniz?

- Hələlik danışıqların bərpasına səy göstərilir. Lakin real danışıqlar hələ bərpa edilməyib. Biz bunu ən azı xarici işlər nazirlərinin görüşlərində müşahidə etməliyik.

- Ermənistanda müşahidə olunan daxili siyasi vəziyyət nədən ibarətdir?

- Ermənistanda bir az səs-küy qaldırıblar. Məqsədləri Rusiyaya təzyiq etməkdir. Halbuki, Ermənistan faktiki olaraq müstəqil dövlət deyil, Rusiyanın əlaltısıdır. Bu baxımdan düşünmürəm ki, Rusiya onların səs-küyünə ciddi reaksiya versin, hansısa addımlar ataraq onları sakitləşdirsin.

- İrəvanla-Moskva arasında münasibətlərin gərgin olduğunu deyə bilərikmi?

- Siz hansı münasibətləri nəzərdə tutursunuz? İrəvanla Moskva arasında münasibət ağa-qul münasibətindən o yana keçmir. Belə münasibətlər necə dəyişə bilər? Hesab edirəm ki, bu vəziyyətin dəyişməsi halları yoxdur və olacağı da mümkün deyil.

- Prezident Sərkisyanın müxalifətin aparıcı lideri Levon Ter-Petrosyanla görüşünü necə izah edərdiniz?

- Levon Ter-Petrosyan prezident olduğu müddətdə sülh danışıqlarına, güzəştlərə meyilli idi. Deyirdi ki, bütün hallarda Azərbaycanla razılığa gəlinməli, işğal edilən ərazilərdən erməni silahlı qüvvələri geri çəkilməlidir. Bu mövqeyinə görə onu hakimiyyətdən devirdilər. Hazırda Serj Sərkisyan eyni məcburiyyət qarşısında durub. Bir tərəfdən istəmir ki, sabah onu Ter-Petrosyanın tərəfdarları tənqid edərək desinlər ki, o, 10 il əvvəl düz deyirdi və güzəştə getməyi faydalı sayırdı. Lakin siz onu devirdiniz, əvəzində özünüz güzəştə gedirsiniz. Digər tərəfdən Sərkisyan dəstək axtarır, anlayır ki, indi onun manevr imkanları məhdudlaşır. Belə halda özünə geniş sosial baza təşkil etmək istəyindədir.

- Köçəryanın bu proseslərdə məsafəli davranması nədən xəbər verir?

- Məsələ ondadır ki, Köçəryandan fərqli olaraq Ter-Petrosyan daha prezident olmaq iddiasında deyil. Bu baxımdan Sərkisyan anlayır ki, Ter-Petrosyan onun üzərinə ciddi hücum təşkil etməyəcək. Ona görə də, hazırda Sərkisyanla Köçəryan arasında məsafə var. Ter-Petrosyanla isə ümumi anlaşma əldə etmək mümkündür.

- Ermənistanda parlament seçkiləri gəlir, sizcə, vəziyyət dəyişə bilərmi?

- Hələlik düşünmürəm ki, vəziyyət dəyişəcək. Güman edirəm ki, Sərkisyan parlamentdə nəzarəti saxlamaq iqtidarındadır. Ancaq nəzərə alın ki, parlament seçkilərinə vaxt çoxdur. Bu müddətə Sərkisyanın zir-zibilləri açıla bilər. Bu ölkədə terrordan tutmuş hər şey gözləmək mümkündür.

- Ermənistanda hakimiyyət dəyişikliyi gözləyirsinizmi?

- Əgər söhbət Sərkisyanın hakimiyyətdən getməsindən gedirsə, bu, hökmən olmalıdır. Onun prezidentlik müddəti başa çatır. Özü də bildirib ki, nə prezident, nə baş nazir, nə də spiker olmaq niyyətindədir. İndi Sərkisyanın fikrini dəyişib-dəyişməyəcəyi ayrı məsələdir. Amma bütün hallarda Ermənistanda hakimiyyət dəyişəcək.

- Sizcə, Ermənistanda real olaraq hakimiyyətdə hansı qüvvə oturacaq?

- Reallıq odur ki, Sərkisyan istəyir ki, İvanişvili kimi pərdə arxasında hakimiyyətə nəzarəti əlində saxlasın. Belə olan halda kimin prezident, kimin baş nazir olacağı elə də əhəmiyyətli deyil. Necə ki, bu, Gürcüstanda əhəmiyyətli sayılmır. Və ya qonşu İranda hər şeyi ali dini rəhbər həll edir. Onları isə heç kəs seçməyib.

- İndiki mərhələdə Azərbaycanın mövqeyini necə görürsünüz?

- Aprel döyüşlərindən sonra Azərbaycanın pozisiyası möhkəmləndi. Azı ona görə ki, ermənilərin lovğalanaraq dedikləri “biz gəlib sizin əraziləri işğal etmişik, siz heç nə edə bilməzsiniz” mifi dağıldı. Yəni bəlli oldu ki, Azərbaycan öz ərazilərini hərbi yolla ala və buna təşəbbüs göstərə bilər.

- İslam Əməkdaşlıq Təşkilatının XIII sammiti keçirildi, dövlət başçıları birlikdə müzakirələr apardı. Bu toplantını əhəmiyyətli hesab edirsinizmi?

- Bəli, bu islam dünyası üçün kifayət qədər əhəmiyyətli hadisədir. Toplantıda Dağlıq Qarabağla bağlı xüsusi “kontakt qrupu” yaradılıb. Bunu müsbət saymaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin sayı çoxdur. Onlardan bəzilərinin Qarabağ münaqişəsi ilə maraqlanmağa marağı, bəzilərinin isə marağı olsa da, imkanı yoxdur. Lakin o dövlətlər ki, Qarabağ məsələsində Azərbaycana köməklik göstərmək niyyətindədirlər, onlar bunu digər beynəlxalq təsisatlarda “kontakt qrupu” vasitəsilə həyata keçirə bilərlər.

- Belarus prezidenti Lukaşenko da Türkiyədə səfərdə idi...

- Bu haqda məlumatım yoxdur. Bilmirəm ki, Türkiyəyə hansı səbəbdən səfər edib.

- Sizcə, bu, maraqlı məqam deyilmi?

- Cənab Lukaşenkonun İslam Əməkdaşlığı Təşkilatına hər hansı bir aidiyyəti yoxdur. Ola bilsin Türkiyədə bizim Prezidentlə də görüşmək istəyib və s. Amma Rusiya İslam Əməkdaşlığı Təşkilatında müşahidəçi qismində iştirak edir. Çünki Rusiya əhalisinin bir qismi müsəlmandır. Ancaq Belarusun müsəlman əhalisi yoxdur.

- Lukaşenkonu Türkiyəyə dəvət etməkdə məqsəd Rusiya-Türkiyə münasibətlərini yoluna qoymaq üçün vasitəçilik etməsi ola bilərmi?

-Yox. Bu, inandırıcı deyil.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər