2 Dekabr 2020 15:46
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusionalizm ideyalarının və prinsiplərinin inkişafına, Qazaxıstan və Azərbaycanın konstitusional orqanları və xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamlarının yerinə yetirilməsi çərçivəsində dekabrın 2-də Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə Qazaxıstan Respublikasının II dərəcəli “Dostluq” ordenini, Konstitusiya Məhkəməsi aparatının rəhbəri Rauf Quliyevə isə “Qazaxıstan Konstitusiyası – 25 il” yubiley medalını təqdim edib.

Bu barədə Teleqraf.com-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir Azərbaycan Konstitusiyasının 25 illiyi və işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə Azərbaycan tərəfinə həmin ərazilərdə Konstitusiya nəzarətinin və qanunçuluğun, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar təbriklərini çatdırıb.

Qazaxıstanlı diplomat, həmçinin, qardaş ölkələrin və xalqların rifahı naminə Azərbaycan Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə Qazaxıstan Respublikasının Konstitusiya Şurası ilə ikitərəfli və çoxtərəfli formatda uzunmüddətli əməkdaşlığa və faydalı tərəfdaşlığa görə təşəkkür edib.


Müəllif: Səxavət