Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisində, KTMT-nin məsuliyyət zonasında yerləşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.
Dövlət başçısı bildirib ki, oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu:
"Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu".
“Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bu missiyanı Azərbaycan tərəfinə göndərmək cəhdlərinin olduğunu, bunun Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini bildirən Prezident İlham Əliyev deyib:
“Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib".