12 Aprel 2023 15:35
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Sərəncamla Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.

Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb:

"Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır".

Sərəncam ölkədə su ehtiyatlarının artırılması, əkinəyararlı torpaqların genişləndirilməsi, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqi üçün Qəbələ rayonunda su anbarının tikintisi məqsədilə imzalanıb.

Sənədə əsasən Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etmək, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlara Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər