14 Oktyabr 2020 11:57
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir. Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O, daha sonra deyib:

“Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.

Oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı. "SCUD" tipli böyük məhv etmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir.

Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün səhər saatlarında start vəziyyətinə gətirilərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə almışdı. Mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirilib. Ermənistanın müdafiə nazirliyi özü də bu raketlərin döyüş hazırlığına gətirildiyini etiraf etmək məcburiyyətində qalıb".

Hikmət Hacıyev qeyd edib ki, bu gün saat 07:00 radələrindən Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır:

"Bir nəfər həlak olub. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində 8 nəfər mülki şəxs yaralanıb. 100-dən çox mərmi atılıb.

Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də var.

Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsini hüququnu özündə saxlayır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər