20 Noyabr 2020 16:20
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra ordumuzun əks-hücum əməliyyatları və döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq rəşadətli Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini dərk etdi və diz çökdü. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Ordusunun apardığı nümunəvi hərbi əməliyyatlarla bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı:

"Nəticə etibarilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi".

Politoloq bildirib ki, baş verənlər sübut etdi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz: "Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar açıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçülərin Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etməsi, təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan alması böyük peşəkarlıq, rəşadət rəmzidir. Məhz Azərbaycan əsgərinin fəaliyyətinin nəticəsidir ki, Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmağı məsləhət görür, Hadrutda 1500 nəfərdən ibarət erməni muzdlusu 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz qarşısında pərən-pərən düşmüşdür".

Yusif Bağırzadə qeyd edib ki, Azərbaycan əsgərləri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilərin yaşlı qocaları da qoyub qaçması ordumuzun rəşadətinin ən bariz göstəricisidir: "Prezident, Ali Baş Komandan İlham Əliyev də məhz əsgər və zabitlərimizin fədakarlığını və yüksək döyüş qabiliyyətini qeyd edərək “heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz” dedi və bu sözlər öz təsdiqini tapdı.

Bu gün Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatların həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bütün dünya da, hərbi ekspertlər də qəbul edir ki, Azərbaycan ordusunun apardığı əməliyyatlar yeni nəsil müharibə üsuludur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər