27 Noyabr 2020 12:15
4 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il sentyabrın 27-dən başlayan və ordumuzun qələbəsiylə bitən İkinci Qarabağ Müharibəsində şəhid olanlardan biri də xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu İsrafil İbrahimovdur.

Teleqraf.com-un əməkdaşları şəhidin Nərimanov rayonda yerləşən evindən reportaj hazırlayıb.

Şəhidin atası, Birinci Qarabağ Müharibəsi iştirakçısı Zülfiqar İbrahimov oğlunun şəhidlik zivəsinə ucaldığını qeyd etdi: "Vətən müharibəsi idi, şəhid olmağa da, qazi kimi döyüşməyə də hazır idik. Allah şəhidlərimizin yerini behişt etsin, qazilərimizə, yaralılarımıza şəfa versin! Mən özüm Birinci Qarabağ Müharibəsi qazisiyəm. Müharibə həyatını yaşamışdım. Ona görə hər şeyə hazır idim.

Oğlum xüsusi təyinatlıların sırasında xidmət edirdi, müharibəyə könüllü yazılmışdı. Sentyabrın 26-da gecə Bakıdan getdilər. Sentyabrın 27-dən oktyabrın 27-dək döyüşdü. Vaxtilə biz Şuşa rayonunda yaşamışdıq və məcburi köçkün kimi Nərimanov rayonunda qeydiyyatdayıq. İlk məlumatı da Şuşa rayon İcra Hakimiyyətindən verdilər..."


Şəhid atası oğlu ilə ölümündən bir gün əvvəl telefonda danışdığını bildirdi: "İsrafillə şəhid olmamışdan bir gün əvvəl danışdıq. Həmin gün qohum-qardaşla da danışıb. Elə olurdu günlərlə zəng etmirdi, hamımız narahat qalırdıq. Əmiləri də narahat olurdu. Həmin günsə İsrafil əmisi Mənsumla da danışıb. Biz yeddi qardaşıq, hamımız müharibədə iştirak etmişik, köhnə qazilərik.

Oğlumun olduğu hərbi komanda Laçın dəhlizinə qədər gedib çıxmışdı, Güləbirt kəndinə də girmişdilər. Oraya mərmi düşüb və oğlum şəhid olub.

Sağ qalan dostları, döyüş yoldaşları var. İnşallah, onlar müharibədən qayıdanda görüşəcəyik. Hərbi hissədən olan dostları dəfnə gəlmişdilər. Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanı yaradılıb, oğlum orada torpağa tapşırıldı. Dəfn mərasiminə hərbi hissədən gələn yoldaşları çox sarsılmışdılar, dilləri söz tutmurdu. İsrafilin xətrini çox istəyirdilər.

Bir il yarım idi hərbi hissədə qulluq edirdi. Mehriban, düşüncəli, ürəkli oğlan idi. Dostları deyirlər ki, çox qorxmaz, cəsur idi. Onlar olan yeri düşmən minamyotla vururmuş. Döyüş yoldaşları İsrafilə deyiblər ki, səngərə gəl. Az sonra səngərə minamyot düşüb... Bu da bir qismətdi, Allahın yazısıdı, görünür, həmin gün şəhid olmalıydı. Oktyabrın 16-da 23 yaşı tamam oldu, 26-da isə şəhid xəbəri gəldi.

Sonuncu dəfə danışanda dedi ki, ata, hər gün yanımda dostlarım şəhid olur, yaralananlar var. Mən də hər an hazıram, şəhid ola bilərəm, halallıq ver. Həmin gün hamıdan hallalıq istəyirmiş...

Bizimlə həftədə, on gündə bir danışırdı. Qohum uşaqlar soruşublar ki, niyə valideynlərinə gec-gec zəng vurursan, cavab verib ki, öyrəşsinlər, həyatın işini bilmək olmaz, döyüş elə bir yerdir, nə olacağını bilmək mümkün deyil. Allahın təqdiridir, ən yüksək uca məqama yüksəldi. Şəhidlərin yeri behiştdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İsrafil rayonlarımızın alınması uğrunda bütün döyüşlərdə iştirak elədi, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda... Onların dəstəsi öndə gedirdi. Cəbrayıla qədər texnika ilə, Qubadlı və Zəngilanda isə dağlarda piyada müharibə aparırdılar. Hətta Həkəri çayını piyada keçmişdilər, kəşfiyyat bölümündə idi".


Zülfiqar İbrahimov oğlunun şəhid olması xəbərini həyat yoldaşına deməkdə necə çətinlik çəkməsindən də danışdı: "Şuşa rayon İcra Hakimiyyəti oğlumun şəhid xəbərini çatdıranda hər şeyə hazırmış kimi dedim ki, vətənimiz, dövlətimiz var olsun! Təqdir Allahındır.

Ancaq xəbəri həyat yoldaşıma deyə bilmədim. Qardaşlarım Mənsum İbrahimova, Mahir İbrahimova zəng elədim. Xəbər mənə çatanda Əhmədlidə döyüşçü yoldaşlarımla oturmuşdum.

Dostlarım çox pis oldular, onlara mən təsəlli verdim... Biz də döyüşçü olmuşuq. Əsas odur ki, vətənimiz sağ olsun, qələbə qazanaq.

Dediyim kimi, oğlum Laçında şəhid oldu. Birinci Qarabağ Müharibəsində mən də həmin yerləri keçmişdim, Füzuli, Qubadlı, Laçın, Güləbirt... Amma onlar bizdən də önə gedib çıxmışdılar, Laçın dəhlizinə yaxınlaşmışdılar. Hərbçilərimiz düşmənin 50-dən çox əsgərini məhv edib. Onlar isə dağ-daş arasında gizlənib, minamyotla bizimkilərə ziyan vurublar. İsrafil də o döyüşdə şəhid olub.

Mən keçən yolları keçib getdi, şəhid oldu. Allahın qisməti belədir. Bu günə şükür. Bu gün qələbə qazanmışıq, bu bizə təsəlli verir.

Mən İsrafillə danışanda həmişə deyirdim ki, hansı gün Şuşaya, Laçına bayraq sancdınsa, o gün mənə xəbər elə. Mənim üçün ən əziz gün o gün olacaq. O da gülərək deyirdi ki, yaxşı, ata. Laçına kimi gedib çıxdı. Dostlarına deyirmiş ki, əsas odur Laçına, Şuşaya çata bilim, nə olarsa, ondan sonra olsun. Qismət elə gətirdi ki, Laçın torpağında şəhidliyə qovuşdu.

Keçmiş döyüşçü kimi deyim ki, bizim qələbəmiz möcüzədi, Allahın nəzəri üstümüzdə oldu. Çünki biz haqq-ədalət, Vətənimiz uğrunda döyüşürdük.

Mən də qaziyəm, yeddi qardaş hamımız Qarabağ uğrunda döyüşmüşük. Mənsum İbrahimov xanəndədi, hansı xarici ölkədə olub, Qarabağ təbliğatı aparıb. Biz qardaşlara şəhidlik qismət olmadı. Bu günsə mənə şəhid atasıyam... 30 illik Qarabağ həsrətinə son qoyuldu. Qanımız-canımız bahasına torpaqlarımızı azad etdik. Bu günə şükürlər olsun..."


Şəhidin anası Səbinə İbrahimova oğlunu yuxuda görməsindən danışdı: "Dəfn olunan gün yuxuma Ağdam məscidi girdi, kimsə minbərdə azan oxuyurdu. Oğlum iki dəfə "ay ana" deyib məni çağırdı...

Həmişə deyirdi ki, ana, torpaqlarımız işğaldan azad olunsun, mənə ondan sonra toy edərsiniz. Müharibəyə gedəndə də dedi ki, qayıdım, evlənəcəm. Sevdiyi qız vardı, o da ürəyində getdi.

Mənə tapşırmışdı ki, ana, şəhid olsam, ağlama, başını dik tut! Yayda təlimlərdə olurdu. Hərbçi idi və müharibəyə könüllü yazılmışdı. Müharibə başlamazdan üç gün əvvəl atası ilə danışdı, dedi, onları müharibəyə aparacaqlar. Atası da zarafatla dedi ki, bəlkə, sən yox, mən gedim? O da qayıtdı ki, ata biz təlim keçmişik, sən vaxtında qazi olub gəlmisən, indi növbə bizimdir.

Gedəndə Quranın altından keçirdim, onda da yenə təkrar elədi ki, ana, şəhid olaramsa ağlama. Döyüş yoldaşları da dəfn mərasimində deyirdilər ki, İsrafil hamıya ruh verirdi. Uşaqlara deyirmiş, biz elə bir yoldayıq ki, hamımızı ölümə hazır olmalıyıq. Dostları onunla fəxr edirdi".

Zülfiqar İbrahimov müharibə zamanı Füzuli rayonuna gedibmiş: "Oğlumu görə bilmədim. Dostlarımla yığışıb əsgərlərimizə yardım aparmışdıq. Kimin nəyə imkanı çatırdı, yığıb aparırdıq. Mənə zarafatla deyirdilər ki, oğlun o tərəfdə, sən bu tərəfdə. Cavab verirdim ki, Şuşada bayraq sancanda görüşəcəyik. Qismət olmadı... Ən gözəlini Allah bilir.

İsrafil çox vətənpərvər oğlan idi. Atası, əmiləri müharibədə olmuşdu deyə qisas eşqi ilə böyümüşdü. Rayonlarımız haqqında maraqlanıdı, ulu babalarımızdan danışırdım. Deyirdim ki, ulu babalarımız Laçında, atam Ağdamda, mən isə Şuşada yaşamışam".

Səbinə İbrahimova da söhbətə qoşulur, oğlunun uşaqlıq illərindən söz açır: "Çox tərbiyəli, mehriban idi, məni heç vaxt incitməmişdi. Hələ də onun yoxluğuna inanmıram. Elə bilirəm, nə vaxtsa qayıdacaq. Nəyəsə görə kövrələndə mənə deyirdi ki, ana, ağlama. Gözümdən yaş axmasını istəmirdi. Həmişə deyirdi ki, vaxt gələcək, hamı mənimlə fəxr edəcək. Mən də zarafatla deyirdim ki, artist olacaqsan, səninlə fəxr edəcəyik. Deyirdi, yox, vaxt gələcək, görəcəksiniz. Sanki şəhid olacağını hiss edirmiş.

Müharibəyə gedəndə hamıdan hallalıq aldı. Bir dəfə sosial şəbəkədə video paylaşmışdı, "Bu gün hücuma keçəcəyik. Qələbə ilə qayıdacağıq, qayıda bilməsək haqqınızı halal edin"- deyə qeyd eləmişdi. Mən də həmin vaxt namaz qılmağa durmuşdum. Videoya baxdım, çox pis oldum. Zəng elədim, açmadı. Qələbə ilə qayıdandan sonra paylaşımını silmişdi.

Böyük-kiçik yeri bilən idi. Ona babasının adı qoyulmuşdu, zarafatla deyirdi ki, hamınızın babanız sayılıram.

Şəhid analarına deyirəm ki, başınızı dik tutun, torpaqlarımız alındı. Biz də fəxr edək ki, şəhid oğlanlarımızın qanı yerdə qalmadı. Allahdan bütün şəhid analarına səbr diləyirəm. Düzdür, çox çətindir. Müharibə qazisiz, şəhidsiz olmaz".

Şəhidin kiçik yaşlı qardaşı Ayxan da qardaşını yuxuda görüb: "Yuxuda qardaşım deyirdi ki, anam-atam ağlamasın, onlar ağlayanda mən narahat oluram. Cənnətdəyəm, mənim üçün bura yaxşıdır..."

Şəhidin nənəsi Roza İbrahimova deyir ki, İsrafil ən istəkli nəvəsiymiş: "Həmişə qayğıma qalırdı. İgid, qeyrətli, namuslu oğlan idi. Oğlanlarımın hamısı müharibədə iştirak edib. Vətənimiz sağ olsun".

Zülfiqar İbrahimov sonda şəhid atalarına da tövsiyə vermək istədyini dedi: "Şəhid ataları övladları ilə fəxr etsinlər, onlar tarix yazdılar. Nəinki valideynlərinin, nəsillərinin, bütün millətimizin başını uca etdilər".

Foto: Ceyhun Rəhimov








Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər