9 Aprel 2021 14:06
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ Dirçəliş Fondunun İdarə heyəti də, Müşahidə Şurası da artıq təyin olunub. Fondun hansı işləri görəcəyi adından bəllidir. Məqsəd işğaldan azad olunmuş ərazilərimizdə həyatı, yaşayışı bərpa etmək, insanlarımızın ora qayıdışını təşkil və təmin etməkdən ibarətdir”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Qarabağ Dirçəliş Fondu işğaldan azad olunmuş ərazilərə qayıdışın təmin olunmasına ciddi töhfələr verəcək: “Təbii ki, bütün ağırlıq, yük dövlətin üzərindədir. Ancaq belə fondların yaradılması dövlətimizə bu işdə ümumxalq yardımının göstərilməsi üçündür. Fondun xətti ilə görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar.

Əgər Vətəni seviriksə və hər qarışı bizim üçün əzizdirsə, doğma Qarabağa qayıdış üçün çalışırıqsa, bu Fondun vasitəsilə hər kəs görülən işlərə dəstək göstərə bilər”.

Deputat bildirib ki, Fondun nizamnaməsində maliyyə vəsaitinin necə formalaşması əks olunub: “Fondun maliyyə vəsaiti vətəndaşlar, hüquqi və fiziki şəxslər tərəfindən könüllü verilən ianələr hesabına formalaşır. Fond ümumxalq hərəkatı kimi fəaliyyət göstərməlidir. Qarabağı dirçəltmək, orada həyatın yenidən yüksək səviyyədə təmin olunması üçün kimin gücü nəyə çatırsa, Fonda öz köməyini əsirgəməmlidir. Burada söhbət tək ölkə daxilində və xaricdə yaşayan soydaşlarımızdan getmir, hətta azərbaycanlı olmayan şəxslər Fonda öz köməyini göstərə bilərlər.

Dünyanın müxtəlif ölkələrində Azərbaycanın dostları çoxdur. Təbii ki, onlar da bu Fonda öz yardımlarını etsələr yaxşı olar, bəlkə də edirlər, bunu Fondun rəhbərliyi bilir. Hesab edirəm ki, bunlar vacib məqamlardır.

Qarabağ Dirçəliş Fondundan əlavə, Yaşat Fondu da yaradılıb. Bunların hamısının məqsədi xeyirxahlıqdır, inkişafın, qayıdışın bərpasıdır, eləcə də aztəminatlı ailələrə, əlillərə, xəstələrə kömək etməkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər