Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsindən sonra qürurla ziyarət edə biləcəyimiz məkanlardan biridir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonunda yerləşir.
Qeyd edək ki, Prezidenti İlham Əliyev aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi. Parkın aprelin 14-dən vətəndaşlara açıq olacağı da elan olundu.
Çox qısa zamanda görülən genişmiqyaslı işlərlə tanış olmaq məqsədilə Parka yollandıq. Deyə bilərik ki, açıq səma altında şanlı Zəfərimizin canlandırıldığı unikal Parkda tarix yatır. Hələ Parka çatmamış uzaqdan tribunalardan səslənən hərbi marşın sədaları insanda ötən ilin dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına qatılmış kimi qürur və fəxarət hissi yaşadır.
Parkın girişində Vətən müharibəsi zamanı baş verən hadisələrin xronoloji ardıcıllıqla qeyd olunduğu iri bir lövhə yerləşir. Burada sentyabrın 27-dən noyabrın 10-na qədər Azərbaycan Ordusunun əldə etdiyi uğurlarla yanaşı, eyni zamanda ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlər haqda məlumatlar da əks olunub.
Parkın meydanında isə Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya yer alıb.
Meydanın sağ tərəfində işğaldan azad olunmuş torpaqlara hamıdan əvvəl ayaq basmış Xüsusi Təyinatlı Qüvvələrin maketləri var.
Müharibənin miqyasını və qələbənin möhtəşəmliyini göstərən Park getdikcə insanların axınına uğrayır. Bura tək azərbaycanlıların yox, həmçinin paytaxtımızda yaşayan xarici vətəndaşların da maraq göstərdiyinə şahid oluruq. Xarici vətəndaşlar erməni tanklarının qarşında dayanıb əlləri ilə “V” işarəsi tutaraq onu çəkən dost-tanışlarına gülümsəyirlər...
Parkı ziyarət edənlər arasında ailə üzvlərini, dost-tanışlarını görüntülü yığıb onlarla bu qürur yerini virtual birgə gəzənlər də var. Bəziləri “erməni tankının qarşısında şəkil çəkdirmərəm” deyib gəzintisini sadəcə baxmaqla davam etdirir.
Parkda düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da nümayiş etdirilir. Deyərdim ki, ziyarətçilərin ən çox marağa səbəb olan guşə məhz buradır.
Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi sərgilənir. Ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və sair yer alır.
Vətən müharibəsinin hər bir anı Hərbi Qənimətlər Parkında səhnələşdirilib. Parkı gəzən hər kəs müharibədə düşmənin necə döyüşdüyünü, hansı şəraitdə yaşadığını aydın görə bilər.
Ermənilərin Qarabağda qurduğu sığınacaqların, hərbi kazarmaların eynisi olduğu kimi canlı eksponatların arasında yaradılıb. Gizli tunel bizi ermənilərin yerin altında gizləndiyi bunkerə aparır. Bunkerdə olan silah, yemək anbarı, yeməkxana, əsgər yataqxanası və komandir otağında olan əşyalar və silah ermənilərdən ələ keçirilən qənimətlərdir.
Otaqlarda olan kitablar, televizorlar, kibrit qutusu, siqaret, dəmir fincanlar, xəritə, müşahidə kameraları, içdikləri su, kisələrdə olan düyü, qarabaşa, un, hətta yerdəki daşlar belə, cəbhə xəttində necə ələ keçirilibsə, olduğu kimi də Hərbi Qənimətlər Parkında qurulub.
Müharibə dövründə Azərbaycan Ordusunun geri qaytardığı postlarda ermənilərin narkotik maddələrdən istifadəsi ilə bağlı faktlar da var idi. Parkda həmin faktların əyani şəkildə nümayiş olunduğunu görmək olar. Bu isə nizamsız Ermənistan ordusunun rəzilliyinin daha bir nümunəsidir.
Parkda nümayiş olunan hərbi texnikanın bir hissəsi saz, bir hissəsi vurulmuş, bir hissəsi də nasaz vəziyyətdədir. Öyrənirik ki, sərgilənən “T-72”, “BMP-1” və “BMP-2” tipli tanklar suyun 6 metr dərinliyində üzə bilən yeganə texnikadır. “T-72” müharibənin ana texnikası olaraq da bilinir.
Diqqətimizi ermənilərin “təcili tibbi yardım” maşını adı ilə istifadə etdiyi, əslində isə silah daşıdığı, Qubadlıda ələ keçirilən “UAZ-3962” markalı avtomobil çəkir.
Beynəlxalq hüquqa əsasən, müharibə vaxtı tibb maşınları və səhiyyə işçilərini vurmağa icazə yoxdur. Lakin müharibə dövrü Azərbaycanın Pilotsuz Uçuş Aparatları (PUA) müəyyən etmişdi ki, ermənilər bu nəqliyyat vasitəsindən silahların daşınması məqsədilə istifadə edirmiş.
Onlar əmindilər ki, Azərbaycan humanist bir ölkədir və təcili tibbi yardım maşınlarını vurmaz. Müharibə dövründə hiyləgər ermənilər hazırda texniki vəziyyəti saz olan bu təcili tibbi yardım maşınında yararlı əsgər əvəzinə, silahlar daşıyırmış.
Sərgidə kustar üsulla düzəldilmiş müxtəlif silah növlərinə də rast gəlinir. Bu hərbi avadanlıq hər hansı bir silahın və ya texnikanın qalıqlarından hazırlandığı üçün qeyri-qanuni hesab olunur və belə silahların istehsal tarixi, zavod nömrəsi yoxdur. Bu da ermənilərin necə terrorist bir millət olduğunu göstərir.
Parkda ermənilərin döyüş bölgəsində qoyub qaçdığı boş dəbilqələr üçün də xüsusi yer ayrılıb. Nümayiş olunduğu gündən cəmiyyətdə birmənalı qarşılanmayan erməni kaskalarından ibarət guşəni sözün əsil mənasında görməyə dəyər. İnsanların xüsusi marağına səbəb olan bu guşədə 480 kaska var.
Aldığımız məlumata görə, Qarabağdan götürlən kaskaların hamısı burda deyil.
Bir sözlə, təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Ərazidə gəzərkən tankların "sep"ləri arasına yığılıb qalan torpaq diqqətimi çəkir. İlahi, görəsən bu torpaq Qarabağdan gəlibmi? İrəliləyib ondan bir ovuc götürsəm... Tərəddüd içindəyəm. Kənardan nəzarətçinin “yaxına gedib hərbi qənimətlərə toxunmaq olmaz” deməsilə fikrimi dəyişirəm.
Yaxın zamanlarda Qarabağa getmək ümidilə başqa bir əraziyə gedirəm...
Parkda təkcə ermənilərdən qənimət kimi götürlən texnika nümayiş olunmur. Burada eyni zamanda, Vətən müharibəsində erməni vəhşiliyinin, hərbi və müharibə cinayətlərinin izləri də sərgilənib.
Bu məqsədlə müharibə vaxtı Ermənistan Silahlı Qüvvələrinin Bərdə, Tərtər, Horadiz, Ağdam, Gəncə, Beyləqan və digər yaşayış məntəqələrinə atdığı “Smerç”, “Toçka-U” tipli raketlərin qalıqları da burada öz yerini alır.
Adıçəkilən raketlərinin başlığı kasset bombalarla təchiz edilir ki, dağıntılar daha çox olsun. Bu, hərbi cinayət hesab olunur. Tarix ermənilərin bu cinayətkar addımlarını unutmayacaq...
Parkın qurulması zamanı istifadə olunan materiallar əsasən ələ keçirilmiş qənimətlərdən hazırlanıb. Parkdakı oturacaqlar ermənilərdən götürülən silah yeşiklərindən düzəldilib. Hətta Parkın gecə işıqlandırılması üçün quraşdırılan sistem də topun gilizlərdən hazırlanıb. Zibil qabları isə barıt qablarından ərsəyə gəlib.
Park ərazisində yaradılan Videozal bölməsindəki monitorlarda Prezident İlham Əliyevin qələbə tivittləri, Vətən müharibəsi ilə bağlı çıxışları və müharibə görüntüləri mütəmadi yayımlanır.
YAP-ın Gənclər Birliyinin üzvü Əkbər Cəlilov da Hərbi Qənimətlər Parkını ziyarət edənlər sırasındadır. O deyir ki, indiyədək ölkə tarixində yaradılmış parklar sırasında bu, öz fərqi ilə seçilir: “Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda göstərdiyi hərbi strategiyanın uğur nümunəsidir. Uzun illər həsrətində olduğumuz torpaqları erməni tapdağından azad etdik. Bu istiqamətdə Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatına imzaı atan Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Hərbi Qənimətlər Parkında ziyarətimiz zamanı düşmənin uzun illər ərzində özünün formalaşdırdığı, möhkəmləndirdiyi, gizlətdiyi, hərbi-strateji əməliyyatlarında istifadə etdiyi hərbi texnikaları ilə tanış oluruq. Sevindirici haldır ki, düşmənin bu illər ərzində qurduğu istehkamı, planı 44 gün ərində Azərbaycan Ordusu yerlə bir etdi. Bizə bu qüruru yaşadan, canından-qanından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinə bir daha şahid olur. Bu Qələbəni əldə etmək çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənmişdi, istehkamlar qurmuş, səngərlər, sığınacaqlar qazmışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu qəhrəmanlıq, peşəkarlıq göstərərək düşməni məğlub etdi.
Hərbi Qənimətlər Parkı dediklərimizi sübut edən tarixi sənəddir!