Bu gün cənab Prezident qədər işğaldan azad olunan zonalara səfər edən ikinci bir adam yoxdur. Cənab Prezident həm dövlət xadimi olaraq, həm bir vətəndaş olaraq vaxtaşırı işğaldan azad olunan zonalara səfər edir. Dövlət başçısının hər səfərində həmin ərazilərdə ya yeni bir tikilinin açılışını edir, ya yenisinin əsasını qoyur. Bu səfərlərdə həmçinin bundan sonra görüləcək işlər barədə cəmiyyətə bir anons verilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat hesab edir ki, Ağdam sıradan bir şəhər deyil: “Bu şəhər Azərbaycanın həmişə ən böyük sənaye, iqtisadi, mədəniyyət bölgələrindən biri olub. Ermənilər işğal etdikləri bütün əraziləri, o cümlədən Ağdamı viran ediblər. Bu gün Ağdamı faktiki olaraq yenidən qurmaq lazımdır. Cənab Prezidentin səfəri zamanı, gələcəkdə Ağdamın inkişafında rol oynayacaq bir neçə obyektin açılışı oldu. Eyni zamanda tarxi Ağdam şəhərinin bərpası cənab Prezidentin diqqətindədir”.
Millət vəkilinə görə, Ağdamda əsası qoyulan Sənaye Parkı sabah geri qayıdacaq ağdamlılar üçün iş yeridir: “Parkın salınması sabah ağdamlıların istirahəti üçün sevimli olacaq bir istirahət yeridir. Bərdə-Ağdam yolunun çəkilişi tək həmin bölgə deyil, bütün Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.
Aydın Mirzəzadənin fikrincə, Prezidentin Ağdama 28 may tarixində səfər etməsinin özü də diqqəti çəkən bir məqamdır: “Bu Respublika, Azərbaycanın müstəqillik qazandığı bir günə 103 il bundan əvvəl babalarımızın qurduğu və bizə şərəfli tarix yazıb qoyduğu irsə xalqımızın ilk növbədə cənab Prezidentin yüksək hörmətidir”.