29 Avqust 2022 13:32
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ, Rusiya, Türkiyə və İran bölgədə öz milli maraqlarına uyğun hərəkət edirlər, bu təbiidir, qeyri-təbii olan odur ki, biz kimin maraqlarına uyğun hərəkət etdiyimizi bilmirik”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Bölgədəki son gəlişmələrə toxunan ekspert prosesin Azərbaycanın xeyrinə cərəyan etdiyini iddia edib.

Danielyan Türkiyənin Cənubi Qafqazda, xüsusən də Azərbaycanda rolunun və mövqeyinin gücləndiyini, bunun da İranı ciddi şəkildə narahat etdiyini bildirib. Ekspert son gəlişmələr fonunda Rusiya və Türkiyənin anlaşma içində olduğunu söyləyib.

Erməni politoloq Rusiya və Türkiyə ilə yanaşı, Azərbaycanın ABŞ və İngiltərədən də dəstək aldığını bildirib:

“ABŞ və İngiltərəyə Mərkəzi Asiyaya daxil olmaq üçün güclü Azərbaycan lazımdır. Bu səbəbdən də onların nöqteyi-nəzərindən Qarabağ və Zəngəzur məsələləri (Zəngəzur dəhlizi) Azərbaycanın xeyrinə həll olunmalıdır.

Beynəlxalq ictimaiyyət deyəndə ki, Azərbaycanla Ermənistan arasında yekun və uzunmüddətli sülh bərqərar olmalıdır, onlar məhz bunu nəzərdə tuturlar. Böyük Britaniyanın Qarabağ müharibəsindəki rolunu və BMT Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə qətnaməsini əngəlləməsini, Trampın hərəkətsizliyini, İsrailin fəaliyyətini və Boltonun səfərini xatırlayaq”.

ATƏT-in Minsk qrupunun ziddiyyətli maraqların toqquşduğu vasitə olduğunu bildirən Danielyan hesab edir ki, indi heç kəs bu formatla maraqlanmır:

“Bu şəraitdə üzvləri bir-biri ilə müharibə vəziyyətində olan Minsk qrupu kimə lazımdır. İndi deyirlər ki, Minsk qrupu mövcud olduğu müddətdə Qarabağın statusu beynəlxalq ictimaiyyətin gündəmində olacaq. Bunlar boş fikirlərdir, belə məsələlər o şəkildə həll olunmur”.

Danielyan artıq Brüsselin vasitəçilik səylərinin Minsk qrupunun yerini tutduğunu və bu prosesin də Azərbaycanın lehinə olduğunu iddia edib: “Təsadüfi deyil ki, Brüsseldə Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər