25 Aprel 2023 15:42
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ heç vaxt anklav olmayıb. Ermənistan belə, Qarabağı öz anklavı hesab etmir”.

Bunu Teleqraf.com-a açıqlamasında İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov deyib.

O hesab edir ki, kimlərsə “anklav” və “eksklav” terminləri arasındakı fərqi anlamaqda terminoloji səhvə yol verir: “Anklav - bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasıdır. Eksklav - ölkəsinin əsas ərazisindən aralıda olan və bir və ya bir neçə dövlət tərəfindən əhatə olunan qeyri-suveren regiondur. Bu, təşəkkül tapmış termindir və bunu hər kəs bilir. Kimlərsə terminoloji səhvə yol verir.

Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş ərazi statusunda olub. Buna qədər də Azərbaycanın tərkibində Muxtar Vilayət olub. Azərbaycan SSR Ali Soveti tərəfindən Muxtar Vilayət statusu ləğv olunub, vəssalam”.

Sahib Məmmədov deyir ki, Ermənistan Qarabağı öz anklavı hesab edə bilər, amma onlar bunun mənasızlığını anlayırlar: “Ermənilər Qarabağa “müstəqil respublika” deyirlər. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” cümləsini işlətmişdi. Amma Dəmir Yumruq başına dəyəndən sonra bu cümlə onun burnundan gəldi. Qarabağ Azərbaycanın suveren ərazisidir.

30 il ərzində işğal altında torpaqlarımız olub, artıq bu ərazilər işğalçılardan tamamilə azad edilib. Qarabağın erməni mənşəli əhali yaşayan hissəsində de-fakto Azərbaycanın yurisdiksiyası tam bərpa olunmayıb. Bu da Rusiyanın məsuliyyət zonasıdır, müvəqqəti tədbirdir. Ölkə Prezidenti də deyib, onlar vətəndaşlıq qəbul etməlidirlər. Çünki üçtərəfli müqavilədə Azərbaycan vətəndaşlarının hər iki tərəfə gediş-gəlişinə və təhlükəsizliyinə təminat verib. Əcnəbilərin və vətəndaşlığı olmayan başqa şəxslərə bu təminat verilmir. Ona görə də əvvəl-axır onlar vətəndaşlıq qəbul etməlidir ki, istənilən istiqamətə - istər Ermənistana, istərsə də Azərbaycanın digər ərazilərinə təhlükəsiz gediş-gəliş təmin olunsun”.

Qeyd edək ki, bu günlərdə AXCP sədrinin müavini Nurəddin Məmmədli sosial şəbəkədə Qarabağı anklav adlandırıb, bu isə etirazlara və müzakirələrə səbəb olub. Nurəddin Məmmədlini həmfikirləri müdafiə edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər