16 Noyabr 2017 19:57
3 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiraətçi”də bu dəfə “Həzrəti İsanın Quranı”.

Teleqraf.com Elçin Aslangilin Türkiyədə çapa hazırlanan romanını giriş sözüylə hissə-hissə təqdim edir.

Elçin ayələri

“Biz ölmədən o dirilməlidir. Qəlblərimizi açaq cənnət bizə gəlsin...”

- Elə deyil...

- Nə elə deyil?

- Burda çox şey elə deyil...

- Tamam...

Elçin belə qarşılıq verir hər dəfə dediyim hər şeyə. Amma özlüyündə nə düşündüyünü, nəyi necə yerbəyer etdiyi ancaq özünə və Tanrıya məlumdur. Üstəlik Tanrıyla əlləşir və mən bilmirəm “O”-nun münasibəti nədir bütün bu dəliliklərə...

- Tanrı “Elə deyil...” deməzmi, Elçin?..

“Mən “O”nu sevirəm, “O”ndan qorxmuram...”

Qorxmur, mən şahidəm ki, qorxmur. Sevir, mən şahidəm ki, sevir. Sevir və güvənir, İsanı Məhəmmədə, Məkkəni Yerusəlimə aparır, Şərqi Qərbə, keçmişi gələcəyə. Qadini Kişiyə, İnsanı Tanrıya... Ehtirası ibadətə, Şeytanı...

Bəs Şeytan, Şeytan, bəs Şeytan, Elçin?..

...Üç il əvvəldi.

Yenə zaman, uzanan, qısalan, yığılan-açılan zaman. Zamanın nə əhəmiyyəti var ki, elə bu andır, “İSANIN QURANI” gəlib, gözümü zilləmişəm ilk sətirlərə... Elçin orda nəsə deyir, amma...

- Elçin, kənara dur, sus, görmürsən qarşımda mətn var?

Mətn...

Mətn nədir?

- Sən neyləmisən belə?

- ...

Elçinin cavabını unutmuşam. Düzünü deyim ki, mən elə bu mətni də neçə dəfə elə mətnin içində unutmuşam. Hadisələri (hadisəzliyi) unutmuşam... Ayələr gəlib-gedib, surələr silinib yazılıb, dəlilər ağıllanıb, ağıllılar dəlilənib, “O” oradadır...

Elçin səbrdə heç “O”ndan geri qalmırmış... İstəyəndə...

Müəllifi unudub oxumuşam, müəllifi xatırlayıb unutmuşam... Elçini görüb oxumuşam, axtarıb oxumuşam “İSANIN QURANI”-nı...

Elçin edər, Elçin nə desəniz edər, özündən keçər, dünyadan keçər, kitabdan keçər - yazar bunu...

Yazıb da...

Yazıb yazmasına da, kimsə oxumayıb. Oxumayıb, ya oxuyammayıb? Bir gün üzünə çıxmağımı oldu, bir gecə qaranlığında şam kimi uzaqdan görünməyi var elə, ha gedirik, çatammırıq...

Elçin də mətnini şam kimi getdiyi yerə daşıyır... Elçin gedir, zaman gedir, roman gedir...

Deyirlər, indi də yerləşdiyi (itdiyi) uzaq məmləkətdə bir şamdan tapacaq, məbədinin divarında asacaq, oturacaq qarşısında... Kölgəsi arxasındakı qapıya düşəcək, bağlı qapıya... Biz kölgədən o üzdə qalacağıq, kölgəyə qarışmaq varkən. Döyəcəyik, açmayacaq, çağıracağıq hay verməyəcək Elçin. O belədir, gözləyəcək, gələn gəlsin, gedən getsin, ona nə? Sonra bizə qarışmayacaq, kölgəsində də dayana bilərik, yanında da...

- Elçin, şamı götürə bilərəmmi?

- Götür...

- Qaranlıqda qalacaqsan.

- Tamam...

Elçin bilir ki, qaranlıqda qalmayacaq...

Son çağların ən qəliz romanını ən adi sözlərlə təqdim etdi: Hədiyyə Şəfaqət

***

Elçin Aslangil

HZ İSANIN QURANI

MÜHAKİMƏ surəsi

Biz ölmədən o dirilməlidir. Qəlblərimizi açaq (“Qəlblərinizi açın cənnət sizə gəlsin” Hz İsa.) cənnət bizə gəlsin...

Ayə (M). Varlığın sirlərini dərk etməyin ən mühüm yolu yaradıcılıq deyilən fövqəladə anlayışın fəhm edilməsindən keçir. Yaradıcılıq elə ağrılı, elə dəhşətli enerji tələb edən prosesdir ki, bu məqamda, xüsusən yaradıcılığın estatik halında yaradan itirdiyi enerjinin təsirindən ölə bilər. Doğuş zamanı ölən qadınlar kimi.

Məncə, həyat və var olan hər şeyin mövcudluğu ölümə doğru irəliləmək üçün varlıq formasına bürünən psixi obrazlar aləmini görüntüləyir. Karl Yunqun əsil reallıq olan surrealizmi kimi. Görünür bu ölüm nəsə qəribə bir şeydir. Belə olmasaydı bu yola ilk qədəm qoyan müqəddəs və fədakar şəhidimiz Allah olmazdı.

Ayə (H). Onun ölümü ilə varlıq həyat qazandı və həyat da ölümə doğru gedərək əslinə qayıdır, Allahlaşır. “O” niyə öldü?

Allah var olan hər şeyi yaradarkən elə böyük enerji sərf etdi ki, yenidən əvvəlki forması ilə var olmağa bir daha qadir olmadı və Allah öldü.Bu hər dəfə mənə doğuş zamanı ölən qadını xatırladır. Görünür, bütün müqəddəslərin ananı ilahiləşdirməsi hissi burdan gəlir. Hətta Rumi qadını vəsf edərkən “O sanki yaradılan yox, yaradandır”- deyirdi. Allah bu yaradıcılıq anında öldü və ruhu bütün varlığa səpələnərək sonda yaratdığı ən möhtəşəm əsəri, insanda sığınacaq tapdı. O zamandan da özünü dərk edən hər kəs – “Mənəm Allah, Mənəm Allah” – deyib hayqırmağa başladı. Mənsur Həllac, Eynəlqüzzat, Nəimi, Nəsimi kimi. Əslində Nəsimilərin hayqırışı dirilməyə can atan, tanınmaq istəyən Allahın öz səsidir. Bəlkə də elə buna görə bilginlər varlığın əsasında səsin durduğu fikrini irəli sürüblər. Müqəddəs ölümdən (gedişdən) əvvəl Allah demişdi: “Mən bir gizli xəzinə idim, tanınmaq istədim tanındım”. Heç kimin dərindən fikir vermədiyi “xəzinə idim” ifadəsi keçmişə aiddir. O bizə görə öldü. Biz də onu ona görə diriltməliyik.

Ayə (V). İndi daha yaxşı başa düşürəm, qədim misirlilərin “Allahlar insanlarda ölüblər. Onları diriltmək müdriklərin işidir” deyimini. Allahın birinci ölümü bəşər üçün o qədər də böyük problem olmadı. Ən böyük faciə onun içimizdə dirilməyə can atan, cahilliyimizdən yaranan ikinci ölümü oldu. Beləliklə Allahın içimizdəki ölümündən yaranan böyük qüdrətə sahib bir qüvvə, İblis yarandı. Fikrimcə İblis Allahın başqa formasıdır. İçimizdə ölən Allahdan güc alan İblis varlığın bütün nəzarətini əlinə aldı. Bu qaranlıq şahının gücü kainatdakı işığını itirmiş qara dəliklərə bənzəyir. Yanından keçən hər şeyi özünə çəkən cazibədar qara dəliklərə İblis çox oxşayır. Xeyirin bu günə qədər şərə qalib gəlməməsinin səbəbi içimizə ölü olaraq girən Allahdan, canlı olaraq çıxan İblisin üstünlüyüdür.

Ayə (Z). Bəşər tarixində Allahı diriltmək fikrinə düşən ilk əzabkeş şəxs Zərdüşt oldu. Yolu da çox sadə idi. Hamı yaxşı fikir, yaxşı əməl, yaxşı söz tiriadasına əməl etsə Allah diriləcək.

İsanın ölüləri diriltməsi zənnimcə fiziki yox, mənəvi diriltmə kimi başa düşülməlidir. Bu diriltmə sənətinin böyüklüyü və çətinliyi yaradıcılığın çətinliyindən, ağrılı bir proses olmasından irəli gəlir. Fəlsəfənin kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununda olduğu kimi.

Böyük sufi filosofu Bistami nə üçün Allaha şükr əvəzinə “mənə şükr” deyirdi? Bu həqiqətləri anlatmaq üçün analoq və misal yolu olmadan nəsə demək bəzən mümkünsüz olur. Elə Allah, İblis, İnsan, analoq və misalla ifadəetmənin psixi obrazlarıdır. Varlıq elə bir bütövdür ki, o yalnız şüurda hissələrə bölünür, bunun da əsil gerçəkliklə heç bir əlaqəsi yoxdur. Kvant fiziklərinin dediyi kimi: “Varlıq sadəcə bir enerji titrəşimidir. Hər şey bir şeydir.” Bu bir növ Ruminin gizəminə bənzəyir. Rumi deyirdi: “Musa və Firon, Məhəmmədlə Əbu Cəhl əvvəldə bir varlıq idilər. Elə ki bu görüntü aləminə düşdülər, bir- biri ilə vuruşdular. Öləndən sonra yenə əsillərinə qayıdaraq vahid- vücut oldular.” Fəlsəfənin inkarın inkarı qanunu elə bu deməkdir deyilmi?...

Allahın ölüm tarixini qədim şamanlar hamıdan öncə fəhm ediblər. Belə olmasaydı onların dünya görüşünün əsasını belə bir ideya təşkil etməzdi- “Tanrı dünyanı yaradandan sonra onun işlərinə qarışmaz oldu”. Bu işə qarışmazlıq əslində Tanrının ölümünün kodudur. Fəlsəfədəki deizim təlimində olduğu kimi. Bu işə qarışmazlıq bizim onu öldürməyimizə işarədir. Nitşe sonralarda deyəcəkdi : “Allah öldü, onu biz öldürdük!”

Nə etməliyik?

Mən nə edəcəyimi qəlbimdəki Allahın səsinə qulaq verməklə lap çoxdan bilirəm. Qəlbimdəki Allah tez- tez deyir: “Məndən qorxmayın. Qorxu ən böyük ölüm zəhəridir. Diriliş, yaşam sevgidədir. Sevin məni, sevin məni...” Elə buna görə də “O”- nu sevirəm, qorxmuram.

Həzrəti Müəllif

LA - HA surəsi

- Bu necə oldu?

- Bilmirəm.

- Burda yazılıb ki, siz şəxsi avtomobilinizlə işıqforun qırmızı işığına məhəl qoymadan, yüksək sürətlə hərəkət edərək dörd yaşlı qızcığazı əzib keçmisiniz.

- Bu doğru deyil!

- Və sonra, avtomobili saxlayaraq, uşağı xəstəxanaya çatdırmısınız. İzahatınızda uşağın anasının da sizinlə birlikdə, xəstəxanaya getdiyini qeyd etmisiniz.

- Xeyir, mən bunu qəsdən etmədim! Bəli, uşağın anası da mənimlə birgə xəstəxanaya getdi. O, çox sakit və təmkinliydi, heç ağlamırdı da...

- Siz nə dediyinizin fərqindəsinizmi?

- Necə bəyəm?

- Uşağın yanında heç bir qadın olmayıb. Ümumiyyətlə uşaq anasını hələ doğulduğu zaman itirib.

- Bu necə ola bilər?

- Elə mən də bunu aydınlaşdırmaq istəyirəm.

- Mən o qadını gördüm.

- Əlbəttə, siz avtomobili sərxoş vəziyyətdə idarə etmisiniz.

- Mən elə də çox içməmişdim.

- Bəs siz, o qadınla, yəni sizin dilinizlə desək, uşağın anası ilə nəsə danışdınız? O, sizə nəsə deyib? Və yaxud da siz ona?

- Hə, o mənə bir neçə kəlimə dedi.

- O sizə nə dedi?

- “Həqiqəti açıqca görməyəcək qədər koruq. Bir şey olduğu və durduğu yerdə deyil. Bir şey olmadığı və heç bir zaman da olmayacağı yerdə yalnız görüntüdür. İnsanlar bu sehrlə yuxunun içində yuxu görürlər...”

157- 158 surəsi

1943- cü il.

Alman zabiti A.C- nin gündəliyindəki qeydlərdən.

- 1-ci ay, 5-ci gün, səhər saat 7 tamamdan etibarən əsir düşmüş yəhudi əsilli rus zabiti susqunluğunu pozdu.

- Mənim bildiyim yalnız və yalnız İsanın Allah olmamasıdır.

- Sən, biz dəliyik?

- And olsun bir olan Allaha ki, İsa çarmıxa çəkilməyib, Yahuda günahsızdır.

- Əzizim A.C, görünür qonağımıza bu bir neçə gündə göstərdiyimiz qayğı öz nəticəsini verməkdədir. - Onun kinayəsi aydınca sezilirdi. Eyni intonasiya ilə də əlavə etdi:

- Əclaf, mən səni öldürsəm arvadın kişisiz qalıb, özünü... Bəlkə danışasan?! Danış!

Əsirin gözləri partlamış qaşından süzülən qanın altında taqətdən düşüb dərinliyə çökmüşdü. Soyuq, alaqaranlıq otağın küncünə qısılaraq dizlərini qucaqlayıb oturmuş qırmızı donlu, qırmızı çəkməli saçında kəpənəkli rəngarəng sancaqlar olan qızcığaz kədərli bir şəkildə ona baxırdı. Yahudi əsilli rus zabiti gözlərini qıyaraq qızcığaza baxıb azacıq gülümsündü. Sonra o, sevgi dolu baxışlarla ətrafa nəzər saldı.

- Sən gülürsən?! Sən gülürsən alçaq? Əclaf, murdar ... Küçük, sən mənə gülürsən?! Sən bizi ələ salırsan?!

E.M. dəliyə dönmüşdü. Mən onu sakitləşdirmək istəyirdim. O isə mənə əhəmiyyət vermədən sol əli ilə əsirin hulqumundan yapışmışdı. Gözünü qan örtmüş öküz kimi fınxıra- fınxıra onu boğurdu. Heç bir müqavimət göstərməyən əsir isə xırıltılı səslə deyirdi :

- O zaman Allah belə buyuracaq, “Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin - Allahla yanaşı, məni və anamı da özünüzə Tanrı bilin!”

- Burax onu, E. M. eşidirsən?! O nəsə deyir, ondan əl çək, özünü ələ al!

E.M mənə əhəmiyyət vermədən təkrar edirdi:

- Bu əclaf ölməlidir! O, bizi gic hesab edir?!

Sanki sayıqlayırdı...

(ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər