Teleqraf.com xəbər verir ki, açılış mərasimində ziyalılar, deputatlar, universitet direktorları, prorektorlar, akademiklər, tanınmış alimlər, eyni zamanda aktyorlar, şou- biznes nümayəndələri iştirak edib.
Layihənin təşəbbüskarı, ideya müəllifi Sabir Həsənov bildirib ki, mərkəz “Azərkitab”ın mənəvi varisidir: “Sovet dönəmində “Azərkitab” adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə “Azərkitab”ın fəaliyyətinə son qoyuldu. 20 illik fasilədən sonra “Azərkitab” yenidən fəaliyyətə başladı”.
Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov belə bir mərkəzin fəaliyyətə başlaması Azərbaycan mədəniyyətinin inkişafında yeni bir başlanğıcı qoyacağını deyib: “Ümid edirəm ki, “Azərkitab” mərkəzi fəaliyyətini daha da genişləndirəcək, müxtəlif bölgələrimizdə şöbələrini, filiallarını yaradacaq”.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı rayon kitabxanalarının yoxluğundan danışıb: “200 min əhalisi olan bir rayonun bircə dənə kitabxanası yoxdur. Bu, bizim ağrılı yerimizdir. Biz kitaba dönməliyik”.
Yazıçı Çingiz Abdullayev kitab mərkəzinin açılmasını sevindirici hal kimi qiymətləndirsə də təəssüf hissi ilə bildirib ki, kitabxanalar bağlanır və onların yerinə restoranlar, şadlıq sarayları açılır.
Çıxışlardan sonra Çingiz Abdullayev qırmızı lenti kəsərək, mərkəzi açıq elan edib.
Pərvin