17 May 2017 15:02
3 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən gün “Şərəf” ordeni ilə təltif olunan xalq artisti, tanınmış rəqqasə, Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri Afaq Məlikova ilə müsahibəni təqdim edir:

- Afaq xanım, sizi “Şərəf” ordeninə layiq görülməniz münasibəti ilə təbrik edirik. Gözləyirdinizmi?

- Doğrusu, gözləmirdim. 1975-ci ildə əməkdar, 1978-ci ildə isə xalq artisti adına, ardınca “Şöhrət” ordeninə layiq görülmüşəm. Dünən cənab prezident məni bu ordenə layiq gördü. Bu, mənim üçün çox böyük xoşbəxtlik, sevincdir. Deməli, zəhmətim hədər getməyib.

1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıram. Həyatımın 54 ilini incəsənətə həsr etmişəm. Çox sevincliyəm. Bu sevinci ifadə etməyə söz tapmıram.

- Xəbəri kimdən aldınız?

- Evdə idim, zəng vurub dedilər ki, prezident səni ordenlə təltif edib. Əvvəlcə inanmadım, bir anlıq şok yaşadım. Sonra qızım xəbəri dəqiqləşdirdi. Ardınca telefon zənglərinin ardı-arası kəsilmədi, hamı təbrik edir, xoş diləklərini bildirir. Səhər saat 8-dən indiyə kimi zənglər davam edir.

Dünyanın heç bir ölkəsində incəsənətə belə qayğı yoxdur. Bu, hər bir yaradıcı adam üçün böyük stimuldur.

Bilirsiniz, Dövlət Rəqs Ansamblı dünyanın əksər ölkələrində çıxış edib, rəqsləri hər kəs tərəfindən alqışlarla qarşılanıb. Rəqs, balet çox çətin sənətdir. Hər gün uşaqlar 6-7 saat dayanmadan çalışırlar. Axşam konsert veririk, aylarla qastrollarımız olur. Bir rəqqasənin, rəqqasın rəqs ömrü 20 ildir. 36 yaşında onlar təqaüdə çıxırlar. Çünki bədən artıq fikizi ağırlığı qaldıra bilmir. Ona görə ölkə rəhbərliyi tərəfindən göstərilən qayğı, diqqət çox önəmlidir.

-Bu 54 ildə peşmanlığınız olubmu?

-Olmayıb. Məndən soruşsaydılar ki, yenidən dünyaya gəlib rəqslə məşğul olardınızmı, deyərdim, bəli, yenə rəqqasə olardım. Bu sənət çox gözəl, incə sənətdir.

-İllərini bu sənətə verən bir insan kimi Azərbaycan rəqsinin bu gün və sabahını necə görürsünüz?

-Parlaq. Baxın, 40 ildən çoxdur ki, mən Rəqs Ansamblında çalışıram. Ansamblımız bu gün uğurla fəaliyyət göstərir, Azərbaycan rəqslərinin qayğısına qalır, yeni quruluşlarla tamaşaçıların önünə çıxırıq, sənətimizi layiqincə təmsil edib, gələcək nəsillərə ötürürük.

Bu gün mən, sabah başqaları ansambla rəhbərlik edəcək. Hər birimizin öz yerimiz var və gördüyümüz işlər göz qabağındadır. Hamımız Azərbaycan rəqs sənətini qoruyub saxlamaq, gənc nəslə ötürmək və inkişafına nail olmağa çalışırıq. Bu illər ərzində 40-dan çox rəqsə quruluş vermişəm, o rəqslər mən olsam da, olmasam da yenə ifa olunacaq. O qədər tələbə yetişdirmişəm ki... Onların hər biri ilə fəxr edirəm. Aralarında əməkdar, xalq artisti fəxri adlarını alanlar var. Sevinirəm ki, onlar səhnədən getsələr də gəncləri yetişdirirlər. Bizdə yaxşı və güclü məktəb var.

-Övladlarınızdan, nəvələrinizdə sənətinizi davam etdirən varmı?

-İki övladım, dörd nəvəm, iki nəticəm var. Nə övladlarımın, nə nəvələrimin bu sənətə həvəsləri olub, bəlkə nəticələrdən biri davam etdirər... Hamısı təhsil aldı, başqa sahələri seçdilər.

Rəqslə məşğul olmaq üçün gərək güclü istək olsun. Mən rəqsi çox sevmişəm. Atam Süleyman Tağızadə Akademik Milli Dram teatrında çalışırdı, əməkdar artist idi. O, mənim xoreoqrafiya məktəbində təhsil almağıma qadağa qoymuşdu. Rəqs etməyimi istəmirdi. Deyirdi, çox arıqsan, həmişə çəkişmələrin içində olacaqsan, əziyyət çəkməyini istəmirəm. Mənsə evdə özümü öldürürdüm ki, yox, mən rəqslə məşğul olacam. Mən hətta balerina olmaq istəyirdim. Amma balerina olmadım, həyatımı milli rəqsə həsr etdim.

Deməyim odur ki, gərək bu sənəti sevəsən. Sevgi olmasa nəyisə məcbur etmək olmaz. Övladlarımın, nəvələrimin heç birində mən bu sevgini görmədiyim üçün onları məcbur etmədim.

Nəticələrim 4 yaşındadırlar, hazırda həftədə üç dəfə gimnastika ilə məşğul olurlar. Çünki uşaqlar 6 yaşından rəqslə, idmanla məşğul olmalıdırlar. Ən azı 5-6 il... İndi çox uşaqlarda ayaqların əyriliyi, bel əyriliyi gözə çarpır. Səbəbi uşaq yaşlarından idman və rəqslə məşğul olmamalarıdır.

Nərmin Muradova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər